Prokuror qatillərdən ikisinə ömürlük cəza istədi
Prokuror şirkət rəhbərini qətlə yetirməkdə ittiham olanan şəxslərdən ikisinə ömürlük cəza istədi. Bu aşır iş üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. «Azər-Ross» MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Vüsal Qurbanov Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilov müttəhimlər üçün qəfəsdə əyləşiblər və hakimin suallarına cavab verirlər.
Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə sərt cəzalar istəyir. Məsələn, Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük cəza, Tofiq Bəkirova 15 il, Fərman Hacıyev 14 il 6, Sahil Şamilov və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilir. Məhkəmə mayın 14-də vəkillərin çıxışı ilə davam edəcək.
İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən «Azər-Ross» mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.
İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri — Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.