“Qasid” firmasının “Azadlıq” qəzetinə verməyə pulu yoxdur
Belə görünür, «Azadlıq» qəzeti “Qasid” firmasından halalca pullarını ala bilməyəcək. Firmanını direktor müavini deyb ki, “Azadlıq” qəzetinə verməyə pulları yoxdur. Özü də söhbət sanballı məbləğdən gedir — 39 min manat… Bu gün jurnalistlər, ictimaiyyət adamları “Qasid” mətbuat yayımı üzrə dövlət firmasının ofisinin qarşısında piket keçiriblərsə də, rədd cavablarını alıblar.
Aksiya iştirakçıları – ölkənin aparıcı müxalifət nəşri olan “Azadlıq”qəzetinin əməkdaşları “Qasid”dən 39 min manat həcmində borcunu ödəməyi tələb ediblər. Satılan nüsxələrdən qəzetə çatmalı olan bu vəsait bir ildən çoxdur ki, yığılıb.
“Qasid” firmasının direktor müavini Ağəli İsmayılov piketçilərin qarşısına çıxıb. Sonra o, qəzetin redaktor müavini Rahim Hacıyevi söhbətə dəvət edib. Danışıqlardan sonra A.İsmayılov aksiya iştirakçılarına bildirib ki, “Qasid”in pulu yoxdur.
“Biz nə sizə, nə də başqa qəzetlərə borcu ödəyə bilmirik, bura dövlət qəzetləri də daxildir”, — A.İsmayılov bildirib, lakin səbəblərini açıqlamayıb.
Sonra o vəd edib ki, sentyabrdan başlayaraq “Qasid” mərhələli şəkildə “Azadlıq” qəzetinin borcunu ödəməyə başlayacaq. İlin sonunadək bütün borc ödəniləcək.
“Azaslıq” qəzetinin redaktor müavini qeyd edib ki, redaksiya sentyabra qədər gözləyə bilməz və o da nəşriyyata olan borcunu ödəməlidir.
“Bu cavab bizi qane etmir və biz borcun ödənilməsi tələbilə “Qasid”ə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindəyik”, — R.Hacıyev vurğulayıb.
Tanınmış publisist Şahvələd Çobanoğlu deyib ki, “Qasid” borcu qəsdən ödəmir və bu hərəkətlər “Azadlıq” qəzetinə təzyiq göstərmək üçün siyasi məqsəd daşıyır.
Piketə toplaşanlar “Bizim pullarımızı qaytarın!” və “Mətbuat azadlığını boğanlara ar olsun!” şüarlarını səsləndiriblər. Aksiya insidentsiz və polisin müdaxiləsi olmadan keçib.

