Muəllif:

Qarabağda azan səsi

Düşmənləri sazla qovarıq torpağımızdan, Yetimlərə köynək tikərik bayrağımızdan
Ramiz Rövşən
Yaxın günlərdə qəzetlərdə və telekanallarda gedən belə bir görüntülü xəbər qəlbimi riqqətə gətirdi ki, Qarabağın cəbhə xəttinə yaxın bölgələrindəki məscidlərdə azan veriləcək. Bu xoş xəbərdən xeyli məmnun oldum və bir anlığa islamda fərz buyurulan azanın insanlarda yaratdığı ilahi duyğular, coşqu, ruhi çırpıntılar və bir də neçə il əvvəl bəzi incəqəlbli məmurların «azan verilməsi paytaxtda narahatlıq yaradır» sözləri haqqında düşündüm. Amma televiziyaların haylı-küylü süjetlərindən anlaşıldı ki, bölgələrdə səslənən azan heç bir narahatlıq yaratmayacaq, əksinə, strateji məqsədlərə xidmət edəcək. Yəni Qarabağ ellərinə yayılıb çöllərində əks-səda yaradacaq azan səsi camaatımıza ürək-dirək, toxtaxlıq verəcək. Həm də məsələ təkcə xoş ovqat yaradan duyğusallıqla bitməyəcək, səhər-axşam səslənəcək bu azan düşmən tərəfə bizim necə möhkəm dayandığımız haqqında da gözəl bir mesaj olacaq. Yəni ilahi sehrinə qurban olduğumuz bu azan səsi ilə biz qarşı tərəfdəkilərə mənəvi qüdrətimizi də nümayiş etdirəcəyik… Pəki, bu incə məramı və onda gizlənmiş dərindən-dərin hikməti anladıq. Amma bəzi mətləblər də qaranlıq qaldı ki, onları hüzurunuza ərz etmək istərdim.
Əvvəla, anlaşılmadı ki, Qarabağ məscidlərində indiyə qədər niyə azan verilmirmiş, bəlkə əhli-sünnə namaza durmurmuş, ya mömin soydaşlarımızın sayı azmış, bəlkə Bilali-həbəşdən bu yana müsəlman əhlini namaza haylayan azana ehtiyac yox imiş? Yox, əstəğfurullah! Yəqin ki, bunların heç biri deyil, bu torpaqda imanlı adamlar da, namaz əhli də kifayət qədərdir və onlar Tanrı ibadətlərini könül sevgisi ilə ifadə edirlər. Bəs onda azanın səslənməsini nəyə görə xüsusi bir təmtəraqla mətbuatda yayırıq, burda qeyri-adi nə var ki? Bəlkə elə hesab edirik ki, azanın daimi səslənməsi Xankəndindəki və çevrədəki erməni vətəndaşlarımıza psixoloji təsir göstərəcək və onlar haqq yoluna qayıdacaqlar?
Əlbəttə, eyni ərazidə münaqişə aparan qüvvələr arasında psixoloji təsir cəhdlərinin olması təbiidir. Bunun yaxşı nümunəsini mən Kiprdə görmüşəm. İkiyə bölünmüş Lefkoşa (Nikoziya) şəhərinin bir yüksək yerində yunan icmasının prezidentinin iqamətgahı yerləşir. Bu iqamətgahın baxdığı üzbəüz yüksəklikdə isə türk icmasının inzibati binası tikilib və həmin binanın üzərində çox iri bayraq dalğalanır. Görünür, bunlar kifayət etmədiyindən türklər dağın döşünə — hər tərəfdən görünən nöqtəyə xüsusi daş materialla özlərinin bayrağının iri və parlaq təsvirini həkk ediblər. Hər səhər bu bayrağı görən yunanların hansı hisslər keçirdiyini anlamaq çətin deyil. Amma şəhərdəki məscidlərdən azan səsini ucaltmaqla qarşı tərəfə təzyiq etmək heç kimin ağlına gəlməyib.
Ona görə də bu gün Qarabağ məscidlərindən ucalan azan səsini qarşı tərəfə psixoloji təzyiq kimi qələmə vermək, bunu hansısa təbliğat elementinə çevirmək, hesab edirəm ki, yanlışdır. Adam düşünür ki, birdən qarşı tərəf də kilsələrdəki zənglərin səsini ucaltsa və ya onu aramsız səsləndirsə, onda nə olacaq?
Təbii ki, bizim Qarabağdakı erməni icması ilə hansısa səsləşməyə, oradakı Azərbaycan vətəndaşlarına müəyyən bilgi və mesajlar verməyimizə ehtiyac vardır. Bunun ən yaxşı yolu həmin bölgədə xüsusi radiostansiya yaratmaq, erməni və Azərbaycan dillərində fasiləsiz verilişlər yayımlamaqdır. Bu verilişlər hər iki xalqa yaxın olan musiqi xəzinəsindən bəhrələnər və bəzi birgə dəyərləri təbliğ edə bilər. Radio ilə yanaşı Qarabağdakı erməni icmasına yönəli televiziya kanalımız da olarsa, daha yaxşı effekt alına bilər. Mən zorla ağzı Yerevana döndərilmış insanların belə bir jestə biganə qalacağını düşünmürəm.
Əslində, belə bir addımın atılmasının vacibliyi ilə bağlı bir neçə il əvvəl Xankəndi seçki dairəsindən parlamentdə təmsil olunmuş Flora xanımla geniş danışmışdıq. O zaman deputat xanım gənclərimizdə vətənpərvərlik duyğularının necə yüksəldilməsi və Qarabağ mövzusunun yaddaşlarda daimi qalması ilə bağlı ciddi və səmimi narahatlıq hissləri keçirirdi. Həmin vaxt biz Flora xanımla çox məsələləri, çox variantları müzakirə etmişdik. Maraqlı təkliflərdən biri də həmin radiokanal məsələsi idi, çünki belə bir kanalı indinin özündə də yaratmaq həm ideoloji, həm də iqtisadi cəhətdən əlverişlidir. Ona görə də məsələnin vacibliyini nəzərə alaraq Flora xanım bununla bağlı müəyyən instansiyalara müraciət etməli idi, etmişdi də.
Həmin cazibədar ideyanın müzakirəsindən neçə illər keçib. İndiyədək radiokanaldan bir xəbər çıxmadı, amma Qarabağda azan məsələsi bütün medianı dolaşdı…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296