Muəllif:

Qardaşın haqqı qardaşa

Ankara
Mən Türkiyə-Azərbaycan münasibətlərinin bu günkü vəziyyətindən məmnun olmayanlardan, bu münasibətlərin hazırki zəmininin yanlış olduğunu düşünənlərdənəm. Türkiyənin Azərbaycandakı siyasətə münasibətdə yanlış davrandığı, əlaqələrini yanlış insanlar üzərindən qurduğu, Azərbaycanın isə Türkiyəyə münasibətdə çox vaxt nankor davrandığı, səmimiyyətdən uzaq olduğu qənaətindəyəm. Bu qənaətim yeni deyil — 3 illik Türkiyə təcrübəm sadəcə əminliyimi artırıb. Mənim qənaətimə görə, Azərbaycan Türkiyə üçün bol qüsuru olan ərköyün övladdı — hər fürsətdə qapını çırpıb çıxacağıyla təhdid edən, davamlı olaraq sevgisizlikdən şikayətlənən, ötüb-yetib hər fürsətdə valideyninə ittihamlar yağdıran eqoist övlad.
Türkiyə üçün Azərbaycan «atsan atılmaz, satsan satılmaz»dı, nazıyla oynanılmayacağı təqdirdə başqa qapıya gedəcək «zəif həlqədi»; «el nə deyər» məntiqiylə ədalətsizliklərinə, haqq-hüquq pozuntularına, rüşvətxorluğuna və barmaq silkələmələrinə səs çıxarılmayan, yaxşısıyla yamanı ayırd edilməyən qardaşdı. Azərbaycan üçünsə Türkiyə hər ərköyünlüyünü bağışlayacağını bildiyi qardaş deyil. Xüsusilə son illərdə Azərbaycan üçün Türkiyə qazla, neftlə təhdid etdiyi hər hansı bir qonşu; dara düşüncə səhvlərinin, günahlarının məsuliyyətini yükləməyə çalışdığı «günah keçisidi» — Anadolu türklərinin təbirincə desək, «şamar oğlanı»dı. Azərbaycan öz soyqırımını soyqırım kimi tanımayıb, «qardaş» dediyi dövləti bəzən açıq, bəzən sətiraltı ifadələrlə bu soyqırımı tanımamaqda ittiham eləyən tək dövlətdi; Bakıda Xocalı mitinqinə icazə verməyib, Ankarada üç-beş quldurun Xocalı stendini dağıtmasına görə elliklə Türkiyədən izahat tələb eləyən «qardaş»dı. Öz prezidentinin Sərkisyanla xizək səfasını «diplomatiya», qardaş prezidentin Sərkisyana təbrik mesajını «xəyanət» kimi dəyərləndirən «qardaş»dı. Öz ərazisində açıq şəkildə Türkiyəyə qarşı təbliğat aparan, PKK-nın yayın orqanı olan bir qəzetin çapına, yayılmasına məhdudiyyət tətbiq etməyib, Türkiyədə rəsmi dövlət qeydiyyatından keçən ermənidilli qəzetin Türkiyənin hava yolu şirkətinin reyslərində pulsuz paylanmasına etiraz edən «qardaş»dı…
Mən azərbaycanlıların Serj Sərkisyanı təbrik edən Abdulla Gülü tənqid etmək haqqının olmadığını düşünmürəm. İstər Ermənistanda seçkilərin saxtalaşdırılması kimi haqlı siyasi arqumentlə, istərsə də Ermənistanla bitməmiş savaş vəziyyətində olan bir ölkənin vətəndaşının emosiyasıyla bu hadisəyə reaksiya verilməsini son dərəcə normal hesab edirəm. Sadəcə, emosional reaksiya verdiyimiz zaman «xizək diplomatiyası»nı, yalnız səmimi pozlardakı fotolar sayəsində xəbər tutduğumuz saysız-hesabsız Soçi, Kazan, Moskva görüşlərini ədalət tərəzisinin o biri gözünə qoymalı olduğumuzu düşünürəm. Belə vəziyyətlərdə Azərbaycan hakimiyyətinin təmsilçiləri və hakimiyyətə dəxli olmayan milliyyətçi-vətənpərvər insanlarımız adətən «dövlət marağı», «milli mənafe» arqumentini irəli sürürlər. Yəni «bizim dövlət marağımız, milli mənafeyimiz Sərkisyanla xizək sürməyi tələb edir». Olsun. Amma Abdullah Gülün, onun ölkəsinin milli mənafeyi və dövlət marağı da Sərkisyana məktub göndərilməsini tələb edə bilməzmi?
Üç il əvvəl — Türkiyə ilə Azərbaycan arasında sərhəd-bayraq gərginliyinin yeni başladığı dövrdə yazdığım ilk yazıda vermişdim bu sualı, yenə təkrarlamaq məcburiyyətindəyəm — 9 milyonluq Azərbaycanın dövlət marağı var, 75 milyonluq Türkiyənin dövlət marağı yoxdurmu? Bizim rəsmi Ankarayla danışıq tonumuz İsraillə milyonlarla dollarlıq hərbi sazişlər, Fransayla olduqca səmimi münasibətlər, Quzey Kıbrıs Türk Cümhuriyyətinə verilib yerinə yetirilməyən vədlər və nəhayət, Türkiyə üçün çox mühüm olan Kosovonun tanınmamasıyla bağlı bizdən izahat tələb etmək haqqı vermirmi bu ölkənin insanlarına? Türkiyənin maraqlarına uyğun gəlməyən bu addımların hər birini Azərbaycan öz maraqları və əsasən də Dağlıq Qarabağ problemi ilə əlaqələndirir. «Quzey Kıbrısı tanısaq, Yunanıstan da Dağlıq Qarabağı tanıyar». «Kosovonu tanısaq, Dağlıq Qarabağla bağlı resedent yaranar». «İsraillə hərbi müqavilə imzalamalıyıq, çünki müharibə vəziyyətindəyik, güclü orduya ehtiyacımız var». «Fransayla yaxşı əlaqələrimiz olmalıdır, çünki Dağlıq Qarabağ kimi problemimiz var, Fransa da bu məsələdə söz sahibi ölkələrdən biridir».
Bu arqumentlərin hər biriylə bağlı mübahisə eləmək mümkündü, amma bir də əks-arqument ola biləcək hadisələrə baxaq. Fevralın 18-20-də Banya Luka şəhərində Azərbaycan — Bosniya-Hersoqovina Serb Respublikası Biznes Forumu keçirildi. Bu tədbirin birincisi keçən ilin oktyabrında Bosniya-Hersoqovinanın Prezident Şurasının bosnakları təmsil edən üzvü Bəkir İzzətbeqoviçin Azərbaycan səfəri çərçivəsində keçirilib. O tədbirin adı Azərbaycan — Bosniya-Hersoqovina Biznes Forumuydu, Bosniya-Hersoqovina və Azərbaycan bayraqları altında, Azərbaycanın paytaxtı Bakıda keçirilmişdi. İkinci tədbirin adı da Bosniya-Hersoqovina — Azərbaycan Biznes Forumu olmalıydı məntiqlə. Son günlərə qədər də Azərbaycanda rəsmi xəbərlərdə məhz bu cür keçirdi. Ancaq məsələ başqaymış…
İkinci tədbir Bosniya-Hersoqovina Serb Respublikası — Azərbaycan Biznes Forumu adlandırıldı; Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda deyil, Bosniya-Hersoqovina Serb Respublikasının mərkəzi, bosniyalı müsəlmanların işğal bölgəsi saydığı Banya Lukada; Azərbaycan və Bosniya-Hersoqovina bayraqları altında deyil, Azərbaycan və Bosniya-Hersoqovina Serb Respublikasının bayraqları altında; Azərbaycan və Bosniya-Hersoqovina iş adamlarının deyil, Azərbaycan və Bosniya-Hersoqovina Serb Respublikası iş adamlarının iştirakıyla keçirildi. (http://www.investsrpska.net)
Azərbaycanlılar üçün sıradan xəbərdi, elə deyilmi? Amma bu xəbərə bir də bosnakların və Türkiyənin gözüylə baxmağa çalışaq.
Sarayevoda ucaldılan Xocalı abidəsinin açılışında iştirak etmiş bosnak dostum Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirin bu şəklə salınmasına etirazını belə ifadə edir:»Ona bənzəyir ki, bir dövlət gedib Xankəndində Dağlıq Qarabağ bayrağı altında tədbir keçirir». Bosnak dostumun iddiasına görə, Azərbaycan hökuməti Bosniya-Hersoqovinada Türkiyənin əl atdığı layihələrin hamısının qarşısına serblərin xeyrinə «daş qoyur». Türkiyə isə buna reaksiya vermir, narazı qalır, amma «eldən ayıb olmasın» deyə, yüksək səs çıxarmır.
Mən Azərbaycanın Bosniya-Hersoqovinanın Serb Respublikası ilə əməkdaşlığına və bizim iqtidarımızın serb sevgisinə qətiyyən qarşı deyiləm. Amma Türkiyənin Balkanlara, Bosniyaya və serblərin soyqırımına uğramış bosnaklara xüsusi həssaslığını nəzərə alınca, sual verməkdən də özümü saxlaya bilmirəm: bəs qardaşlıq?!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 288