Qan qardaşlarımıza soyuqluq
Bölgəmizdə yer alan bütün ölkələrdə qan qardaşlarımızın əhalinin mühüm bir qismini təşkil etdiyini az-çox məlumatlı kəslər bilməmiş deyil. İranda, İraqda, Suriyada, İordaniyada, Livanda, Əfqanıstanda Rusiyanın Quzey Qafqaz bölgəsində, Ukraynada, Moldovada, Rumıniyada, Bolqarıstanda və s. bizim qan qardaşlarımız, soydaşlarımız az deyil. Mən heç də etnik azərbaycanlıları nəzərdə tutmuram. Ümumiyyətlə, türk kökənli toplumların varlığını xatırlatmaq istədim. Bir vaxt türk sınırı içində yaşamış, sonra zamanın və tarixin hökmü ilə bizdən ayrı salınmışlar… Və bizi düşündürən odur ki, Azərbaycan dövlətinin xarici işlərində bu toplumlara yer yoxdur. Təkcə Türkiyə nələrsə edir. Bizdən isə, hökumətimizi nəzərdə tuturam, mənəvi və maddi dəstək yox. Bəlkə var, lakin biz görmürük. Onlarla bizdən barmaqla sayılacaq sayda intellektuallar öz imkanları dairəsində əlaqə saxlaya bilir.
Türkiyə dövlətinin nələrsə etdiyinə baxmayaraq, bu qardaş ölkənin düşünən beyinləri mövcud durumla razılaşmırlar, onların mediasında bu məsələ, görürsən ki, çox kəskinliklə qoyulur. Bakı intellektualları arasında da bundan dolayı bir narazılığın olduğunu da qeyd etmək istəyərdim. Rəsmi Ankaranın bu xüsusdakı qaneedici olmayan tutumuna görə deyil, həm də rəsmi Bakının tutumuna münasibətdə bu var.
Niyə yoxdur? Əgər çox şeyə pul tapılırsa, bu istiqamətdə niyə işlər görülmür? Axı Quzey Qafqazda Dağıstanın Dərbənd (Dəmirqapı) bölgəsində etnik azərbaycanlılar, quzeyə doğru kumıklar, noqaylar, Quzey Qafqazda balkarlar, türkmənlər, qaraçaylar, Krımda bizim dildə danışan tatarların (Krım türklərinin) tarixən Türkiyəyə olduğu kimi, Azərbaycana da qardaşlıq sevgiləri olub, aydınlarının böyük bir kütləsi 20-30-cu illərdə bizim Bakı məktəblərində yetişib.
Bu gün Bakı ilə əski bağlar qırılmış durumda…
İraq türkmənləri — Azərbaycan türkcəsində danışan və sayları ən az 2 milyon, gerçəkdə isə sayları 3 milyona yaxın olan qardaşlarımızla münasibətlərimiz, get-gəllərimizin səviyyəsi qaneedicidirmi? Onlar Bakı üçün sanki bir yox kimi… Bəyənmədiyimiz sovet dönəmində indikindən isti münasibətlər vardı.
Tək İraqda deyil, Yaxın Doğunun bütün ərəbdilli ölkələrində sanballı bir Türkmən nüfusu var. Onlar İraqdakından daha çox sayda Suriyada yaşayırlar. İordaniya və Livanda yaşayan qan qardaşlarımız — bizim Azərbaycan ağzı ilə danışan bu toplumlar barədə çoxmu bilirik?
Bizim günlərdə Suriya ətrafında gəlişən hadisələr dünya gündəmini zəbt etməkdədir. Bakı mediasında da bu hadisələrə yer ayrılır. Lakin bu informasiya axınında Suriya türkmənləri görünürmü? Yaxud nə dərəcədə görünür? Özü də əgər onların sayı Azərbaycan Respublikasında yaşayan əhalimizin nə az, nə çox yarısı qədərdirsə?
Bilənlər bilir ki, 2010-cu ilə olan təxminə əsasən, 23 milyonluq Suriya əhalisinin 1,5 milyon nəfəri türkcə danışan və etnik olaraq türk olan, əhalidən, 2 milyonu isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir. Beləliklə 3,5 milyon… Digər təxminlərə görə, bu rəqəm əslində 5 milyona yaxın ola bilər. Onlar bu informasiya axınında bizim topluma təqdim olunmur, onların varlığı yox kimi… Amma 1 milyondan az olan kürdlər sıx-sıx xatırladılır. Az qala hər şey İraq ssenarisi əsasında gedir. Postəsəd dönəmində yenə kürdlər söz sahibi ediləcək, yiyəsiz-arxasız türkmən arxa planda qalacaq.
Bilirikmi ki, bu qan içində boğulan ölkənin başçıları ata-oğul Hafiz və Bəşər Əsədlər, eynilə gorbagor Səddam kimi, son onilliklərdə bizim soydaşlara orada qan uddurublar, etmədikləri zülm qalmayıb? Bilirikmi buna rəğmən onlar öz varlıqlarını qoruyub saxlayıblar və haqlarını almaq uğrunda ölüm-qalım savaşı içərisindədirlər?
Bir vaxtlar Səlcuq İmperiyasının, sonra Osmanlının bir vilayəti olmuş bu xaraba diyarda Bəşər Əsədin gedişinə az qalıb. Çox şey türkmənin xeyrinə dəyişə bilər. Onlar bu ölkədə söz sahibi ola bilərlər. Buna şansları var.
Əgər Hələb dağıdılırsa, ora TÜRKMƏN şəhəridir, bu vilayətdə azı 1 milyon soydaşımız yaşayır. Homs bombardman edilirsə, bilməliyik ki, bura bir TÜRKMƏN şəhəridir. Bu əyalətdə azı 875 min soydaşımız məskundur. Paytaxt Dəməşqdə 350 min, Lazkiyə əyalətində 350 min (Bayır-Bucaq Türkmənləri), Raqqada 75 min, Həmada 120 min, Tartusda 50 min… Bu ölkədə 523 türkmən kənd və qəsəbəsi var…
Unutmayaq ki, Əsədə qarşı öncə türkmənlər ayaqlandılar. Onlar bizim günlərdə antiəsəd koalisiyasında Suriya Türkmən Məclisi çatısı altında birləşiblər. Silahlı gücləri «Fatih briqadaları» adı altında birləşib. Suriya Türkmənlərinin çoxluğunu təmsil edən Suriya Türkmən Məclisi başqanlığına təzəlikcə istefada olan general Fayez Əmro gətirilmişdir.
Bəlkə üzümüzü onlara çevirək? Görək nədə yardımçı ola bilərik?
[email protected]