Muəllif:

Problemlərimizin İslamla heç bir əlaqəsi yoxdur

Ankara
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriya ərazisini bombalamasını pisləyən bəyanat yayıb. QMİ bu bombardmanı Suriyanın suverenliyinə qəsd adlandırır. Suriyada məscidləri partladan qüvvələrin əməlləri «vandalizm aktı» kimi dəyərləndirilir və bu hallara etiraz ifadə olunur. Müəlliflər bütünlükdə Suriyada beynəlxalq hüquqa zidd hadisələrin cərəyan etməsindən narahatlıq bildirirlər.
«Hər hansı suveren dövlətin ərazisinin bombalanması silahlı müdaxilə və təcavüzdür. Din xadimləri olaraq, Suriya dövlətinin taleyinin Suriya xalqı tərəfindən həll olunmasını doğru sayırıq», — deyə bəyanatda qeyd olunur. Suriyada müqəddəs məzarlıqlara qarşı vandalizm faktları, islam şəhidlərinin qəbirlərinin açılaraq təhqir olunması küfr və günah hesab edilir. Belə əməli törədənlərin Allah dərgahında öz layiqli cəzalarını alacaqları vurğulanır. Dinlər və məzhəblər arasında qarşıdurma yaradanların bütün imanlı insanlar tərəfindən qınaq hədəfinə çevriləcəkləri xəbərdarlığı edilir. Müəlliflər «Quran»ın yandırılmasını, müqəddəslərin qəbirlərinin təhqir olunmasını ekstremizm və terrorizmin təzahürləri kimi dəyərləndirirlər. Onlar bütün səmavi dinlərin ardıcılları üçün müqəddəslik kəsb edən atributlara qarşılıqlı ehtiram nümayiş etdirməyi tələb edirlər.
İlk nəzərdən bu bəyanatda etiraza səbəb ola biləcək heç nə yoxdur. Axı nəyə və necə etiraz edəsən?! QMİ suveren bir dövlətin ərazisinin bombalanmasına, müqəddəs məkanların «vandallar tərəfindən dağıdılmasına» etiraz edir. Bundan da böyük xoş məram ola bilərmi?
Doğrudan da ağlı başında olan adam heç vaxt «Quran»ın yandırılmasını, müqəddəslərin qəbirlərinin təhqir olunmasını, müstəqil Suriyanın ərazisinin bombardman edilməsini dəstəkləyə bilməz. Əslində belə hallar qarşısında QMİ-nin susması yolverilməz və islami dəyərlərə zidd bir hərəkət olardı. Müqəddəs Qurani-Kərimdə deyilir:»Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!»
Bir sözlə, İslami dəyərlərə görə, zülmə və zülmkara tabe olmaq özü belə böyük günahdır. Yəni zalım hökmdar islami dəyərlər və hüquqi baxımdan legitim sayıla bilməz. Bu halda özünə fitva vermək haqqını tanıyan din xadimlərinin susması isə düşünürəm ki, ikiqat günahdır.
Oxucu deyəcək ki, bu Mirqədirov indi də iqtidarı dəstəkləyən din xadimlərinin bostanına daş atır. Belə bir məqsədim yoxdur. Bir də ki, bu günlərdə «dönmüşləri» yada salmaq nədənsə dəbə düşüb. Düşünürəm ki, belə getsə, növbə gec-tez bizim dini liderlərimizə də çatacaq. Çünki sirr deyil ki, QMİ-nin rəhbərləri «allahsız» sovetlərdən tutmuş bütün iqtidarları dəstəkləyiblər. Bunu mənsiz də yada salanlar olacaq. İndisə söhbət Suriyadan gedir.
Suriyada iki ildən artıqdır ki, vətəndaş müharibəsi gedir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 100 mindən artıq Suriya vətəndaşı artıq bu müharibənin qurbanı olub, iki milyonu isə qaçqın düşüb. Söhbət hardasa cəmisi 22 milyon əhalisi olan ölkədən gedir. Suriya silahlı müxalifətinin nümayəndələrini «azadlıq mücahidləri» kimi təqdim etmək fikrindən uzağam. Amma yada salmaq istərdim ki, dinc etirazların Əsəd rejimi tərəfindən amansızcasına və silah gücünə yatırılması cəhdi Suriyada silahlı müqavimətin alovlanmasına səbəb oldu. Gözümüzün önündə ağına-bozuna baxmadan bütöv şəhərlər havadan bombardman edildi.
Amma bu iki ildə QMİ bir dəfə də olsun, on minlərlə insanın həyatını almış, milyonları evindən-eşiyindən didərgin salmış vətəndaş müharibəsinə qarşı etirazını bildirmədi, bir iqtidar kimi bu faciədə Əsəd rejiminin məsuliyyətini qeyd etmədi.
Əslində deyərdim ki, Əsəd rejiminin «mütləq suverenlik» haqqını dəstəkləməklə, yəni iqtidara öz xalqını qırmaq hüququnu tanımaqla, bizim dini liderlərimiz həm islami dəyərlərə, həm də müasir beynəlxalq hüquqa zidd mövqe tuturlar. Başqa bir mövqe nümayişini gözləmək də sadəlöhvlük olardı. Lakin düşünmürəm ki, bu mövqeyi müəyyənləşdirən yalnız və yalnız Azərbaycan daxilində cərəyan edən siyasi proseslərdir.
Bütün müsəlmanların bir Qibləsi var və bir Qibləsi olmalıdır. Amma keçmiş sovet məkanı müsəlmanları, daha doğrusu, onların dini liderləri üçün vəziyyət bir qədər fərqlidir. Sovetlər dönəmində onların «qibləsi» Moskva idi. Onlar hətta Moskvanın Əfqanıstanda müsəlmanlara qarşı apardığı müharibəni belə açıq şəkildə dəstəkləyirdilər. İndi vəziyyət bir qədər fərqlidir. Postsovet məkanının müsəlman liderlərinin bəziləri Tehranı, bəziləri isə Doxanı, Mədinəni öz «qibləsi» saymağa başlayıb. Sözsüz ki, söhbət siyasi istiqamətləndirmədən gedir.
Bizim dini elitanın böyük bir hissəsi dünyada baş veren proseslərə münasibətini müəyyənləşdirərkən ilk baxışdan «elektoral-məzhəbi» yanaşma nümayiş etdirir. Əslində, isə Tehran strateqlərinin hazırladığı və İran İslam Respublikasının xarici siyasətdəki maraqlarını ifadə edən tezisləri rəhbər tuturlar.
QMİ-nin Suriyada on minlərlə insanın həlak olmasına, milyonların evindən-eşiyindən didərgin düşməsinə biganəliyini yuxarıda qeyd etdim. Başqa misallar da çəkə bilərəm. İranda milyonlarla Azərbaycan türkünün haqqı-hüququ pozulur. Amma bizim QMİ susur.
Azərbaycan vətəndaşı olan elm adamını, özü də qadını İranın xüsusi xidmət orqanları həbs edirlər. QMİ yenə də susur.
Suriya hava hücumundan müdafiə qüvvələri heç bir hərbi ehtiyac olmadan Türkiyə hərbi təlim təyyarəsini vurub yerə salır. İki türk pilotu həlak olur. Bizim QMİ yenə də susur. Türkiyə ərazisi Suriya tərəfindən bombardman olunur. QMİ bunu da görmür.
İran İslam Respublikası ilə Ermənistan arasında əməkdaşlıq gündən-günə genişlənir. Artıq hətta rəsmi Bakı belə bəzi yüksək rütbəli dövlət qulluqçularının dili ilə Ermənistanın yalnız və yalnız İranın dəstəyi ilə duruş gətirdiyini nəzərə çatdırır. QMİ bu dəstəyi də görmür və etiraz etmir. Bununla yanaşı bizim dini liderlər vaxtaşırı «sionistləri və ABŞ imperializmini» Azərbaycan Respublikası ilə İran İslam Respublikasının arasını vurmaqda ittiham edirlər.
Mən din xadimi deyiləm. Millətin mənəvi lideri olmaq kimi iddiam da yoxdur. Xarici siyasətdə mənim üçün Azərbaycan Respublikasının milli-dövləti maraqları hər şeydən önəmlidir.
Amma din xadimləri bir qədər fərqli durumdadırlar. Onlar bu millətin hamısının da olmasa, mütləq bir əksəriyyətinin mənəvi liderliyinə iddia edirlər. Əslində belə də olmalıdır. Bir sıra hallarda onlar üçün islami dəyərlər sisteminin milli-dövləti maraqlardan önə keçməsi analaşılan və normal haldır. Dünyəvi meyarlarla dəyərləndirməyə çalışsaq, bu baxımdan dini xadimlərlə insan haqları müdafiəçiləri arasında bir oxşarlıq var.
Əgər QMİ yuxarıda sadaladığım halların hər birində etiraz səsini ucaltsaydı, bu son bəyanatı da məndə heç bir neqativ emosiya yaratmazdı. Deyərdim ki, bu insanlar öz statuslarına uyğun, yəni toplumun mənəvi liderliyinə iddia edən fərdlər kimi, islami dəyərləri bütün digər maraqlardan üstün tuturlar. Amma gördüyünüz kimi gerçəklər, yumşaq desək, bir qədər fərqlidir.
Suriya hərbi obyektlərinin bombardmanına görə Dəməşq və Tehran İsraili müharibə ilə təhdid edir. İsrailin bu aksiyasının da mənəvi dəyərlərə əsaslandığına və humanist məqsədlər izlədiyinə inanmıram. Amma bizə nə?! Bəlkə İran və Suriya bizə milyardlarla dollarlıq ən müasir hərbi texnika və döyüş sursatı satmağa hazırlaşır?! Bəlkə Suriya və İran Azərbaycanın hərbi-sənaye kompleksinin yaradılmasında fəal iştirak edəcəyi vədini verib?! Bəlkə rəsmi Tehran Ermənistandan ən azından Azərbaycanın İran İslam Respublikası sərhəddində yerləşən işğal olunmuş ərazilərimizin azad olunmasını tələb edir?! Yox, yenə də yox!!! Onda yenə də sualı təkrar edirəm: nədən Suriyadakı iç savaşda, İran-İsrail qarşıdurmasında tərəf kimi çıxış edirik?!
Yenə də ölməz Mirzə Ələkbər Sabir yadıma düşdü:
«Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər, Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi, Harda müsəlman görürəm, qorxuram!..»
Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram, Qorxuram, qorxuram, qorxuram!..?.
Diqqət edin, dahi şair nə İslamdan, nə də islami dəyərlərdən «qorxur». Söhbət öz maraqlarını anlamayan «müsəlmanlardan» gedir.
Doğrudan da belədir. Problemlərimizin mövcudluğunu İslamla, islami dəyərlərlə əlaqələndirənlərlə kökündan razı deyiləm. Dəfələrlə qeyd etmişəm ki, fikrimcə, digər monoteist dinlərlə müqayisədə İslam daha mütərəqqi dəyərlərə əsaslanır. Bütün problem insanlardadır. Doğrudan da Allah bizi öz maraqlarını dərk etməyən müsəlmanlardan qorusun. İddia etdiyi və gerçək formal statusundan asılı olmayaraq…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 252