Muəllif:

«Qafqaz Karvansaray» otelinin sahibinin kimliyi bilinmir

Qəbələdə avqustun 14-də «Qafqaz Karvansaray» otel kompleksinin açılışı olmuş, törəndə
prezident İlham Əliyev də iştirak etmişdir. Verilən məlumata görə, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.

Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyer tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər şərait yaradılmışdır.
«Qafqaz Karvansaray»otel kompleksi dördmərtəbəlidir. Otelin zirzəmi hissəsində 44 yerlik avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. «Karvansaray» otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Turizm kompleksi mərkəzi kondisioner və istilik sistemi ilə tam təchiz olunmuşdur. Bundan başqa, oteldə 3 fəvvarə quraşdırılmış, ətrafında istirahət üçün yerlər yaradılmışdır. Kompleksin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmışdır.

Trendin xəbərinə görə, «Qafqaz Karvansaray» oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir. Bildirildi ki, «Qafqaz Karvansaray» otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir.
Otellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Otelin sahibinin kim olduğu deyilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190