Muəllif:

«Qara İlan» bizi sancmaz ki?

Deyildi ki, yeni, 2013-cü il «İlan ili»dir, özü də «qara ilan». Allah xeyir eləsin! «Qara»lığı bir az kefimi pozdu, amma, yenə də, ümid edək ki, «qorxulu» heç nə olmaz. «İlan» olanda nolar?! Quyruğunu tapdalamasan, səni sancmaz.
«İlan»ı qoyaq bir kənara… Məni düşündürən başqadı. Deyirəm, görəsən, qarşıdan gələn bu qorxulu heyvan ilindən nə gözləmək olar? Bir qədər ötən ili yaddaşımızda qurdalayaq. Nələr oldu, nələr keçdi?!
Yola saldığımız ilin mayında «möhtəşəm» Crystal Hall-da «möhtəşəm» Eurovision . Görən görmüşdü, görməyən də gəldi, gördü… Nə gördü?! Əlbəttə ki, «varımızı-yoxumuzu»… Amma nə dərəcədə gördü, hansı səviyyədə gördü, bax bunu «göstərənlər» bilər. Mən nə bilim?! Əsas odur ki, şəhərimiz qismən «təmir» olundu… Əsas «görməli yerlər» idi, onu da «təmir edib, göstərdilər». Amma…
«Əmma»sı odur ki, «gözəllər» daha da gözəlləşdi, vay «kifirin» halına… «Kifir» elə hey «dad» elədi ki, «amanın günüdü, «təmir»ə başlamışkən, elə bizə də bir «əl gəzdirin də, nolar…»?! Nə fayda? Bu dəfə də alınmadı… Eybi yox, qalsın «gələn ilə» — «ilan»ın canı sağ olsun. İl boyu sürünə-sürünə, əvvəl-axır biz tərəfə də gəlib çıxacaq…
«Təmir»dən danışdım — yollar yadıma düşdü. Məşhur «Qaynana» filmində deyildiyi kimi: «Ay balam, adam ildə neçə dəfə anasından olar? Ay bunun anasının qarnına çiban çıxsın!» Məsəli bizdən uzaq, öz aramızdı, bu yollar da adamı lap təngə gətirib… İldə neçə dəfə yol təmir olunar? İlin «başı» hamarlayırlar, ilin ortası qazaraq «yaddan çıxanları «ora» yerləşdirirlər»… Sonra məlum olur ki, «ay aman, sən demə, nəyisə düz eləməmişik, gəlin, yenidən qazaq»…
Əşşi… «Yol» dedim, avtobus yadıma düşdü… Vallah, avtobus sürücülərini də qınamıram. Neyləsinlər? «Od qiyməti»nə təzə avtobus alıb, işə başlayırlar ki, bir parça çörəkpulu qazansınlar, ona da yollar imkan vermir. Kələ-kötür yollarda «düşdüm-qalxdım» üsulu ilə sürülən avtobusun aqibəti necə olacaq ki?! Heç necə… O da yollarımız kimi «əyilib-büzüləcək». Sonra da həmin avtobusa minən sərnişin sürücüyə: «Sənə «prava» verib, bu marşruta buraxana… mən nə deyim?!»,- deyəcək.
Amma, öz aramızdı, sürücüdə də az yoxdu ha… Marşrutdankənar elə gizli yollarla sürür ki, adamın az qalır bütün içalatı dağılsın, yeyib-içdiyi gözündən gəlsin. Səbəb? Təyin olunmuş məntəqəyə «vaxtında» çatmaq. Sərnişinin bu «əyri» yollarda nə hala düşdüyü artıq sürücünü maraqlandırmır. Əsas — məntəqədir. Danışanda da deyir ki, «xoşun gəlmir, düş, taksi ilə get». Vəssalam. Qal indi yana-yana. Taksiyə verməyə pulun var?!
«Taksi» dedim, şəhərətrafı yaşayış massivləri yadıma düşdü. Şəhərdən ora taksi ilə getmək filan qədər puldu. Odur ki, elə o yollarda sınıq-salxaq hala düşmüş avtobuslarla gedib-gəlməkdən başqa çarə yoxdur. Amma, deyirəm, nə yaxşı olardı biz tərəflərin də yollarını təmir etsəydilər… Qışda palçıqlı, yayda da toz-torpaqlı yolla gedib-gəlməkdən canımız qurtarardı. Biz də şəhərə, «adam arasına» çıxanda, ayaqqabımızın palçığından, toz-torpağından utanmazdıq. Ehhh… Nə vaxta kimi «üstü bəzək, altı təzək» olacaq bu məmləkət? İldə bir dəfə «mərkəz»ə əl gəzdirəndə, çox demirəm, heç olmasa, üç ildən bir «kənar»a da əl gəzdirsinlər…
Nə isə… Əslində məqsədim «qara ilan»dan gözlədiklərimi sizinlə bölüşmək idi. Beləliklə, mən yazım, siz də, vaxt tapsanız, oxuyarsız.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 409