Qatilin cəzası nə ağırlaşdı, nə də yüngülləşdi: 15 il…
Baş Prokurorluğun iş adamının qətldə ittiham olan oğlunun cəzasının ağırlaşdırılması ilə bağlı şikayəti, məhkumun isə kəsilən cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib. Bu gün Bakı Apelyasiya Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin apelyasiya şikayəti üzrə məhkəmə idi. Yəni Baş Prokurorluğun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti vardı, müttəhim isə kəsilən cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti vermişdi.
Qərara görə hər iki tərəfin apelyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
İttihama görə, 2012-ci il iyunun 5-də, saat 15 radələrində Bakının Suraxanı rayonunda fəaliyyət göstərən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən «Badi-Kübə» Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb.
Sonuncunun xalası oğlu, MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Sonuncu vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Türkel Əsədullzadə 15 il müddətinə azadlıqdan məhrum edilib.