Muəllif:

Pozucu və…

Ankara

Ən son yazımda hakimiyyətin hər fürsətdə müxalifəti «ermənipərəst», «düşmən dəyirmanına su tökən» kimi sifətlərlə damğalama ənənəsindən yazmışdım. Əslində isə ənənə yalnız hakimiyyətə xas deyil. Bütün geri qalmış ölkələrdə və geri qalmış cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da kimin kimdən xoşu gəlmirsə, mütləq onu «filankəsin dəyirmanına su daşımaqda» ittiham edir. Keçən günlərdə bu sağalmaz xəstəlikdən biz də nəsibimizi aldıq. Azərbaycanın müxalifət partiyalarından birinin rəhbərliyində təmsil olunan şəxslərdən birisi Milli Şura adı altında oynanan qeyri-ciddi siyasi oyunları tənqid etməyimizdən və «Rüstəm İbrahimbəyov gəlməyəcək və ya lazım olan anda gəlməyəcək» deyə proqnoz verməyimizdən qəzəblənərək bizi əvvəlcə hakimiyyətin dəyirmanına su tökməkdə suçladı. Sonra dözmədi, bir də «xaricdə xoşbəxt olub İlham Əliyevi sevdiyimizi» iddia elədi, ən sonda isə miqyası lap böyütdü, bizi Putinə işləməkdə ittiham elədi. Yenə müxalifət partiyalarının birinin rəhbərliyində təmsil olunan və guya özü də jurnalist olan başqa birisindən isə «pozucu» damğası yedik. İlham Əliyev üçün alternativsiz seçki şəraiti yaradan, oyunu oynamadan, bəri başdan və şüurlu şəkildə uduzub, Azərbaycan müxalifətini son 20 ildə olmadığı qədər pis vəziyyətə salan siyasəti tənqid elədiyimiz üçün. Birlik və seçkidə iştirak adı altında başladılan prosesi bilərək və şüurlu şəkildə boykota və parçalanmaya yönləndirən oyunu tənqid elədiyimiz üçün.
Əslində, sadəcə, situasiyalar fərqlidi, leksikon, yanaşma, qafa eynidi. Tənqid edirsənsə, düşmənsən. Fərqli düşünürsən və bunu ifadə edirsənsə, pozucusan, xainsən. Vəziyyətin nə qədər acınacaqlı, çətin, çıxılmaz olduğunu görür və yazırsansa, hakimiyyətin dəyirmanına su tökürsən. Guya sənin gördüyünü, hər kəsin gördüyünü hakimiyyət görmürmüş.
Azərbaycan hakimiyyəti illərdir Avropa Şurasında, ATƏT-də, digər beynəlxalq təşkilatlarda ölkədəki vəziyyətlə bağlı hesabat verənləri, çıxış eləyənləri, həqiqətləri söyləyənləri vətənpərvər olmamaqda, düşmən dəyirmanına su tökməkdə, ermənipərəst olmaqda suçlayır. Azərbaycan müxalifətinin təmsilçiləri isə hər kəsin gözünün qarşısında baş verən biabırçılığı tənqid eləyənləri, zibili kilimin altına süpürməyənləri «birləşdirici» olmamaqda, hakimiyyətə işləməkdə, Putinin dəyirmanına su tökməkdə, pozucu olmaqda ittiham edir. Heç bir fərq yoxdu. Heç bir fərq olmadığı müddətcə heç bir nəticə də olmayacaq. Bu yanaşmayla, bu zehniyyətlə, səninlə eyni cür düşünməyən birisiylə mübahisənin ikinci cümləsinə belə keçmədən «dəyirmana su tökən», «filankəsə işləyən», «düşmən», «pozucu» kimi yarlıqlara sığınma acizliyilə heç nə də dəyişməyəcək. Özünə demokrat deyənlərin qafası bizim qəddar, amansız, avtoritar iqtidarın qafasına bənzədiyi müddətcə Azərbaycanda hər şey, müxalifətçilik də daxil hər şey karikatura olaraq qalacaq….

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 245