«Qalatasaray», «Beşiktaş» və «Fənərbaxça» birləşdi!
«Türkü sevməyənlərin təxribat və təhriklərinə uymamaq lazım!» — bunu dəfələrlə türk həmkarlarımın və siyasətçilərinin yazılarında oxudum. Azərbaycanda da bir çox jurnalist və politoloqlar Türkiyədə yaşanan daxili böhranda xarici qüvvələrin maraqlarını önə çəkirlər.
Sayıqlıq yaxşı şeydir. Öz kiçik təcrübəmizdən də görürük ki, bu gün beynəlxalq münasibətlər qeyri-sağlam rəqabət prinsipləri üzərində qurulub. Amma mənim fikrimcə, hər bir ölkədə baş verən təlatümlərdə onun öz içərisində gedən proseslərin, xüsusilə hakim zümrənin «təxribat və təhrikçiliyinin» rolu həmişə daha böyük olur. Od olmasa, tüstü çıxmaz, deyirlər. «Türkü sevməyən» xarici qüvvələr bu oda çırpı ata, tüstüsünü ətrafa yaya bilərlər və inanıram ki, bunu can-başla edirlər. Lakin ocağa atəş salan məhz ölkənin öz siyasi elitasının cəmiyyətdə gedən dəyişikliklərlə hesablaşmaması, onları görməməsidir. Elif Şəfəq demiş, hər nə zaman cəmiyyətdə böyük dəyişikliklər yaşanırsa, bu dəyişikliklər özünü törətdiyi fəsadlarıyla birlikdə göstərir.
Görəsən, Ərdoğan hökuməti dərk edəcəkmi ki, Türkiyə iki il əvvəl səslərinin tən yarısını ona vermiş ölkə deyil? «Gəzi» böhranını tək «araqarışdıranları» ələ keçirmək üçün evlərdə kütləvi axtarışlar aparmaqla, həbslərlə, bir ucu Almaniyadan tutmuş, o biri ucu Kanadaya qədər hamını etirazçıları qızışdırmaqda günahlandırmaqla həll etmək olmayacaq.
CNN Turk kanalının məlumatına görə, Türkiyədə etiraz dalğasını yatırmaq üçün polis 130 min qaz qumbarasından istifadə edib. Qaz ehtiyatı tükənib, hökumət yeni qumbaralar almağa hazırlaşır və hətta tender elan edib. Elə bu faktın özü narazılığın kütləviliyindən, etirazçıların sayının çoxluğundan xəbər vermirmi?
Türkiyə ictimai fikri həqiqətən dəyişikliklər prosesindədir. Cəmiyyətdən gələn mesajlar hakimiyyət tərəfindən düzgün və vaxtında qəbul edilmədikcə bu dəyişikliklər özünü «törətdiyi fəsadlarda» göstərəcək. Burda, Bakıda oturub İstanbulda insanların ürəklərinə girmək olmur. Amma «Qalatasaray», «Fənərbaxça» və «Beşiktaş» azarkeşlərini tarixdə ilk dəfə Taksim meydanında qolboyun görmək kifayətdir ki, nəsə qeyri-adi bir hadisənin baş verdiyini anlayasan.
May ayının 12-də «Qitələr derbisi» adlanan «Fənərbaxça»-«Qalatasaray» matçından sonra uduzan tərəfin azarkeşləri 19 yaşlı «fənərbaxçalı» Burak Yılmazı avtobus dayanacağında bıçaqla vurub qətlə yetirdilər. «Fənərbaxça» azarkeşləri əbədi düşmənlərindən intiqam alacaqlarına and içdilər.
Üç həftə sonra Gezi parkına istiqamətlənən «Qalatasaray» tərəfdarları qarşısını polis kəsmiş «fənərlilərin» köməyinə gəldilər. Ardınca qardaşlaşmış azarkeşlər Bosfor sahilində polis əhatəsində qalmış «Beşiktaş»lı fanların dadına yetişdilər. Və birlikdə qol-boyun olub Taksim meydanına üz tutdular. 18 yaşlı «Beşiktaş» azarkeşi, universitet tələbəsi Mert Gürsesin bu sözləri dünya mediasını dolaşdı:»Normalda biz düşmənik, amma bu olay bizi bir yerə topladı. Heç vaxt belə şey eşitməmişdim».
Bir-birlərinin üstünə bıçaq çəkən fanlar Taksim meydanında bir-birlərinin bayraqlarını gəzdirirdilər. Onları nə isə birləşdirmişdi. Və bu «nə isə» Ərdoğana sevgi, hakimiyyətə dəstək deyildi.
Ərdoğan isə tərəfdarlarının mitinqinə İstanbul klublarının futbolçularını gətirmişdi. Bu, qürurunu sındırmayan təkəbbürlü baş nazirin azarkeşlərə cavabı idi.
Bu ilin avqust ayında Türkiyədə növbəti futbol sezonu başlanacaq. Azarkeşlər öz kumirləri ilə, yəqin ki, anlaşacaq, ümumi dil tapacaqlar.
Növbəti ilin əvvəlində ölkədə yerli orqanlara seçkilər, ardınca prezident seçkiləri olacaq. Hökumət xalqla necə anlaşacaq?
İnsanlar üçün vacibi hakimiyyət dəyişikliyi deyil, hakimiyyətin dəyişməsidir. Əlbəttə, yaxşılığa doğru və əlbəttə, hakimiyyət dəyişmək istəyirsə.
[email protected]
Aynanın yeni köşə rubrikasından.