Prezident terakt qurbanı olmuş 2000-ə yaxın vətəndaşımızı xatırlatdı
Martın 18-də Bakıda «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda Beynəlxalq konfransda prezident İlham Əliyev nitqində terrorizmə qarşı mübarizənin hər zaman aktual olduğunu bildirərək demişdir ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, o hadisələr zamanı 2000-ə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını xatırlatmışdır. Əliyev erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini də qeyd etmişdir.
Prezident bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə də toxunmuş və vurğulamışdır ki, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qalır. Azərbaycan prezidenti Ermənistanın bu məsələdə «status-kvo»nu qoruyub saxlamağa çalışdığını da konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyev konfrans iştirakçılarına XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı, bu gün 4 ölkənin parlamentinin bu faciəni soyqırımı kimi tanıdığı, bu istiqamətdə digər ölkələrdə də iş aparıldığı, terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirmək zərurəti haqda da danışmışdır.
Konfransda 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların təmsilçıləri və ekspertləri
iştirak edir.
Konfrans işini davam etdirir.