Prokuror Eurovision terrorçularına cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal ağayevin sədrliyi ilə Eurovision-2012 mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən azadxeber.org saytının baş redaktoru Nicat Əliyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Vəkil Anar Qasımovun Turan-a verdiyi məlumata görə, dövlət ittihamçısı Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərlinin 10 il, Qorxmaz Camalov, Valeh Abdullayevin 9 il, Samir Hüseynovun 8 il, Elimxan Hüseynovun 7 il, Emin Tofidi ilə Əli Əliyevin 6 il, Səfər Məmmədovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Terror aktı cəhdi ilə yanaşı, müttəhimlər qabaqcadan əlbir olaraq, qanunsuz dini ədəbiyyat yaymaqda, habelə hakimiyyətin zorla ələ keçirilməsinə və ya dəyişdirilməsinə cəhddə, Azərbaycan ərazisinin parçalanması çağırışlarında ittiham olunurlar. Bundan başqa, yuxarıda adı çəkilən şəxslər milli, irqi, dini və sosial ayrı-seçkilik salmaqda ittiham olunurlar.
Vəkil bildirib ki, dövlət ittihamçısının çıxışı zalda etirazla qarşılanıb.
İstintaqın versiyasına görə, müttəhimlər ötən ilin aprel-may aylarında Sumqayıt şəhərində Eurovision-u tənqid edən videofilm yayıblar və Azərbaycanda gey-parad keçirilməsinə etiraz ediblər. Proses noyabrın 7-də davam etdiriləcək.
Xatırladaq ki, 18 may 2012-ci ildə onlar Eurovision-a qarşı etiraz aksiyasının planını hazırlamaq üçün Bakıda “Məşhədi Dadaş” məscidində toplaşıblar.
Müsabiqə ərəfəsində MTN əməliyyat həyata keçirib və terror aktı hazırlayan, ümumilikdə 40 nəfərdən ibarət bir neçə qrupu həbs edib. Onlardan bəzilərinin işi üzrə məhkəmə prosesləri artıq yekunlaşıb. İstintaqın versiyasına görə, bu şəxslər İranın xüsusi xidmət orqanı “Sepah”la əməkdaşlıq edirdilər.