Qazaxıstanın qərb vilayətləri ilə iqtisadi əməkdaşlıq gündəmə gəlib
İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət heyəti Azərbaycanla Qazaxıstan arasında, o cümlədən bu ölkənin qərb vilayətləri ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, burada Azərbaycana məxsus logistik mərkəzlərin yaradılması, iş adamları arasında işgüzar əlaqələrin təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədilə Aktau şəhərində səfərdə olub.
Orada Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev ilə Mustafayev arasında görüş keçirilib. Görüşdə əməkdaşlığın genişləndirilmə persrektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlərin yaradılması məsələləri müzakirə edilib.
Sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı iştirak ediblər.
Mustafayev bəyan edib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, 20-dən çoxu iqtisadi sahəyə aid olmaqla ümumilikdə 90-dan çox sənəd imzalanıb, hökumətlərarası komissiyanın indiyədək 9 iclası keçirilib və s.
Rəqəmlərə görə, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 37 Qazaxıstan şirkəti uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitallı 46 müəssisə qeydiyyatdan keçib.
Forum çərçivəsində Azpromo ilə Mangistau Akimliyi arasında «Qarşılıqlı əməkdaşlıq haqqında» Memorandum imzalanıb.
Səfər çərçivəsində nazir Ş.Mustafayev A.Aiderbayev ilə də görüşüb. Görüşdə Azərbaycanla Qazaxıstan regionları arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər, logistik mərkəzlərin yaradılması imkanları müzakirə edilib.
Qazaxıstana səfər zamanı Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanının və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti ilə tanış olub.