Qarderob seçimi: daha çox nəyə diqqət etməli?
Səhnədə olan insanlar hər zaman gözəl görünməlidir. Belə bir məsəl də var ki, «Gözəllik ondur, doqquzu dondur». Bəs görəsən səhnə adamları gözəlliyin 9 hissəsini təşkil edən geyim seçərkən nələrə diqqət etməlidirlər? Bu mövzu ətrafında danışan modelyer-dizayner Gülnarə Xəlilova bildirdi ki, səhnə adamı hər zaman digər insanlardan fərqlənməlidir:
«Səhnəyə çıxan şəxs nümunə, zövq daşıyıcısı, gözəllik bəxş edəndir. Buna görə də sənətçilər geyim seçərkən diqqətli olmalıdırlar. Səhər, günorta və axşam tədbirlərinə gedərkən geyimlər düzgün seçilməlidir. Ziyafət geyimi ilə səhər efirinə çıxmaq o qədər də uyğun alınmır. Amma bəzən mümkündür. Ziyafət geyimləri dəbdəbəli, bir az orta və ya sadə ola bilər. Ziyafət geyimi deyəndə tamamilə dəbdəbəli geyimlər nəzərdə tutulmur. Ziyafət geyimində səliqəli və sadə olanları da var, aşırı dərəcədə bəzəyi və kəsim forması olanlar da. Bunları düzgün seçmək lazımdır. Bunlar arasından səhər və günorta efirinə geyinilə biləcəklərini seçmək lazımdır. Gecə və gündüz libası mütləq fərqlənməlidir. Səhnədə olan insan özəl geyimlərə üstünlük versə, daha yaxşı olar. Çalışdığı modelyeri olmalıdır. Çünki modelyerin onun üçün hazırladığı geyimlər özəl olur. Modelyerin hazırladığı geyimi bir nəfər üçün hazırlaması yaxşı haldır. Nəinki hansısa mağazadan alınan geyim! Düzdür, həm maddi, həm də rahatlıq tərəfindən sərf etdiyindən hazır geyimlərdən hamımız istifadə edirik. Bu həm də səhnə adamına aiddir. Sənətçinin hazırladığı proyektdə və ya hansısa bir gecədə özəl görünməsi vacibdir. Bunun üçünsə Bakıda moda evləri çoxdur. Bu gün modelyer sahəsi Azərbaycanda dəbli bir peşəyə çevrilib. Modelyer olan da, olmayan da bu sahəyə meyil edir. Düşünürəm ki, hər işin peşəkarı ilə işləmək daha yaxşı olar. Çünki daha düzgün nəticə bu zaman əldə olunur».
Fərqlənmək üçün bəzən qeyri-adiliyə üz tuturlar. Bu haqda danışan modelyer bildirdi ki, hər ifaçının bəlli bir ifa tərzi var:
«Bu ifa tərzinə uyğun geyimlər seçilsə, daha düzgün olar. Səhnədə olan eləsi var ki, artıq illərin sənətkarıdır, səs imkanları çoxdur və bir neçə janrda ifa edə bilir. Bu zaman ifa etdiyi mahnılara görə müxtəlif geyimlərdən istifadə edə bilir. Qeyri-adilik isə insanın daxilindən gələn bir çılğınlıqdı. İnsan özünü görmək istədiyi bir obraz var ki, ona o cür rahatdır. Sənət adamları var ki, modelyeri ilə məsləhətləşib, fərqlənmək üçün qeyri-adi geyimlər geyinir. Bu əslində normal haldır. Sadəcə olaraq, hər bir şeyi düzgün və yerində istifadə etmək lazımdır. Dəbin özü zövq deməkdir. Əgər zövqün varsa, hər bir geyimdə özünü düzgün təqdim etməyi bacaracaqsan. Səhnədə olan insan bir çox formalarda özünü təqdim edə bilər, bir çox formalarda görünə bilər».
Səhnədə olan qadın və kişilər arasında zövqlülərin çox olduğunu deyən Gülnarə Xəlilova tam zövqsüzün olmadığını da söylədi:
«Hər zaman zövqlə geyindiyinə alışdığımız birini zövqsüz halda görə biliriksə, məncə, bu, onun həyatında, daxilində baş verən hadisələrlə bağlıdır. Əhval-ruhiyyə geyim seçimində önəmlidir. Bəzən kimsə geyimində bir dəfə nə isə xəta edəndə onu zövqsüz adlandırmamalıyıq. Çünki insan bir dəfə hardasa səhv edə bilər. Bəzən elə bir hadisə baş verir ki, bu zaman insanın gözünə nə geyim, nə də görünüş görünür. Zövqsüzlük anlamını mən bununla bağlayıram».
Modelyer bu gün hansı sahədə çalışmağından asılı olmayaraq, hər kəsin dəblə geyinməyə çalışdığını vurğulayır:
«İnsan özünə tənqidi yanaşmağı bacarırsa, güzgüyə baxanda eyiblərini görə bilirsə, düşünürəm ki, hər şey yaxşı olacaq. Hər bir situasiyaya obyektiv yanaşmaq lazımdır. Özümüzdə müsbət hal kimi gördüyümüzü, başqasında mənfi olaraq qiymətləndirməməliyik. Hər bir xanıma və bəyə zövqlü olmağı arzulayıram».
«Bu gün geyim, çanta, ayaqqabı, parçalarda çeşidlər çoxdur. Modelyerlərin kolleksiyalarına fikir versək, fərqli geyim formaları var. Hər bir xanım və bəy bu geyimlərdən rahatlıqla istifadə edə bilər. Bolluq olduqda seçim də rahat olur. Zövq varsa, çeşid bolluğundan istifadə edərək dəblə ayaqlaşmaq mümkündür» — deyə modelyer mülahizələrini bizimlə bölüşdü.