«Qanqster rejim» ifadəsi işlədilib
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsi «İranın Cənubi Qafqaz və ətraf bölgədə təsiri» başlığı altında dinləmə keçirib. Bir neçə tanınmış konqresmenin təmsil olunduğu dinləmədə Azərbaycanın İranla münasibətləri və Güney Azərbaycanda siyasi durum müzakirə olunub. Dinləmədə çıxış edən Konqresmen Dana Rohrabaher İran İslam Cümhuriyyətini «qanqster rejimi» adlandıraraq onu azərbaycanlıların hüquqlarını kobud şəkildə pozmaqda ittiham etmişdir.
Rohrabaher qeyd edib ki, bütün millətlər kimi İran azərbaycanlılarının da azadlıq hüququ var və bir amerikalı olaraq o, azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyir. Amerikalı konqresmen Azərbaycan hakimiyyətini İrandan qorxmadığına görə alqışlayıb.
Dinləmədə İndianadan olan konqresmen Dan Burton İranın Cənubi Qafqazdakı mənfi təsirindən söz açıb. O qeyd edib ki, İranın ideoloji rejimi radikal şiə cərəyanını Azərbaycanda yaymağa cəhd göstərsə də, buna nail ola bilməyib.
«Amerikanın səsi»-nin məlumatına görə, dinləmədə bölgə üzrə ekspertlər Brenda Şaffer, Ariel Kohen, Mixael Rubin və Aleks Vatanka iştirak ediblər. Öz rəylərini Konqres üzvləri ilə paylaşan ekspertlər Güney Qafqazda və İran ətrafında vəziyyətin gərgin olduğunu vurğulayıblar.
Brenda Şaffer İran hökumətinin sözdə özünü müsəlmanların müdafiəçisi kimi qələmə verən, əslində isə həmin ölkədə yaşayan azərbaycanlıların hüquqlarını büsbütün pozan rejim olduğunu vurğulayıb.