Muəllif:

Qarabağ seçkidən sonraya qaldı

Dağlıq Qarabağ mövzusu son zamanlar ya hansısa nəticəsi olmayan səfərlərlə, ya da ki, münaqişəyə birbaşa aidiyyəti olmayan açıqlamalarla gündəmə gəlir. İyun ayı bunlardan üçü ilə yadda qaldı.
ATƏT Minsk Qrupu həmsədrləri may ayının əvvəlində bölgəyə səfər etdilər. Səfərin nəticəsiz qalacağı bəri başdan bəlli idi, çünki ortada danışıqları intensivləşdirəcək təklif yoxdur. Təklif hardan peyda olsun ki, bu 20 ildə müzakirə edilməyən nə yeni ideya, nə də detal qalıb. Həmsədrlərin bölgəyə budəfəki səfərlərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 12-də Avstriyanın Zalsburq şəhərində görüşünü təşkil etmək idi. Niyə məhz bu ölkənin və bu şəhərin seçildiyi də bəlli olmadı. Nə isə, beynəlxalq vasitəçilər bölgəyə gələrək həm Azərbaycan, həm də Ermənistan prezidenti ilə görüşdülər. Görüşün nəticəsiz qaldığı bu günlərdə məlum oldu. Çünki prezidentlər Avstriyaya gedəsi olmadılar. Böyük ehtimalla, görüşlə bağlı həmsədrlərə «yox» cavabını Azərbaycan prezidenti İlham Əliyev verib. Çünki İlham Əliyev prezident seçkisinə hazırlaşır və onun bütün diqqəti bu məsələyə köklənib. Dağlıq Qarabağ danışıqlarında isə heç bir irəliləyiş yoxdur və onun erməni həmkarı Serj Sarkisyanla növbəti görüşünün də nəticəsiz qalacağı bəri başdan bəllidir. Nəticəsiz görüş isə seçkiqabağı dövrdə Əliyevə heç lazım deyil. Demək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ya bu ilin sonunda, ya da gələn il baş tuta bilər.
Qarabağla bağlı diqqəti çəkən ikinci hadisə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ard-arda Vaşinqtona səfərləri oldu. ABŞ dövlət katibi Con Kerri əvvəlcə Elmar Məmmədyarov, iki gün sonra isə Edvard Nalbandyanla görüşdü. Nə baş verdi ki, təxminən 12 il fəal vasitəçiliyə maraq göstərməyən (ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü 2001-ci ildə Ki-Uest şəhərciyində təşkil olunmuşdu — E.Ş.) Vaşinqton qəfil Dağlıq Qarabağla maraqlandı? ABŞ-ın hazırkı prezidenti Barak Obama birinci və ikinci prezidentlik dövründə bu münaqişənin həllinə diqqət yetirməyib. Ağ ev bu illərdə Moskvanın fəal vasitəçiliyini kənardan müşahidə etməklə məşğul olub. Görünür, Kerri Məmmədyarov və Nalbandyanla görüşməklə ABŞ-ın həmsədr olaraq həm Rusiya, həm də qarşıduran tərəflərə varlığını nümayiş etdirmək istəyib. Buna baxmayaraq, Vaşinqtonun münaqişənin həllini sürətləndirmək məqsədilə konkret plan üzərində çalışdığını söyləmək mümkün deyil. ABŞ, sadəcə, münaqişənin yenidən alovlana biləcəyindən ehtiyat edir. Kerrinin Məmmədyarov və Nalbandyanla görüşünün əsas missiyası həm Azərbaycan, həm də Ermənistanı silahlı münaqişədən çəkindirmək, tərəfləri bundan sonra da atəşkəsə riayət etməyə çağırmaqdan ibarət olub. Sərhəd zolağında atəşkəsin tez-tez pozulması halları, hər iki tərəfdən verilən itkilər Vaşinqtonu ciddi narahat edir. ABŞ 2014-cü ildə Əfqanıstandakı qoşunlarını geri çəkməyi planlaşdırır. Yüklərin böyük əksəriyyəti isə Cənubi Qafqazın hava sahəsi üzərindən daşınacaq. Ona görə də Cənubi Qafqazda sabitliyin pozulması ABŞ-ın bir il sonrakı planlarına mənfi təsir edə bilər.
Qarabağla bağlı üçüncü açıqlama Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevdən gəldi. Onun «Ermənistan qazla bağlı bizə müraciət etsə, biz onlara yardımçı olarıq» ifadəsinin dolayısıyla Qarabağa aidiyyəti var idi. Doğrudur, Abdullayevin açıqlaması ilk günlər cəmiyyətdə müəyyən çaşqınlıq yaratdı, ancaq sonrakı gün ARDNŞ daha geniş açıqlama ilə məsələyə aydınlıq gətirdi. Şirkət qeyd-şərtsiz Ermənistana qaz verilməyəcəyini açıqladı. Həm Rövnəq Abdullayev, həm də ARDNŞ-nin açıqlaması prezidentlə razılaşdırılmadan daxili və xarici auditoriyaya çıxarılmazdı. Azərbaycan hakimiyyəti Rövnəq Abdullayev vasitəsilə Ermənistan ictimaiyyətinə və beynəlxalq aləmə mesaj yollayıb. Mesajın mənası budur ki, Yerevan Dağlıq Qarabağ ətrafındakı torpaqları qeyd-şərtsiz boşaltsın, Azərbaycan da bunun qarşılığında Ermənistana qaz satışına başlasın. Onsuz da masa üzərindəki «Madrid prinsipləri»nə görə də Ermənistan ilkin addım atan kimi Azərbaycan qonşusuyla kommunikasiya xətlərini açmaq məcburiyyətindədir. Bu sırada iqtisadi əlaqələrin bərpası da dayanır. Ermənistan əhalisi Rusiyanın onlara baha qaz satmasından narazıdır və buna etiraz edir. Rusiyanın baha qaz satışı Ermənistan hakimiyyətini də narahat edir, ancaq Yerevan illərdir Moskvanın qiymət siyasətini dəyişməyə nail olmur. Yerevanda belə düşüncə hakim idi ki, əgər Ermənistan Rusiyanın strateji müttəfiqidirsə və onun bütün istəklərini yerinə yetirirsə, Moskva da Ermənistanın istəklərini diqqətə almalı, müttəfiqinə ən azı qazı ucuz qiymətə satmalıdır. Ancaq Rusiyadakı hakim dairələr Ermənistana müttəfiq dövlətdən çox, asılı dövlət kimi baxırlar və qazın qiyməti məsələsində Yerevana güzəştə getmirlər.
Aydındır ki, Ermənistanın Rusiyadan asılı indiki hakimiyyəti Bakının «qaz əvəzinə Qarabağ» formulunu qəbul etməyəcək. Ancaq Yerevan Bakının təklifinə nəsə cavab vermək məcburiyyətindədir. Ermənistan hakimiyyəti həm xalqına, həm də beynəlxalq aləmə anlatmalıdır ki, Ermənistan iqtisadiyyatı ağır durumda olduğu halda Yerevan ucuz və yaxın Azərbaycan qazı var ikən, niyə Rusiyanın bahalı qazını alır? Ermənistan seytnotdadır. Bir tərəfdən strateji müttəfiq adlandırdığı Rusiya ona baha qaz sırıyır, digər tərəfdən torpaqlarını işğal etdiyi Azərbaycan Yerevana Gürcüstana satdığı münasib qiymətə qaz təklif edir. Birinci yol Ermənistanı iqtisadi tənəzzülə, ikinci yol isə Azərbaycanla əməkdaşlığa, bölgədə sülhün və əmin-amanlığın bərpasına aparır. Ermənistan hələ ki özünü birinci yolla getməyə məhkum edib.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 223