Muəllif:

Qarabağ və Dilbaz at cinslərini xilas etmək mümkün olacaqmı?

Ayna və Zerkalo qəzetlərinin az qala 20 ildən bəridir həyəcan təbili çalmasına
rəğmən dövlət hərəkətə gəlmək istəmədi. Hər şübhəli işə pul tapılsa da, nəsli kəsilməkdə olan Qarabağ və Dilboz atlarına pul tapılmadı. Bizi dinləmədilər. Atların isə dili yoxdur. Ölkəmizin adına şərəf gətirə biləsi bu məsələyə məhəl qoyan olmadı. Özü də atçılığın gəlirli sahə olduğunu unutmamalıyıq. İndi isə eşidirik ki, bu gün Azərbaycan Atçılar Birliyinin təşkilatçılığı ilə Qarabağ və Dilboz cinsli atların cinsinin tükənmək üzrə olması ilə əlaqədar Bakıda konfrans keçirilib və çox gec olsa da müzakirələr aparılıb. Heç olmamaqdansa, gec olmaq yaxşıdır. Bəlkə nəyisə xilas etmək mümkün oldu.

APA-nın məlumatına görə, Birliyin sədri Paşa Həsənli də etiraf edir ki, Qarabağ və Dilbaz cinsli atlar Azərbaycanın milli sərvəti olsa da, hazırda Azərbaycanda bu atların nəsli tükənməkdədir: «Bu cinsli atlar Azərbaycan xalqının yetişdirdiyi və bu günə qədər dünyanın məhz Azərbaycana məxsus olduğunu qəbul etdiyi ən qədim cinslərdir. Bunlar dünyada nadir cinslərdəndir. Araşdırmalarımıza görə, əslində Qarabağ cinsi ilk və ən qədim mədəni at cinsidir. Bu gün bunlar faktiki olaraq tükənmək üzrədir. Dilboz cinsindən az sayda qalıb. Qarabağ cinsinin də tipik nümayəndələri demək olar ki, azalıb. Buna səbəb, Qarabağ müharibəsi, ənənəvi otlaq sahələrinin əldən çıxması, ekspert çatışmazlığı və bu sahə ilə məşğul olan aidiyyəti orqanların və cəmiyyətin məsuliyyətsizliyidir. Hər kəs əlindən gələni edərək bu cinsin qorunmasına öz töhfəsini verməlidir».

Bu istiqamətdə önləyici tədbirlərin vacibliyini qeyd edən Paşa Həsənli, atların cinsinin kəsilməsi ilə əlaqədar müvafiq orqanlara müraciət edəcəklərini bildirib: «Avropada Beynəlxalq Qarabağ Atları Cəmiyyəti var. Məqsədimiz bu cəmiyyətin təcrübəsindən yararlanaraq, nəsli kəsilməkdə olan atların artırılmasına nail olmaqdır. Eyni zamanda, bununla əlaqədar dövlət başçısına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Atçılıq Federasiyasına müraciət edəcəyik».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 568