Muəllif:

Popuqaylar yaxşı quşlardır,

Saytlar, agentliklər, qəzetlər bu həftə o qədər maraqlı, düşündürücü, gözlənilməz bəyanatlar yaydılar, xəbərlər gətirdilər ki, jurnalistlər və onların Azərbaycan cəmiyyətindəki rolu barədə ən tənqidi mövqedə dayananların da ürəyi yumşalmalı idi.
Doğrudan da, keyfiyyətli jurnalistikada çox zaman heç şərhə ehtiyac qalmır. Hələ XI əsrdə Keykavus tövsiyyələr toplusu «Qabusnamə»də yazırdı:»Hər adam öz dilinin altında gizlənib». Sadəcə adamı oradan dartıb çıxarmağı bacarmaq kifayətdir.
Fikirlərimin təsdiqi üçün iki şedevrdən sizə qısa ixtisarlarla nümunələr gətirirəm.
Birinci şedevr mayın 8-də «Yeni Müsavat»ın saytında dərc olunub.
«…Xəbərə görə, bir qrup jurnalist Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Sual metropoliten rəisini özündən çıxarıb. T.Əhmədov: «nədir, «popuqay»sız, hər məni görəndə bu sualı verirsiniz» deyə jurnalistləri təhqir edib.»
Qəzetin iki əməkdaşı yüksək səviyyəli məmurla söhbətdə məsələni araşdırır:
«- … Jurnalistlərlə aranızda yenidən gərginlik yaranıb. Jurnalistləri «popuqay» adlandırmısınız…
— Yox, mənim onlara dediyim bu oldu ki, bir dəfə dediyim sözü niyə mənə beş dəfə təkrarladırsınız? Niyə mən təkrarlamalıyam? Hər dəfə yaxınlaşırlar ki, davay, bu suala cavab ver. Həmin suala 50 dəfə cavab verilib…
— Siz 51-ci dəfə bu suala cavab versəniz, daha yaxşı olmazdı? Nəinki qələm əhlinə «popuqay» deyəsiniz?
— Yox, olmaz. Eyni şeyi hər dəfə demək olmaz.
— Bəs jurnalistlər sizə nə sual versinlər? Metropolitenin rəhbərisiniz və profilinizə uyğun suallar verilir.
— Sual yoxdursa, bu gün verməsin. Suallarını yığsın, sonra birdən versin…
— Bu son açıqlamanızdan sonra mətbuat sizin əleyhinizə kampaniyaya başlayacaq. Bundan narahat deyilsiz?
— Mənim əleyhimə heç bir kampaniya başlaya bilməz. Çünki, dediyimi düz deyirəm…
— Yox axı, bu gün jurnalistləri təhqir etmisiz, onlara «popuqay» demisiz…
— …Mən o sözü özümə demişəm, jurnalistə yox.
— Yəni yanlış anlaşma olub? Özünüzü nəzərdə tutmusuz o sözü deyəndə?
— …Mənim üçdə alacağım, beşdə verəcəyim yoxdur. Amma həqiqətən o sözü şəxsən özümə dedim. Ordakılar şahiddir. Mən jurnalistlərə heç vaxt o sözü deyə bilmərəm. Özümə demişəm ki, nə qədər popuqaylıq eləmək olar? Hətta yoldaşlardan biri dedi ki, sən niyə özünə popuqay deyirsən? Dedim ki, popuqay pis quş deyil,..»
İkinci şedevr ertəsi gün ANS PRESS-də işıq üzü görüb: «Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun ardınca Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da jurnalistləri təhqir edib. ANS PRESS-in məlumatına görə, Bakı meri «Azadlıq» radiosunun müxbirinin sualına belə cavab verib: «Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm».
Nə Tağı Əhmədovla Hacıbala Abutalıbova, nə də oxucuya jurnalistlərin vəzifəsi, məmurların davranışı, təfəkkürü və imici, dövlət rəsmilərinin cəmiyyət və qanun qarşısında öhdəliyi haqda məruzə moizə oxuyacam. Əvvəla, heç bir şərhə və moizəyə ehtiyac görmürəm. İkincisi də, Tağı müəllimlə Hacıbala müəllim şərəf və layaqətlərinə Dümanın müşketyorları qədər həssas yanaşırlar. Bir söz xoşlarına gəlməyən kimi, qələmlərini itiləyib, məhkəməyə şikayət yazırlar. Məhkəmə də ki… Ona görə şərh-filan lazım deyil, qoy özləri öz dillərinin altından çıxsınlar.
***
Bir şedevr də yadıma düşdü: Şvartsın böyüklər üçün «Əjdaha» nağılı. «Ayna»da ötən yazılarımdan birində bu əsəri Azərbaycan dilinə tərcümə etdiyimi demişdim. Ordan kiçicik parça, bilmirəm, hardan ağlıma gəldi, çünki nə bizim işlərə, nə də tutuquşulara (Azərbaycan dilində «popuqay» deməkdir) aidiyyatı-zadı yoxdur. Nağıldır da…
«Vali təngnəfəs içəri girir…
Vali. Əvvəla, zəhmət olmasa, yavaş danışın, mümkün qədər jestlərdən istifadə etməyin, yumşaq davranın və gözlərimin içinə baxmayın.
Lanselot. Niyə?
Vali. Çünki əsəblərim çox pis vəziyyətdədir. Mən dünyada mövcud olan bütün psixi və əsəb xəstəliklərinə tutulmuşam, bundan əlavə, indiyədək elmə məlum olmayan üç xəstəliyə yoluxmuşam. Elə bilirsiniz, Əjdahanın hökmranlıq etdiyi məmləkətdə vali olmaq asandır?
Lanselot. Mən onunla məsələni çürüdəndən sonra sizin də vəziyyətiniz yüngülləşər.
Vali. Yüngülləşər? Ha-ha! Yüngülləşər! Ha-ha… Yüngülləşər! (İsterikaya düşür. Su içib sakitləşir). Sizin cənab Əjdahanı döyüşə çağırmaq cəsarətində bulunmağınızın özü bir bədbəxtlikdir. İşlər qaydası ilə gedirdi. Cənab Əjdaha öz nüfuzu ilə mənim köməkçimi — belə əclaf hələm-hələm ələ düşməz — və onun alverçilərdən ibarət bandasını nəzarətdə saxlayırdı. İndi hər şey dəyəcək bir-birinə. Cənab Əjdahanın başı döyüş hazırlığına qarışacaq, şəhər işləri tökülüb qalacaq, özü də yenicə girişmişdi bu işlərə.
Lanselot. Bir başa düşün, ay bədbəxt, mən şəhəri xilas edəcəyəm!
Vali. Şəhəri? Ha-ha! Şəhəri! Şəhəri! Ha-ha. (Su içib sakitləşir). Mənim köməkçim elə bir əclafdır ki, onu məhv etmək üçün iki şəhəri qurban verməyə hazıram. Mənim köməkçim kimi bir murdardansa, beş Əjdaha yaxşıdır. Yalvarıram sizə, çıxıb gedin.
Lanselot. Getməyəcəyəm.
Vali. Sizi təbrik edirəm, mənim katalepsiyam tutdu (sifətində acı gülüş donub qalır).
Lanselot. Mən hamınızı xilas edəcəyəm. Başa düşün. Başa düşmürsünüz?
Vali susur. Lanselot onun üzünə su çiləyir.
Vali. Yox, mən sizi başa düşmürəm. Onunla savaşa çıxmağı kim sizdən xahiş edir?
Lanselot. Bütün şəhər bunu istəyir.
Vali. Eləmi? Pəncərədən baxın. Şəhərin ən yaxşı adamları yığışıblar ki, sizdən çıxıb getməyi xahiş etsinlər.
Lanselot. Hanı onlar?
Vali. Odur bax, divarın dibinə qısılıblar. Yaxın gəlin, mənim dostlarım.
Lanselot. Bəs niyə onlar barmaqlarının ucunda gəzirlər?
Vali. Mənim əsəblərimə təsir etməməkdən ötrü. Mənim dostlarım, bu Lanselota ondan nə istədiyinizi deyin. Hə, bir, iki, üç!
Xor. Çıxıb gedin işinizə! Tezliklə! Elə bu gün!».
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 335