Muəllif:

Qarabağ modeli

Dağlıq Qarabağ münaqişəsinin həlli dalana dirənib, irəliləyiş yoxdur. Ancaq bu bizə «münaqişə hansı əsasda həll oluna bilər, gündəmdə hansı təklif və beynəlxalq nümunələr var» sualı ətrafında cavablar axtarmağa da mane olmur.
Ötən il ATƏT sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Bakıya səfərində maraqlı təklif irəli sürmüşdü: «Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Şimali İrlandiya modeli yararlıdır». İrlandiyalı nazirin səfəri günlərində Bakıda keçirilən konfransda İtaliyaya bağlı Cənubi Tirol modelindən də danışılmış, müzakirələr aparılmışdı.
Həm Şimali İrlandiya, həm də Cənubi Tirol geniş səlahiyyətlərə malik olan muxtariyyətlərdir. Cənubi Tirol modelini prezident İlham Əliyev də müsahibələrinin birində qeyd edərək, Dağlıq Qarabağa tətbiqi üçün yararlı olduğunu söyləmişdi. Bu mənada hər iki modelə yenidən diqqət yetirmək və onların strukturlarının öyrənilməsinə ehtiyac var.
Şimali İrlandiya əhalisinin 1.5 milyonundan 3\5 hissəsi protestant, 2\5 hissəsi katolikdir. Tarixən irland protestantlar Şimali İrlandiyanın Böyük Britaniya krallığı tərkibində varlığına, katoliklər isə İrlandiya Respublikası ilə birləşməsinə tərəfdar olublar. Yəni Şimali İrlandiyada dini fərqlilik siyasi baxışların fərqliliklərinə də gətirib çıxarıb.
Dağlıq Qarabağda olduğu kimi, Şimali İrlandiyada da əhalinin bir qrupu Böyük Britaniyanın ərazi bütövlüyünə tərəfdar olarkən, digər bir qrup müstəqillik adı altında silahlı terrora əl atıb. Ancaq separatçıların və terrorçuların qanlı mübarizəsi Londonun siyasətini dəyişməyib. Necə ki, Ermənistan Dağlıq Qarabağdakı separatçılığı bəsləyib, eləcə də, Şimali İrlandiya separatçıları kənardan silah və maliyyə dəstəyi alıblar. Dağlıq Qarabağdakı «miatsum» (birləşmə) hərəkatının oxşarı Şimali İrlandiyada cərəyan edib. Şimali İrlandiya katolikləri uzun illər İrlandiya ilə birləşmək tələbini irəli sürüblər.
Buna baxmayaraq, uzun onilliklərdən sonra tərəflər razılığa gəliblər. Böyük Britaniya hökuməti 1995-ci ildə Şimali İrlandiya probleminin siyasi həlli məqsədilə təkliflərini irəli sürür. Buna görə, Şimali İrlandiyada yenidən Assambleya qurulur və bölgənin özünüidarə hüququ artırılır. Təklif qəbul edildiyindən Böyük Britaniya silahlı qüvvələri tədricən bölgəni tərk etməyə başlayır.
Nəhayət 1998-ci ildə bütün tərəflərin iştirakı ilə anlaşma imzalanır. Anlaşmaya görə, Şimali İrlandiya Böyük Britaniyanın tərkib hissəsi kimi tanınır, İrlandiya Respublikası ərazi iddiasından əl çəkir, bunun əvəzində də bölgəyə geniş özünüidarə hüququ verilir. Anlaşmanın imzalandığı bu illər ərzində Şimali İrlandiyada elə böyük toqquşma və ya siyasi qarşıdurma qeydə alınmayıb.
Cənubi Tirol İtaliya ərazisidir. Bölgədə alman dilli əhali üstünlük təşkil edir. Tirol özü Avstriyada yerləşir, paytaxtı İnsbruk şəhəridir. Ancaq Tirolun cənub hissəsi İtaliyaya məxsusdur. İtalyanlar bu bölgəni Bolsano adlandırırlar. Bir də bitişik Trentino bölgəsi var ki, orada daha çox italyan dillilər yaşayırlar. Cənubi Tirol muxtariyyəti iki dildə danışan xalqın birgə yaşamasının bariz nümunəsidir.
Rəsmi Vyana 1946-cı ildə qalib dövlətlərə müraciət edərək Cənubi Tirolun İtaliyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər İtaliyanı məğlub etmələrinə baxmayaraq, Avstriyanın bu istəyini qəbul etmirlər. 1960-cı illərdə Cənubi Tirolda terror aktları baş verir, İtaliyanın bölgədəki dövlət institutlarına hücumlar edilirdi.
Bölgədə gərginliyin artmasından çıxış edən Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və İtaliya danışıqlara başlayaraq Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur. Bu sənəd bütün tərəfləri razı saldığından işlək bir mexanizmə çevrilir.
Yeni statusa görə, Cənubi Tirolla Trentino bölgələri ayrılaraq birincidə alman dillilərin daha çox yaşadığı nəzərə alınaraq ona daha çox səlahiyyət verilir. Bu gün Cənubi Tirolda həm alman dillilərin, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Digər muxtariyyətlərdə olduğu kimi xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Əyalətdə yığılan verginin təxminən 90 faizi orada qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir.
Göründüyü kimi, hər iki model Dağlıq Qarabağ üçün yararlıdır. Azərbaycan Şimali İrlandiya və Cənubi Tirolla yanaşı dünyada mövcud olan istənilən geniş muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiqinin tərəfdarıdır. Beynəlxalq vasitəçilərin özləri bu modellərdən danışsalar da, Ermənistana bunu qəbul etdirməyi bacarmır, ya da istəmirlər. Nəticədə danışıqlar elə 20 il əvvəlki yerində qalıb.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256