Qanunsuz sahibkarlıq edən iş adamına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və ya israf etmə, saxtakarlıq və digər cinayətlərdə ittiham olunan iş adamı Əli Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Biznes fəaliyyəti ilə məşğul olan Əli Məmmədov 1995-98-ci illərdə Bakı Tütün Kombinatının məsul şəxsləri ilə cinayət əlaqəsinə girib. Onlar mütəşəkkil dəstə yaradaraq qanunsuz olaraq sənaye istehsalı ilə məşğul olublar.
Belə ki, Əli Məmmədov Bakı Tütün Kombinatının rəhbər şəxsləri ilə müştərək iş qurmaq qərarına gəliblər. Onlar kombinatın fəaliyyətini artırmaq məqsədilə vəsait qoymaq qərarlaşdırıblar. Bu məqsədlə biznes fəaliyyəti ilə məşğul olan Əli Məmmədov xeyli miqdarda şəxsi vəsaitini kombinatın iş fəaliyyətinə bərpa edilməsinə ayırıb.
Lakin hüquq-mühafizə orqanlarının 1999-cu ildə apardığı araşdırmalar zamanı kombinatda saxtakarlıq və mənimsəmə faktları müəyyən edilib. Həmin ildə kombinatın vəzifəli şəxsləri müəyyən edilərək həbs ediliblər. Kombinatın vəzifəli şəxsləri məhkəmədə mühakimə olunsalar da, Əli Məmmədov uzun müddət istintaqdan yayınmağı bacarıb.
Buna görə də Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 313-cü (saxtakarlıq), 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmə qərarı ilə axtarış elan edilib. Ötən ilin yayında hüquq-mühafizə orqanları tərəfindən həbs olunan Əli Məmmədov məhkəmə qarşısına çıxarılıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Əli Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.