Muəllif:

Qarabağa gedib vuruşmaq istəyib, «ömürlük» alıb

«Qarabağ partizanı”nın məhkəməsi başladı. Bakı Apelyasiya Məhkəməsində “Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Məmməd Məmmədovun işi üzrə yenidən məhkəmə başlayıb.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev çıxış edib. Vəkil Məmməd Məmmədovun üzərindən ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.10-cu (qəsdən adam öldürmə), 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələrinin götürülməsini istəyib. Vəkil bildirib ki, Məmməd Məmmədovun adam öldürməsi üçün hər hansı sübut cinayət işində yoxdur.
Vəkil həmçinin Məmməd Məmmədovun üzərindən Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinin də götürülməsini istəyib. Qeyd edib ki, Məmməd Məmmədovla birlikdə həbs olunan və sonradan ayrı icraatda mühakimə olunan şəxslərin üzrənidən bu maddə götürülüb. Vəkil Məmməd Məmmədovun üzərində həmin maddənin saxlanılmasının qanunsuz olduğunu bildirib. Vəkil həmçinin Məmməd Məmmədovun işinə apelyasiya instansiyasında baxılmasına etiraz etməyib. Məmməd Məmmədov da vəkilinin fikirləri ilə razı olduqdan sonra məhkəmə baxışı avqustun 29-na təyin edilib.
Təranə Məmmədova oğluna köməklik göstərilməsi üçün prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Zeynalova və Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edir və onlardan həbsdə olan oğluna köməklik göstərmələrini xahiş edir.
Qeyd edək ki, Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – red.) qərarı ilə ömürlük azadlıqdan məhkum edilib. “Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. “Qarabağ partizanları” xüsusi dəstə yaradıblar, silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istəyiblər, MTN isə onları həbs edib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Məmmədovun şikayətinə baxıb və bununla bağlı qərar verib. Avropa Məhkəməsi hesab edir ki, Ali Məhkəmə Məmməd Məmmədovun işinə baxarkən qanun pozuntusuna yol verib. Çünki prosesdə nə Məmməd Məmmədov, nə də vəkili iştirak edib. Buna görə də Ali Məhkəmə sonda Məmməd Məmmədovun işinin Bakı Apelysiya Məhkəməsinə qaytarılmasına və yenidən baxılmasına qərar verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270