Muəllif:

Qaz məsələsi

Ankara

Azərbaycanda hər kəsin başı Türkiyədəki «qaza» qarışdığı günlərdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev «humanist» bir bəyanatla Azərbaycanın Ermənistana qaz verə biləcəyini söylədi. Öncə şərtsiz-filansız — «Ermənistan istəsə, qaz verə bilərik» dedi. İqtidar təmsilçiləri «Bu, diplomatik açıqlamadır», «Verə bilərik deyib, veririk deməyib» kimi komik izahatların arxasına sığındılar.
Bu açıqlamadan iki-üç gün sonra ARDNŞ izahat xarakterli bəyanat yaydı. Sən demə, camaat səhv başa düşübmüş, əslində «Ermənistan işğal etdiyi torpaqlarla bağlı mövqeyini dəyişərsə, münaqişənin dinc yolla, danışıqlar yoluyla və ən əsası, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olarsa, həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələrinə cəlb edilə bilər»miş. Və «yuxarıda qeyd edilən şərtlər daxilində Ermənistan Azərbaycan qazı üçün müraciət edərsə, bu məsələyə də baxıla bilər»miş. Bəs «humanizm»? ARDNŞ prezidenti bir neçə gün əvvəl verdiyi açıqlamada hər hansi şərt-filan irəli sürməmiş, «Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq» demişdi. İki gün sonra nə dəyişdi, niyə dəyişdi? «Humanizmin» yerini niyə «olarsa, edərsə, dəyişərsə» kimi şərtlər aldı?
Dağlıq Qarabağ probleminin Azərbaycanda və Ermənistanda iqtidarda olan siyasi qüvvələrlə Qərb və Rusiya arasında bazarlıq predmeti olması yeni məsələ, yeni mövzu deyil. Qaz məsələsinin də bu il Azərbaycanda keçiriləcək seçkinin bazarlıq predmetlərindən biri olduğunu söyləsək, zənnimcə, rəngləri çox tündləşdirməmiş olarıq. Seçkiyə cəmi 5 ay qalmış Azərbaycan rəsmisinin düşmən ölkəyə qaz vermək ehtimalından söz açmasının başqa izahı görünmür. Sonrakı izahat (ARDNŞ-nin bəyanatı) isə cəmiyyətdəki mümkün narahatlıqları və narazılıqları yatırmaq üçündür. Açıqlamanın siyasi hakimiyyət (Prezident Administrasiyası, XİN) tərəfindən deyil, Neft Şirkəti və onun prezidenti tərəfindən verilməsi də gələcəkdə vəd verilən tərəfin (Qərb) və bu bazarlığa etiraz edə biləcək tərəfin (cəmiyyət) təpkisi qarşısında sığortalana bilmək üçün açıq qapı buraxma cəhdi kimi dəyərləndirilə bilər. Yəni Rövnəq Abdullayevin bu açıqlamasının gələcəkdə narazı qalacaq tərəflərə «özfəaliyyət» kimi təqdim olunması da mümkündür. Bundan əvvəlki seçkilərdə predmet Dağlıq Qarabağın statusu məsələsiydi. Azərbaycan hakimiyyəti Madrid prinsiplərini qəbul edərək Qərbin və Rusiyanın Dağlıq Qarabağın statusunun referendumla müəyyənləşməsi (yəni Dağlıq Qarabağın de-fakto Azərbaycandan qoparılması!) tələbini yerinə yetirmək vədi vermişdi. Bakı Madrid prinsipləri əsasında bir çərçivə sazişinin imzalanmasını qəbul etmişdi və cəmiyyətin Dağlıq Qarabağda referendum fikrinə hazırlanması üçün çox açıq şəkildə iş aparılırdı. Türkiyənin də daxil olduğu proses Azərbaycan hakimiyyətinin «oyunu pozması» ilə nəticələndi. «Qurban» isə Türkiyə oldu. Bakı və Ankara prosesin ən başından etibarən Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi qarşılığında kommunikasiyaların bərpası və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesində birlikdə hərəkət etsə də, Azərbaycan hakimiyyəti yolun yarısında «mənim heç nədən xəbərim yoxdur» deyərək bütün narazılıqları və etirazları Türkiyəyə yönəltdi və mövzunu dəyişməyi bacardı. Bundan başqa, növbəti seçki üçün bazarlıq imkanını daraltdı: Qərbi qəzəbləndirdi, Türkiyəni özündən incik saldı, uzaqlaşdırdı. Geriyə bir Rusiya qalırdı, iqtidarın öz təbiriylə desək, «balanslı» xarici siyasət sayəsində son dövrlərdə Rusiya ilə münasibətlərdə də soyuq küləklər əsir. Azərbaycan hakimiyyəti xarici siyasətinin düsturuna çevirdiyi «vəd verib aldatma» kursu nəticəsində yalnız ölkəni müttəfiqsiz, tərəfdaşsız qoymayıb, həm də özü üçün riskli vəziyyət yaratdı.
Görünən odu ki, əvvəlki illərdən fərqli olaraq artıq seçki kimi ciddi məsələdə də Azərbaycan iqtidarının Qərbdən birmənalı dəstəyi yoxdur. Seçki öncəsi düşmənə yönəlik o «humanist» jest də məhz bunun — hakimiyyətin düşdüyü çətin vəziyyətin açıq ifadəsidir.
İllər öncə İlham Əliyevdən demokratik islahatlar istəmiş və həm bunun, həm də energetika və təhlükəsizlik sferalarında sərfəli əməkdaşlıq vədinin qarşılığında ötən iki prezident seçkisindəki qeyri-şəffaflığa göz yummuş Qərb sonrakı illərdə ciddi xəyal qırıqlığı yaşamalı oldu — Azərbaycan hakimiyyəti həm islahatların, həm də əməkdaşlığın özünə sərfəli variantlarını seçdi. İlham Əliyevin bu dəfə də belə davranmaq, yəni vəd verib yerinə yetirməmək lüksü varmı? Son illərdə Qərb mətbuatında şəxsən ona qarşı yönəlmiş əks-təbliğat kampaniyalarını xatırlasaq, o ehtimalı da nəzərə almalıyıq ki, aldadılmaqla bağlı növbəti xəyal qırıqlığı Amerika və Avropada Azərbaycan hakimiyyətinə qarşı olan antipatiyanı kritik həddə çatdıra bilər. Odur ki, prezident seçkisində Qərbin dəstəyini qazanmaq naminə hər hansı vədi verməzdən əvvəl yaxşıca düşünmək lazımdır.
Hərçənd bir variant da var — sonrakı illərdə hakimiyyət bu qaz məsələsini ermənilərin şərti olaraq göstərə bilər, yəni Rövnəq Abdullayev və qeyriləri çıxıb deyə bilərlər ki, Ermənistanın güzəştə getməsi üçün ona qaz verməliyik. Cəmiyyətin bu varianta da münasibəti birmənalı şəkildə mənfi olarmı? Bu suala birmənalı cavab vermək çətindi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 282