V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır
Ənənəvi — V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır və avqustun 6-dək davam edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən adlı-sanlı musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər — Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və «Yeni Rusiya» simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Mixail Qutman və başqalarının gəlişi gözlənilir.
Festival konsertlərində Ü.Hacıbəyli adına Dövlət Simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, gənc solistlər, muğam ifaçıları və b. cıxış edəcəklər.