Muəllif:

Pomidora insan böyrəyi geni yeritmək, kartofa əqrəb geni vurmaq…

Avstriya, Yunanıstan, Venesuela, Polşa özlərini GMO (geni modifikasiya olunmuş orqanizm) məhsullardan azad zona elan edib. Onlarla ölkənin müxtəlif bölgələri GMO məhsullarını yasaq edib. Azərbaycanda genetik ehtiyatların qorunmasına xidmət edən qanun 2011-ci ilin dekabrından qüvvəyə minib. Qanun ölkəyə geni dəyişdirilmiş bitkilərin gətirilməsini qadağan edir.

Kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları ən keyfiyyətli məhsullar sayır, hesab edir ki, onların “keyfiyyəti əvəzolunmazdır”, xüsusilə meyvə-tərəvəzi qeyd edir. Buna səbəb kimi yerli fermerlərin gübrələrdən az istifadə etməsini göstərir. Belə ki, Azərbaycanda gübrəyə tələbat ildə 1 milyon tona yaxın olsa da, reallıqda bunun cəmi 10 faizinə qədəri, yəni 100 min tona yaxın gübrə işlədilir. Bu hal məhsuldarlığı aşağı salsa da, məhsulların ekoloji təmizliyini şərtləndirir.

“Monsanto”, “Cargill” kimi transmilli şirkətlər dünyanı geni modifikasiya olunmuş məhsulların təhlükəsiz olduğuna inandırmağa çalışır, amma alimlər bunun əksini deyir.
Geni dəyişdirilmiş bitkilərin fəsadları varmı? Belə məhsullar hansı ölkələrdə daha çox istehsal edilir? Azərbaycanda bu məhsulları təyin edən laboratoriya varmı?
Azərbaycan Aqrar Universitetinin genetika və seleksiya kafedrasının müdiri dosent Firudin Qurbanov “Media forum”a açıqlamasında geni modifikasiya olunmuş məhsullardan uzaq durmağı məsləhət bilib: “Əgər bir bitki eyni fəsildən olan başqa bir bitki ilə modifikasiya olunsa, bunun heç bir fəsadı yoxdur. Amma pomidora insan böyrəyinin genini yeritmək, kartofa gəmiricilərdən qorunmaq üçün əqrəb geni vurmaq yolverilməzdir. ABŞ, Argentina, Kanada, Rumıniya, Almaniya, İspaniya, Avstraliya ən çox GMO qida məhsulları istehsal edən ölkələrdir. GMO-ya gündəlik tələbat olan qida məhsullarında daha çox təsadüf edilir. Yəni qarğıdalı, düyü, buğda, kartof, alma, portağal kimi bitkilər, uşaq yeməkləri, “fəst fud” qidaları, yoqurt, şokolad GMO məhsulların siyahısında başçılıq edir”.

Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov GMO məhsulların insanda bir sıra xəstəlik törətdiyini düşünür:

“GMO insanda xərçəng, cinsi zəiflik, psixi aqressivlik, orqanizmin toksiki zəhərlənməsi ilə müşahidə olunan bir çox xəstəliyin mənşəyidir. Son dövrlərdə körpələrin şikəst doğulması ananın qidasında geni dəyişdirilmiş məhsulların üstünlük təşkil etməsinin birbaşa nəticəsidir. Fransada aparılan təcrübələr GMO tərkibli qarğıdalı ilə bəslənən siçanların normal qida ilə yemlənən siçanlardan daha tez öldüyünü aşkarlayıb. Ölü siçanları yararkən onların daxili orqanlarının sıradan çıxdığı, bir neçə orqanlarında isə bədxassəli şiş olduğu aşkar edilib. Nəticədə Fransa bu məhsulları öz ölkəsində qadağan etməyə məcbur oldu”.

Azərbaycan Tibb Universitetinin ümumi biologiya kafedrasının müdiri professor Canbaxış Nəcəfov bildirib ki, ölkəyə gətirilən qidaları analiz edən laboratoriya yoxdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 479