Prezident İlham Əliyev: «Təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir»
Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir və Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən məsələlərdir: «Forumun işinə çox böyük maraq var. 70 ölkədən 800-ə yaxın qonaq iştirak edir və demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır. Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir və hesab edirəm ki, bizim ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıb və bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir».
Dövlət başçısının sözlərinə görə, bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı, artıq iki dəfə mədəniyyətlərarası dialoq forumu keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır: «Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir, çünki bütün dövrlərdə Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar».
İlham Əliyev bildirib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan düzgünlük, tolerantlıq məkanı olmuşdur və bu möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycan öz siyasətini qurur. Azərbaycanda bu gün çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur: «Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir və biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin abidələri, tarixi abidələr qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük Məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilib. Bu məscidin 1270 yaşı var. Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Və əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir və vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir. Bir daha qeyd etmək istəyirəm ki, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir».
Prezident çıxışında əminliklə bildirib ki, forumun gözəl gələcəyi olacaq və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən müsbət proseslərə öz müsbət təsirini göstərəcəkdir: «Forumun çox geniş gündəliyi var, çox maraqlı mövzular müzakirə ediləcəkdir. Ancaq mənə verilən məlumata görə, ən böyük maraq doğuran multikulturalizmlə bağlı olan məsələlərdir və deyə bilərəm ki, forumun mərkəzində məhz bu mövzu yerləşir, çünki bu mövzu daim diqqət tələb edir və bu mövzu ilə bağlı dünyada müxtəlif fikirlər var. Əlbəttə, müsbət təcrübə də var, mənfi təcrübə də var. Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəflərini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk və bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir».
Dövlət başçısının sözlərinə görə, XXI əsrdə multikulturalizmə alternativ yoxdur, alternativ ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır, əlbəttə ki, XXI əsrdə bu xoşagəlməz meyillərə biz biganə yanaşa bilmərik: «Ona görə mülti-mədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni bəşəriyyət bu istiqamətdə inkişaf edib və bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturalizmlə bağlı olan problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir».
İlham Əliyev hesab edir ki, bu problemlər gizlədilməməli, ört-basdır edilməməlidir: «Onlar açıq şəkildə müzakirə edilməli, müsbət və mənfi təcrübələr təhlil edilməlidir. Bir də demək istəyirəm ki, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multi-mədəniyyətli cəmityyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, bu, bizim həyat tərzimizdir və humanitar forumun məhz Bakıda keçirilməsi hesab edirəm ki, bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir».