Prezidentliyə yol
Keçən həftə beynəlxalq dəyərləndirmə nöqteyi-nəzərindən Türkiyənin, seçici dəyərləndirməsi baxımındansa Rəcəb Tayyib Ərdoğanın xanəsinə müsbət işarəylə yazılacaq iki hadisə baş verdi. Birincisi, son illərdə ilk dəfə Diyarbəkirdə qarşıdurma, gərginlik olmadan Novruz bayramı şənlikləri keçirildi və o şənlikdə PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın terrora son qoyulacağına dair ümidləri artıran məktubu oxundu. İkincisi, 2010-cu ilin mayında «Mavi Mərmərə» gəmisinə hücum edərək 9 türkü öldürən İsrail 3 ildən sonra Türkiyənin tələblərini qəbul etdi — Netanyahu Ərdoğandan üzr istədi. Bundan sonrakı mərhələlərdə nə baş verəcəyindən asılı olmayaraq, hər iki hadisə tarixi xarakter daşıyır. İstər 30 ildir Türkiyənin ən böyük probleminə çevrilən terror bəlasının ortadan qaldırılması istiqamətində atılan addımlar, istərsə də geri çəkilmək ənənəsi olmayan İsrailin Ankaranın tələblərini qəbul edərək üzr istəməsi heç şübhəsiz, Ərdoğan hökumətinin uğurudur. Ancaq eyni zamanda hər iki hadisənin, xüsusilə birincinin böyük risklər daşıdığını da qeyd etmək lazımdır.
Ərdoğan tarixə qəhrəman kimi düşmək iddiası olan və günlük deyil, uzun müddətli hədəflər müəyyənləşdirərək onlara nail olmaq üçün var gücüylə çalışan (və komandasını çalışdıran) siyasi liderdir. Türkiyədə on illərdir davam edən terroru və kürd problemini həll etmək istiqamətində göstərdiyi səylər də tarixə düşmə iddiasından irəli gəlir. Müstəqil siyasi oyunçu olaraq siyasət səhnəsinə atıldıqdan sonra heç bir ciddi məğlubiyyətlə qarşılaşmayan Ərdoğan üçün kürd problemini həll etmək tarixi hədəfdir.
Bundan əlavə, Ərdoğan həm Türkiyənin prezident üsul-idarəsinə keçməsini arzulayır, həm də 2014-cü ildə xalqın səsi ilə seçiləcək ilk Türkiyə prezidenti olmaq istəyir. Hər iki niyyətinin gerçəkləşməsi üçün kürd probleminin həlli istiqamətindəki uğurların davamı vacibdir. Həm prezident sisteminə keçid üçün, həm prezident seçkilərində böyük faizlə qalib gəlmək üçün Ərdoğanın «ölkənin ən böyük problemini həll edən lider» obrazına ehtiyacı var.
Parlamentdəki iki böyük qrup — CXP və MHP fraksiyaları prezidentlik sisteminə qarşı çıxır. Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası məsələni referenduma çıxaracağına dəfələrlə işarə edib, ancaq bunun üçün baş nazirin partiyasının öz fraksiyasından (327 deputat) başqa ən azı 3 deputatın səsinə ehtiyacı var. Sülh prosesi bağlı qapılar arxasında əldə edilən razılaşmalara uyğun şəkildə davam edəcəyi təqdirdə parlamentdəki kürdlərin referendum qərarına dəstək verəcəyi iddia edilir. Ancaq böyük risklərdən biri burada ortaya çıxır. Müzakirə aparan tərəflər — hökumət və PKK cəbhəsi bir-birinə etibar etmir və hər addımdan sonra cavab jesti gözləməyə köklənmiş vəziyyətdədir. Öcalanın məktubundan sonra Kandildən gələn mesajlar da bunu göstərir. Kandildəki PKK rəhbərliyi terrorçuların Türkiyə ərazisindən çəkilməsi üçün parlamentin və hökumətin bir sıra adımlar atmalı olduğunu bildirir. Hansı adımlardan söhbət getdiyi konkretləşdirilmir, ancaq çəkilmənin yalnız bu halda başlayacağı, üstəlik, bir neçə ay davam edəcək proses olduğu xüsusi vurğuyla qeyd edilir. Hökumət isə bu mərhələdə parlamentin atacağı hər hansı addım olmadığını, PKK-nın ölkə xaricinə çəkilməsi ilə bağlı məsələnin Məclisin işi olmadığını bildirir.
Bu, «minalı sahədə» bazarlıqların hələ uzun müddət davam edəcəyini, tərəflərin bir-birilərini daha çox güzəştə məcbur etmək üçün bütün fürsətləri dəyərləndirəcəyini göstərir. Əslində Öcalan da məktubunda çəkilmə ilə bağlı konkret tarix və mexanizm göstərməməklə və terrorçuları tərksilah olmağa deyil, silahlarını özlərində saxlayaraq ölkə ərazisindən çıxmağa çağırmaqla bazarlığın uzun sürəcəyinə dair mesaj verir. Prosesin daha çətin, daha mürəkkəb mərhələsi bu məktubdan sonra başlayır. Yalnız terrorçuların ölkə xaricinə çəkilməsiylə iş bitmir. Bunun qarşılığında Türkiyə hökumətinin də kürdlərə bir sıra haqların verilməsi, cəmiyyətdə sülhün təminatı olan bir sıra qanunların qəbul edilməsi, indiyə qədər tətbiq olunan bir sıra qaydaların dəyişdirilməsi istiqamətində addımlar atması lazım gələcək. Bu addımlar atılarkən isə Türkiyə cəmiyyətinin həssaslığı daha çox artacaq. Çünki illərdir hər kəsin alışdığı düzəni pozmaq, qəlibləri dağıtmaq, minlərlə şəhid verən bir cəmiyyətə şəhid edən tərəflə barışığı qəbul etdirmək o qədər asan deyil.
Doğrudur, Türkiyədəki bir çox şərhçi sülh prosesinin artıq geri dönməz hal aldığını bildirirlər, ancaq danışıqlar pozulacağı təqdirdə bunun nəticələrinin Türkiyə üçün çox ağır olacağının da hər kəs fərqindədir. Xüsusilə qarşı tərəf sözünə əməl etmədiyi təqdirdə xalqda (qarşıdakı hər ildə bir seçkinin olacağını nəzərə alsaq, «xalq» yerinə «seçici» terminini istifadə etmək daha doğrudur) yaranacaq «terrora son qoymaq üçün bunlara güzəştə getdiniz, istədiklərini aldılar, amma terroru dayandırmadılar» düşüncəsi Ərdoğan hökumətini narahat edən ən ciddi risklərdən biridir. Hökumət həm kürdlərin tələb etdiyi haqları vermək, həm də kürd problemini həll etmək istəyərkən türk milliyyətçiliyinin problemə çevrilməməsi üçün təmkinli davranmaq məcbutiyyətindədir.
Aynanın yeni köşə rubrikasından.

