Prokuror “Xural” redaktoruna 11 il həbs istədi
Çərşənbə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə proses davam edib. Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edərək, məhkəmədən Zeynallının CM-in 311.3.3 (böyük məbləğdə rüşvət alma) və 311.3.4-cü (zorla tələb etmə yolu ilə rüşvət alma) maddələri ilə təqsirli bilinməsini istəyib.
Prokuror həmçinin Zeynallının vergi ödənişindən yayınmaqda təqsirli bilinməsini və 11 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il ərzində rəhbər vəzifə tutmasının qadağan edilməsini, həmçinin dövlət büdcəsinə 7250 manat ödəməsini istəyib.
Prokurorun çıxışından sonra onunla Zeynallı arasında mübahisə olub. Redaktor prokuroru korrupsiyada və siyasi sifarişləri yerinə yetirməkdə ittiham edib, zalda iştirak edən Zeynallının tərəfdarları isə Azərbaycan himnini oxuyublar. Daha sonra məhkəmədə Zeynallının vəkilləri çıxış edəcək (Turan).
Xatırladaq ki, Zeynallının işi üzrə proses 2012-ci ilin may ayından aparılır. O, 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovanın zorla pul tələb etmək ittihamı ilə həbs edilib. Hazırda Əhmədova özü deputat mandatlarının satışı haqqında iş üzrə fırıldaqçılıqda ittiham olunur və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdir.