““Qarabagın sərvətləri” İşçi Qrupunun ilk iclası keçirilib
Ermənistanın silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı maddi, mədəni və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanan ənənəvi bazar dəyəri ilə qiymətləndirilməsi və dünya birliyi ölkələrində müvafiq prezentasiyaların keçirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış İşçi Qrupunun (qrup “Qarabagın sərvətləri” adlandırılır) birinci iclası keçirilib.
İşçi Qrupundan APA-ya verilən məlumata görə, 35 mütəxəssisdən ibarət könüllülər qrupunun yeni tərkibdə keçirdiyi iclasda iki il ərzində görülən işlər üzrə müvafiq hesabat dinlənilib.
İclasda öncə təşkilatı məsələlərin müzakirə edilməsi nəzərdə tutulsa da, bu məsələ üzrə 2006-cı ildə yaradılmış Dövlət Komissiyasının rəyi bildirilmədən heç bir qərar qəbul edilməyib. Qrupun rəhbəri Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Xanhüseyn Kazımlı könüllülər qrupu tərəfindən iki il ərzində görülən işlərdən danışıb. O, Azərbaycanın məruz qaldığı maddi, mədəni və mənəvi itkilərə görə Ermənistandan təzminat tələb etmək hüququnun beynəlxalq təcrübəyə və qanunlara görə əsaslandırılması, itki və tələfatların növləri üzrə, həm də Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq qiymətləndirilməsini əhatə edən ümumdünya metodologiyasının hazırlanması, əhaliyə və dövlətə məxsus olan, lakin işğal olunmuş ərazilərdə qalmış bütün əmlak növlərinin, o cümlədən torpaqların (məhsuldarlığı nəzərə alınmaqla), su xətlərinin və su hövzələrinin, tarixi və təbiət abidələrinin, daşınar və daşınmaz əmlakın, kommunikasiya və nəqliyyat xətlərinin, yerüstü və yeraltı təbii sərvətlərin, həmin ərazilərin işğala məruz qalması və canlı tələfatlar nəticəsində Azərbaycanın məhrumiyyətlərə görə itirdiyi maddi və mənəvi tələfatların dəyərinin hesablanaraq beynəlxalq ictimaiyyət qarşısında prezentasiyaların keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Xanhüseyn Kazımlı bu yönümdə təşkil olunan beynəlxalq seminarlar, beynəlxalq simpoziumlar, konfranslar və digər tədbirlər barədə t ətraflı məlumat verib.
Tədbirdə Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə könüllülərdən ibarət İşçi Qrupunun uzun müddətli fəaliyyətinə verilən dəstəyə görə minnətdarlıq bildirilib. Daha sonra prezident İlham Əliyevin bütün istiqamətlərdəki çağırışlarına qoşulan Azərbaycan xalqına, onun avanqard qüvvələrinə “Qarabağın sərvətləri” İşçi Qrupu tərəfindən əminlik müraciəti qəbul edilib.