Muəllif:

Qayınanam iti açıb üstümə buraxdı…

Arvadını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini Eynulla Musayevin (1974) məhkəməsi başlayıb. Eynulla Musayev bu il mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində olan evində həyat yoldaşı Şərqiyyə ilə cinsi əlaqədə olmaq istəyib. Lakin Şərqiyyə əri ilə cinsi əlaqədə olmaqdan imtina edib. Şərqiyyə həmin vaxt ərinə kobud cavab verib. Bu səbəbdən arvadının ona xəyanət etdiyini düşünüb. O, arvadını bıçaqla vuraraq qətlə yetirib.
Eynulla Musayev CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Eynulla ifadəsində ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Şərqiyyə ilə olan 17 illik nikahından iki övladı var. O, arvadını öldürməsinin səbəbini belə izah edib: “Arvadım məni adam yerinə saymırdı, mənə xəyanət edirdi. Şərqiyyə mənimlə yaxınlıq etməyimə imkan vermirdi. Eyni evdə yaşayırdıq, amma birgə yatmırdıq. Buna görə də aramızda söz-söhbət olurdu. Ona bir söz deyən kimi anasıgilə qaçırdı. Anasıgilə qaçmaqda məqsədi mənimlə yatağa girmək istəmədiyi olub. Onun başqaları ilə görüşməsindən şübhələnirdim. O, başqa kişi ilə əlaqə saxlayırdı, görüşürdü. Buna görə də öldürmüşəm”.
Eynulla Musayev bildirib ki, bu əməlinə görə əvvəllər dəfələrlə arvadını döyüb. Onun sözlərinə görə, Şəriqyyənin başqa kişi ilə görüşməsini dəqiq bilib: “Onun görüşdüyü kişi evimə də gəlib. Amma kim olduğunu bilməmişəm. Buna görə də Şərqiyyəni əvvəlcədən öldürməyi palanlaşdırmışam. Amma bu planımı ona deməmişəm. Şərqiyyəni həyətimizdə olan yarımçıq tikilidə bıçaqla vurdum. Onun ölməsinə əmin olandan sonra polis şöbəsinə getdim. Orada arvadımı namus üstündə öldürdüyümü etiraf etdim”.
Eynulla Musayev bildirib ki, arvadını öldürəndən sonra gecələr rahat yata bilmir: “Gecələr yata bilmirəm, gözlərimə yuxu getmir. Gözümü yuman kimi arvadım yuxuma girir. Onun öldürdüyümə görə peşmanam”.
Daha sonra məhrumun anası Raziyyə Əmirova bildirib ki, qızını ailəsində son illər problemlər olub. Onun sözlərinə görə, əri tərəfindən döyülən qızı tez-tez onun evinə gəlirmiş: “Eynulla içib sərxoş olurdu, qızımı döyürdü. Buna görə də tez-tez bizə gəlirdi. Ona deyirdim ki, Eynulladan sənə ər olmaz, məhkəmə yolu ilə boşan. Qızım azyaşlı uşaqlarına yazığı gəldiyini bildirdi, buna görə də ərindən boşanmağa razı olmurdu. Mənim qızım heç vaxt Eynullaya xəyanət etməyib. Bu barədə də söhbətimiz olmayıb. Qızım ərə gedəndə balaca bir damda qalıb. Zülm çəkə-çəkə ev tikmişdi. Həmin tikdiyi evdə rahat yaşaya bilmədi. Eynulla qızımın qatilidir, ona ən ağır cəza verilməsini xahiş edirəm”.
Raziyyə Əmirova qeyd edib ki, Eynulla Musayev qızına olmazın işgəncələr verib: “Qızım deyirdi ki, Eynullanın hərəkətlərindən qorxur, o, vəhşi kimi olur. Qızım daim qorxu içində yaşayırdı”.
Eynulla Musayev keçmiş qayınanasını yalan danışdığını bildirib. Qeyd edib ki, arvadı ilə arasında yaranan söz-söhbətləri sakitləşdirmək üçün qayınanasını evinə çağırıb: “Raziyyə bizim problemlərimizi həll etmək üçün qızına bir söz demədi. Mənə ağzına gələni dedi, məni söyüb, təhqir etdi. Arvadımı gətirmək üçün qayınamagilə gedirdim. Qayınanam iti açıb üstümə buraxırdı. Amma qızına deməzdi ki, nəyə görə ər evini tərk edibsən. Bu qadın da bizim ailənin bu vəziyyətə gəlməsində günahkardır”.
Eynulla Musayev dəmir barmaqlıq arasından məhkəmə zalında olan arvadının qohumlarını hədələyib: “Mən də işimi bilirəm. Heç kim həbsdə qalan deyil. Buradan mən də çıxacam. Onda sizinlə görüşəcəm”.
Daha sonra Eynulla Musayevin 16 yaşlı oğlu Həsən Musayev bildirib ki, hadisə vaxtı evdə olmayıb. Onun sözlərinə görə, işdə olan zaman ona zəng gəlib: “Evə gəldim. Dedilər ki, Eynulla anamla dalaşıb, xəstəxanaya aparıblar. Mən də xəstəxanaya getdim. Orada anam artıq ölmüşdü. Kəndə qayıdanda bildim ki, Eynulla anamı öldürüb. Eynulla əvvəllər anamla tez-tez mübahisə edirdi, anama tərbiyəsiz sözlər deyirdi. Eynulla hamısını yalan danışır. Anam əxlaqlı qadın idi. Eynulla isə heç bir səbəb olmadan dava edirdi. Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm. Eynulla artıq mənim atam deyil. Eynulla anamı da, bizi də daim qorxu içində saxlayıb”.
Eynulla Musayevin 14 yaşlı qızı Aytac Musayeva qeyd edib ki, atası anası ilə tez-tez dalaşırmış: “Hadisədən üç gün əvvəl atam anamla dalaşmışdı. Atam dalaşanda anamı pozğun adlandırırdı. Anam heç vaxt pozğun olmayıb, tərbiyəli qadın olub. Gilas bağlarında, çiyələk sahələrində işləyib, pul qazanırdı, bizi də dolandırırdı. Anam zəhmətkeş qadın olub”.
Rövşən Musayev bildirib ki, qardaşı Eynullanın ailəsi ilə münasibətləri gərgin olub. Onun sözlərinə görə, Eynullanın ailəsində gərgin münasibətlərin olmasının səbəblərini bilməyib. O, qeyd edib ki, qardaşının məhrum arvadının pis yola düşməsini eşitməyib. O, Eynullanın psixi problemlərinin olduğunu, psixi vəziyyəti ilə bağlı xəstəxanada müalicə almasını xatırladıb. Məhrumun qardaşı Elşən Əmirov bildirib ki, Eynulla bacısına böhtan atır. O, deyib ki, bacısı namuslu qadın olub. Məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182