Polis polkovniki azərbaycanlıları niyə güllələyib?
Rusiyanın İjevsk şəhərində aprelin 13-də gecə saatlarında baş verən hadisənin təfərrüatları yayılıb. Polis polkovnikinin iki azərbaycanlını güllələməsi Rusiyada və Azərbaycanda geniş rezonans doğurub. Udmurtiya DİN Kriminalistika Ekspert Mərkəzinin rəis müavini, 48 yaşlı Qluxov Andrey Leonidoviç qonşuluqda yaşayan azərbaycanlı, 1967-ci il doğumlu Qaflan Əbülfəz oğlu Aslanova pnevmatik silahdan altı dəfə atəş açıb və Aslanov hadisə yerində keçinib, iki güllə yarası alan Ehtiram Əlibala oğlu Qasımov (1976) isə ağır yaralanıb.
Hadisəyə səbəb Qaflan Aslanovun evindən gələn yüksək müsiqi səsi olub. Həmin gecə Aslanovun ailəsində yeni evə köçmələri münasibətilə qonaqlıq mərasimi imiş. Bu zaman evin qapısı döyülüb. Qapını döyən, bir mərtəbə yuxarıda yaşayan polkovnik Andrey Qluxov Qaflan Aslanovu təhqir etməyə başlayıb. Qafqazlıların onu bezdirdiyini söyləyən polkovnik səs-küyü dayandırmağı tələb edib. Aslanov qonşusundan üzr istəyərək səs-küyün olmayacağını söyləyib. Yarım saat sonra Andrey Qluxov bir də qapını döyüb. Bu zaman qapını Qaflan Aslanovun həyat yoldaşı açıb. Əlində silah olan polkovnik qadını itələyib və səs-küyə gələn Qaflan Aslanova tapançadan altı dəfə atəş açıb. Soydaşımızın bədəninə dörd, ağzına bir güllə sıxan polis polkovniki daha sonra onun öldüyünə əmin olmaq üçün başına bir güllə də vurub. Qaflan Aslanov hadisə yerində, 8 yaşlı qızının gözü önündə keçinib. Polkovnik daha sonra Aslanovun qohumu olan Ehtiram Qasımova da atəş açıb. İki güllə yarası alan Ehtiram Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Öldürülən Qaflan Aslanovun qohumlarının APA-ya verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları hadisənin motivi barədə bilərəkdən yalnış məlumat yayıblar. Qohumların sözlərinə görə, yerli hüquq-mühafizə orqanları hadisənin Q. Aslanov və E. Qasımovun təqsirindən baş verdiyi barədə rəy formalaşdırmaq istəyirlər: “Onlar cinayəti törədən polkovnik Andrey Qluxovu məsuliyyətdən yayındırmaq üçün belə edirlər”.
Dünən Rusiya hüquq-mühafizə orqanları hadisə barədə başqa məlumat yayıb. Məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqraraq danışdığını eşidib və onlardan özlərini sakit aparmağı tələb edib. Mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silahı işə salıb…