Putin millətçiliyi
Ankara
«Millətçilik — gəlir mənbəyi təmsil etdiyi xalqa xəyanətə əsaslanan biznesdir»
(Mixail Zadornov)
Son dövrlərdə çox millətçilər gördüm. Dünənə qədər kosmopolit mövqeyi ilə tanınanlar birdən-birə millətçi oldular. İqtidarı dəstəkləməyənlərin hamısını «milli xain» elan etdilər. Kimləri «erməni» elan etmədik?! Amma seçkilər bitdi. Situativ millətçiliyə olan ehtiyac bitdi. Hər şey öz məcrasına qayıdır.
Bir də ki, türk millətində təcavüzkar, başqalarına nifrət aşılayan millətçiliyə qarşı immunitet var. Əvvəla, böyük millətik. Daha doğrusu, özümüzü böyük millət kimi tanıyırıq. Bu, çox vacib amildir. Özünü böyük millət kimi tanıyanlar kiçiklərə təhlükə kimi baxmırlar.
İkincisi, biz dünyaya açıq millətik. Yəni başqaları ilə mübadilə üçün çox açığıq. Bu amilin həm pozitiv, həm də neqativ təsirini görmək mümkündür. Düşdüyümüz yeni mühitə inteqrasiya olunmağa çox meyilliyik. Yəni yeni mühitdə milli köklərimizlə bağı çox tez qırırıq. Hər hansı bir səbəbdən Rusiyaya və ya Qərbə mühacirət etmiş azərbaycanlı ailəsinin əksər hallarda artıq ikinci nəsildə milli-etnik özünütanımında köklü dəyişiklik baş verir. Başqa sözlə desək, mühacirət etmiş azərbaycanlı ailəsinin nümayəndəsi ikinci və ya üçüncü nəsildə özünü artıq daha çox fransız, alman və ya rus sayır. Baş verən hadisələrə münasibətdə yeni vətəninin maraqları ön plana çıxır. Əksinə, türk mühitinə düşən milli azlıqları aramızda tam əritməyə, yəni assimilyasiya səviyyəsində inteqrasiya etməyə meyilli deyilik. Ermənilər buna parlaq misaldır. Ruslar da həmçinin. Bir sıra rus nəsilləri iki yüz ilə yaxındır ki, Azərbaycanda məskunlaşıblar. «Məskunlaşmaq» terminindən istifadə etməyim təsadüfi deyil. Məhz məskunlaşıblar. Amma indiyə qədər assimilyasiya demirəm, hətta bu mühitə inteqrasiya belə olmayıblar. Bir sözlə, özlərini Azərbaycan vətəndaşı kimi hiss etmirlər. Bir çox hallarda hər hansı bir problemlə qarşılaşanda hələ də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına deyil, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət edirlər.
İndi isə keçək Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun başına gələnlərə. «Biz baş verənlərlə bağlı çox narahatıq. İstəmirik ki, baş verənlər Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin ziyanına şərh olunsun». APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin verib.
Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılması ilə bağlı baş verən hadisələri şərh edən nazir müavini bildirib ki, Rusiyanın məhkəmə araşdırması keçirməyə əzmi çatır:»Lakin elə etməliyik ki, heç bir halda, istər Azərbaycanda, istərsə də Rusiyada millətçi tendensiya qızışdırılmasın… Azərbaycanla da münasibətlərimizi yüksək dəyərləndiririk və bu münasibətlərin məntiqi inkişafına və qanuna görə ehtiyatlı hərəkət edəcəyik».
Cənab Karasinin dediklərinə inanmaq istərdim. Amma inana bilmirəm. Səbəbləri də çox sadədir. Əvvəla, əgər məişət zəminində baş vermiş sıradan bir cinayətə milli rəng verilib ümumdövlət səviyyəli bir problemə çevirirlərsə, deməli, haqqında danışılan cəmiyyət çox ciddi xəstədir.
İkincisi, düşünürəm ki, bu xəstəliyin mənbəyi xalq və millət deyil, hakimiyyətdir. Rusiya böyük intellektual, maddi və insani resurslara malik bir dövlətdir. Rus millətinin azad, ədalətli, çiçəklənən həyata tam haqqı var. Belə bir həyatı ruslara təmin etmək üçün imkanlar da vardır. Həzrəti Məhəmməd demişdir ki, «bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir». Amma Rusiya xalqı ədalətli idarəetməyə həsrətdir.
Sözsüz ki, ədalət çatışmazlığı cəmiyyətdə çox böyük sosial etiraz enerjisinin toplanmasına səbəb olur. Hər hansı bir iqtidar bu enerjinin tətbiqi üçün müvafiq obyekt tapmasa, sosial etiraz dalğası onu süpürüb atar. Yəni Rusiya hakim elitası yeni bir şey icad etməyib. Bütün dövrlərdə iqtidarlar toplumun etiraz və narazılıq enerjisini yönləndirməyə çalışıblar. Məsələn, bir vaxtlar Qədim Romada xristianlar, keçən əsrdə isə faşist Almaniyasında yəhudilər bütün fəlakətlərin mənbəyi kimi göstərilib, xristian və yəhudi talanları təşkil edilib.
Deyirlər ki, hər hansı bir milləti digər millətə qarşı nifrət qədər birləşdirə, tamlaşdıra biləcək digər bir amil yoxdur. Bunu da öz təcrübəmizdən çox yaxşı bilirik. Belə bir nifrəti yaratmaq isə iqtidarın və ya milləti bu cür birləşdirməkdə maraqlı olan siyasi iradənin işidir. Rusiyada bu iradəni iqtidar, özü də prezident Vladimir Putinin timsalında təmsil edir. O.Zeynalovun cinayətkar olub-olmadığına məhkəmə qərar verəcək. Amma əminəm ki, O.Zeynalov Yeqor Şerbakovun qatili olsa belə, bu səbəbdən iki-üç günün içində məşhuri-cahan olacağına inanmırdı.
Rusiya Azərbaycanla münasibətlərinə xüsusi qiymət verir. «Trend»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə bildirib. Səfirin sözlərinə görə, hazırda Orxan Zeynalovun məsələsi tam hüquq normaları çərçivəsindədir: «Biz məhkəmənin çıxardığı qərardan asılı olmayaraq bütün hər şeyi edəcəyik ki, bu epizod iki ölkə arasındakı münasibətlərə, Rusiyada işləyən və bizim ölkəmiz üçün xeyli vacib işlər görən azərbaycanlılara olan isti münasibətə təsir etməsin». Səfir bildirib ki, insanların emosiyaları başa düşüləndir: «Lakin mən bir daha bəyan edirəm ki, Rusiyanın bu məsələyə diqqətinə cinayət törədən şəxsin milliyyəti deyil, onun rezonans doğurması səbəb olub. Ola bilər ki, Rusiya mətbuatında hüquqi baxımdan düzgün olmayan məlumatlar yer alıb, lakin mən sizi əmin etmək istəyirəm ki, Rusiyada heç bir antiazərbaycan kampaniyasından söhbət belə gedə bilməz».
Cənab Doroxinə hörmətim var. Bəlkə də bu günə qədər Rusiyanı Azərbaycanda təmsil edən ən mədəni, ən intellektual səfirdir. Amma suallar var. Bu sıradan bir cinayət hadisəsi nədən belə bir ictimai rezonans doğurdu? Moskvanın özündə bir gün ərzində bəlkə də onlarla buna oxşar qətl hadisəsi törədilir, amma heç bir ictimai rezonans doğurmur. Bu cinayətin ictimai rezonans doğurmasının yeganə səbəbi ehtimal olunan qatilin «yad», konkret halda isə azərbaycanlı olması idi.
Bəs O.Zeynalovu məşhur edən kim oldu?! Bütünlüklə Putinin nəzarəti altında olan federal telekanallar, Putinin tərəfindən təyin olunmuş daxili işlər naziri Vladimir Kolokoltsev!!! Nədən bunu etdilər? Çünki cəmiyyətin sosial etiraz potensialını yönəltmək üçün topluma bütün fəlakətlərin mənbəyinin «yadlar» olduğunu əyani şəkildə göstərmək lazım idi. Bir sözlə, bu gün küçələrdə hakim olan «Rusiya ruslar üçün, Moskva moskvalılar üçün» nasist ideologiyasının mənbəyi Putin elitasıdır.
Təəssüflər olsun ki, bəzilərimiz bu bəsit həqiqəti hələ də görmək istəmirik. Bəlkə də fikrimi düzgün ifadə etmədim. Yəqin ki, görürük. Amma özümüzü görməməzliyə qoyuruq. Rusiyada Orxan Zeynalovun həbsi ətrafında yüksələn ajiotajın məğzi aydın deyil. Bu barədə «Trend»ə millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib. A.Mirzəzadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələri kifayət qədər möhkəmdir: «…Adi bir hadisənin üstündə böyük bir ticarət mərkəzinin dağıdılması, miqrantlara, xüsusən də azərbaycanlı əmək miqrantlarına qarşı hücumun başlanmasının məqsədi aydın olmur». O hesab edir ki, bu, təsadüfi deyil, bunun arxasında Rusiyanın Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan müəyyən siyasi dairələri durur: «Azərbaycan onlar üçün düşmən rolunu oynayır, Azərbaycanda keçirilən demokratik seçkilər onların maraqlarına cavab vermir, indiki halda onlar Azərbaycanı bu yolla yerində otuzdurmağa çalışırlar. Ancaq məsələnin çox kobud ssenarisi özünü göstərir».
Millət vəkili qeyd edib ki, Rusiyada, ola bilsin ki, kimlərsə iki dövlət arasında münasibətlərin pisləşməsini istəyir, ancaq bu, Azərbaycanın marağında deyil, Azərbaycan heç bir halda buna doğru getməyəcək: «Ümid edirəm ki, bu gün Rusiyada kimlərinsə təhriki ilə baş qaldıran antiazərbaycan əhval-ruhiyyəsi qısa zamanda dayandırılacaq».
Yadıma Dağlıq Qarabağ ətrafında Azərbaycan-erməni münaqişəsinin təzə-təzə alovlanmağa başladığı dövrlər düşdü. Onda da dəvəquşu kimi başını torpağa gömməyə üstünlük verilirdi. Problemin yaranması səbəbini «iki qardaş xalq arasında nifaq salmağa çalışan düşmən qüvvələrdə» görürdük. Ermənistanda Azərbaycan dostluq günləri təşkil etməklə münaqişənin alovlanmasının qarşısını almağa çalışırdıq. Özünü görməməzliyə qoymağın nəticəsi göz qabağındadır. Yenə də eyni səhvi buraxmağa hazır olanlar var. Bəsit bir həqiqəti hələ də anlamamışıq. Dəvəquşu kimi başımızı torpağa gömüb problemi «görməyə» bilərik, amma bununla problemin nə həllinə, nə də yoxa çıxmasına nail olmaq mümkündür. Yaxşı ki, hamımız «dəvəquşu sindromu»na tutulmamışıq. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, haqqında danışılan cinayət hadisəsini törətdiyi ehtimal olunan şəxsin anadan olduğu Şəmkir rayonundan Milli Məclisin deputatı Mübariz Qurbanlı «Amerikanın Səsi»nə müsahibəsində bildirib ki, onun fikrincə, Rusiya hüquq-mühafizə orqanları Orxan Zeynalovun həbsi, onun təqdim edilməsi zamanı həm Rusiya qanunvericiliyindən, həm də beynəlxalq konvensiyalardan irəli gələn normaları çox kobud şəkildə pozub. O hesab edir ki, Rusiyada ideoloji böhran yaşanmaqdadır. «Bunun simptomlarını Orxan Zeynalovla bağlı baş verən hadisələrdə də görürük. Rusiyada millətçilik həddindən artıq tüğyan edir. Bu millətçilik Rusiya hakimiyyətinin dayaqlarından biridir». Deputatın fikrincə, Rusiyanın daxilindəki siyasi-ideoloji böhran, iqtisadi çətinliklər millətçiliyi qızışdırmaqdadır.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da baş verən hadisələrlə bağlı kəskin etirazını bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət ölkə qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır. «Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir»,- deyə şöbə müdiri qeyd edib. O, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən tədbirləri qeyri-adekvat adlandırıb, yerli KİV-lərin qızışdırıcı mövqeyinin isə bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada biləcəyini qeyd edib.
İqtidarı təmsil edən şəxslərin heç olmasa bir qisminin problemin gerçək mənbəyinin harada olduğunu görməsi təqdirəlayiqdir. Bu, milli-dövlət maraqlarımız üçün baş verən proseslərdən doğan təhdidlərin qarşısının alınması üzərində ən azından düşünənlərin də olduğuna ümid yaradır…
[email protected]