Prezident: Qarşıdakı 5 ildə kənd yolları diqqətdə olacaq
Bu proses başlayıb, geniş vüsət alıb. Ancaq bildiyiniz kimi, bu, çox böyük vəsait tələb edən layihələrdir və zamana ehtiyac var. Çünki kənd yollarımızın əksəriyyəti yararsız vəziyyətdə idi. Son illərdə bu sahəyə çox böyük vəsait ayrılır və çalışırıq ki, hər bir rayonda heç olmasa bir və ya iki böyük layihə icra edilsin. Ona görə hər bir rayonun kənd yollarının tam şəkildə bərpası bir qədər vaxt tələb edəcək. Ancaq hesab edirəm ki, növbəti beş il ərzində, bəlkə də ondan da tez bütün kənd yolları qurulacaq, tikiləcək. Yəni, qarşıya belə bir vəzifə qoyulub. Bu perspektiv barədə prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon ictimaiyyəti ilə görüşündə deyib.
Dövlət başçısı bütün bölgələrin inkişaf göstəricilərindən razıdır. Deyir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilib və gələn ilin əvvəlindən üçüncü proqram icra edilməyə başlayacaq. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş problemlər də öz həllini tapmalıdır”.