Muəllif:

Qaynar yanvara sözardı

Yanvar ayı Azərbaycanda son illərdə qarşılaşmadığımız (və gözləmədiyimiz) ictimai-siyasi fəallıqla yadda qaldı.
Müsavat Partiyasının seçki startı;
gənclərin əsgər ölümlərinə və ordudakı eybəcərliklərə etiraz aksiyası;
«dubinka» cəzalarına iqtidarın bir də yüksək pul cərimələri əlavə etməsi;
son illərin ən uğurlu və ən orijinal aksiyalarından olan «5 qəpik» kampaniyası;
prezidentliyə namizəd İsa Qəmbərin Lənkəran səfərinin qarşısının bir dəfə hücumla, o biri dəfə inzibati maneələrlə əngəllənməsi;
Rüstəm İbrahimbəyovun timsalında fəal ziyalılara ünvanlanmış hücumlar;
İsmayıllı «üsyanı»;
Bakıda İsmayıllıya dəstək aksiyası və yeni həbslər, cərimələr…
Elə bu ərəfələrdə başlamış «torba» əməliyyatlarının üstünə bir də Müsavat başqanının müavini Tofiq Yaqublunun və prezident seçkilərinə qatılacağını bəyan etmiş digər siyasətçi, REAL hərəkatının təsisçisi İlqar Məmmədovun həbs olunmasını da gəlsək, uzun bir siyahı alınır. Xalqı müti, müxalifəti bacarıqsız hesab edilən ölkə üçün kifayət qədər dinamik və sanballı bir siyahıdı. Sosial partlayış həddində aksiyalara hazır və həvəsli olduğunu göstərsə də, kütlənin sonrakı davranışlarını proqnozlaşdırmaq kifayət qədər çətindi. Digər faktorlara gəlincə:
— Yanvar ayında baş verənlər ya sadəlövhlükdən, ya ifrat nikbinlikdən, ya da siyasi (ticari də deyə bilərsiniz) maraqlardan irəli gələn islahat gözləntilərinin nə qədər mənasız olduğunu bir daha ortaya qoydu. Azərbaycan iqtidarı rüşvətxorluğa görə ən kiçik məmurunu belə cəzalandırmamaqla, Avropa Şurasına kürü demarşlarıyla, siyasi rəqiblərinə qarşı yeni repressiya və cərimələrlə, müxalifətə qarşı ittihamların absurdluq dərəcəsini yüksəldib cəza dairəsini genişləndirməklə seçki ilinin ilk və son mesajını verdi — qarşımıza çıxanların heç birinə aman yoxdu!
— 2013-ün başlanğıcındakı proseslər göstərdi ki, ölkədəki ictimai-siyasi-sosial narazılığın yeni «meyvələri» olan gənc fəalların bəzən «köhnəlmiş, yaşlı», bəzən də «güruh» eyhamıyla «klassik» adlandırdıqları, bütün uğursuzluqların məsuliyyətini yüklədiyi müxalifət qüvvələri yenə də etiraz hərəkatının lokomotivi, nüvəsi, müəyyənedici amilidir. Məlum oldu ki: 1) kütləvi aksiyalarda iştirak edənlərin, həbs edilənlərin və cərimələnənlərin çoxu yenə ənənəvi müxalifət təmsilçiləridir;
2) iqtidar yenə bu qüvvəni prosesin nüvəsi olaraq görür və hədəfində yenə məhz bu qüvvədir;
3) bəzilərinin üçüncü qüvvə kimi nişan verdiyi «Qərb təhsilli gənclər» hakimiyyətdən çox, ənənəvi müxalifətə qarşı müxalifətçilik etmək həvəsindədir və mövcud siyasi kombinasiya seçki ilində (və ümumiyyətlə, yaxın perspektivdə) dəyişməyəcək, yəni «üçüncü qüvvə» barədə deyilənlər illüziyadan başqa bir şey deyil. Görünən odur ki, partiyalı müxalifətçiliyə «güruh» möhürü vurub «mən onlardan deyiləm» mesajı verməklə; müxalifət liderlərinə ittiham xarakterli suallar ünvanlamaqla; düşüncə, ifadə azadlığı və tənqid haqqını yalnız öz tərəfdaşları üçün məqbul sayıb digərlərinə bu haqqı tanımamaqla indiki qüvvələr nisbətini öz xeyrinə dəyişmək və «yeni qüvvə» statusu qazanmaq mümkün olmayacaq.
Təbii ki, mən tənqidin (və hətta təftişin də) əleyhinə deyiləm. Dediyim odu ki, yeri gəldi-gəlmədi ortaya atılan, birləşmədən çox parçalanmaya gətirib çıxaran «vahid namizəd» müzakirələrini, «bizim toplantımız» «sizin mitinqiniz» yanaşmalarını, sosial şəbəkələrdəki «kim kimi» yarışlarını və digər bu tip çəkişmələri tənqid etmək indiki vəziyyəti müsbətə doğru dəyişmək baxımından daha səmərəli olardı. Hərçənd, ədalət naminə onu da qeyd etmək lazımdır ki, ənənəvi müxalifətin fəaliyyətindəki «açıqlar» böyük hesabla avtoritar idarəçiliyin və seçkisizliyin fəsadlarıdır. Və əslində «kimin atası (lideri) güclüdü» tipli mənasız mübahisələrə son qoymaq üçün bir azad seçki kifayətdi…
— Seçki ilinin ilk ayındakı proseslər beynəlxalq birliyin Azərbaycan hadisələrinə münasibətində köklü dəyişikliklər olmadığını göstərdi. Aydın oldu ki, demokratiya avtoritetləri ölkəmizlə bağlı hələ də yeni strateji qərar qəbul etməyiblər. Elə təkcə son illərdə ölkəmizə münasibətdə vicdanlı davranan azsaylı əcnəbilərdən biri Kristofer Ştrasserin qətnaməsini, daha dəqiq desək, Avropa Şurası Parlament Assambleyasının bu sənədə qarşı çıxmasını xatırlatmaq kifayətdir. Bu hadisə beynəlxalq təşkilatların və böyük dövlətlərin demokratiya tərəfkeşliyində çox dəyişkən, bizimsə öz gözləntilərimizlə nə qədər sadəlövh olduğumuzu nümayiş etdirdi. Üsyandan bir gün sonra İsmayıllıya gedib üsyan təşkil etməkdə ittiham olunan müxalifətçilərin həbsinə adekvat mövqe sərgiləndiyini söyləmək də mümkün deyil. Türkiyənin məhkəmə sistemiylə bağlı sərt tənqidi (hətta hökm xarakterli) mövqe nümayiş etdirən ABŞ Azərbaycandakı çox açıq biabırçılıqlara «narahatlıq ifadə etməklə» kifayətləndi. Hər zamankı kimi…

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147