“Qanun” nəşriyyatının sənədlərini 20 adam yığıb aparıb…
“19 gündür bizim sənədlərimizi aparıblar. Sənədlər 20 nəfər tərəfindən götürülüb. Mən deməzdim sənədlər vergi orqanları tərəfindən götürülüb. O insanların arasından iki nəfər vergi orqanının əməkdaşı idi. Digərləri isə mülki şəxslər idi”. Bu barədə “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu nəşriyyatın sənədlərinin və kompüterlərinin hüquq-mühafizə orqanları tərəfindən götürülməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, nəşriyyatdan sənədlər qanuni yollarla deyil, zorakı üsulla götürülüb.
“Bina bütünlüklə mühasirəyə alınıb. Onlar binaya zorla daxil olublar. Yalnız sənədləri yox, bütün kompüterləri götürüblər. Əllərinə nə keçibsə, götürüblər. Bu günə qədər bizə hər-hansı bir məlumat verilməyib. Eyni zamanda da sənədlərin geri qaytarılması məsələsi də baş verməyib”, deyə direktor qeyd edib.
Xuduoğlu nəşriyyata basqını zorakılıq aktı adlandırıb. “Buna nə hüquqi yoxlama, nə də siyasi yoxlama adını vermək mümkün deyil. Biz dəfələrlə vergi orqanları tərəfindən yoxlanılmışıq. Bu gün də vergi orqanları ilə əməkdaşlığa hazırıq. Əgər hüquqi bir yolla yoxlamalarını keçirmək istəyirlərsə, biz hazırıq”.
O bildirib ki, bu zorakılığı həyata keçirənlər özlərinə qarşı nifrət qazanırlar. “Çünki “Qanun” nəşriyyatının fəaliyyətinin qanunsuz dayandırılması ilə bağlı məlumat yayılandan sonra onlarla bizi müdafiə edən yazılar nəşr olunub. “Qanun” nəşriyyatı ölkədə kitab böhranını aradan qaldıran bir nəşriyyatdır. Biz az qala 2000 kitab nəşr etmişik. Biz sonuncu kitab yarmarkasında 20 min kitab nəşr etdik. Lisenziya əsasında 20 Nobel mükafatçısının kitabını nəşr etdik. Bu mənada “Qanun” nəşriyyatının fəaliyyətini dayandırmaq Azərbaycan ictimaiyyətini kitabsız qoymaq deməkdir. Əgər bir cəmiyyət kitabsızlıqla barışmaq istəmirsə, o zaman cəmiyyət “Qanun” nəşriyyatının müdafiəsinə qalxmalıdır. Bəlkə də onların niyyəti cəmiyyəti kitabsız qoymaqdır”.
O, nəşriyyata hücumun Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin plakatının çapı ilə bağlı olması haqqında versiyalara da münasibət bildirib. ”Biz Cəmil Həsənlinin plakatlarını nəşr etmişik. Bununla bağlı bütün sənədləşmə aparılıb. Burada qanundan kənar heç bir iş görülməyib”.
“Qanun” nəşriyyatı baş verənlərlə bağlı məhkəməyə müraciət edib və hüquqlarının bərpası üçün məhkəmə müstəvisində çəkişməsini davam etdirəcək (Turan).