Prezident Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Fondunun 2014-cü il büdcəsini təsdiq edib
Prezident İlham Əliyev «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.
Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilir.
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri isə 11 349 934,8 min manat məbləğində təsdiq edilir.