Polis niyə özünü binadan ataraq intihar edib?
Bir neçə gün əvvəl Bakıda meyiti tapılan polis əməkdaşı ilə bağlı düşündürücü faktlar ortaya çıxıb.
Noyabrın 15-də, Neapol prospekti, 43 ünvanında meyiti tapılan, 1978-ci il doğumlu Rəşad Nurəddin oğlu Həsənovun özünü binadan ataraq intihar etdiyi məlum olub. İntiharın səbəbləri isə hələlik açıqlanmır.
Həsənov Sabunçu rayon mühafizə polisinin əməkdaşıdır. O, Maştağada yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında xidmət aparırmış. Noyabrın 15-də 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman Həsənov da orada xidmətdə olub. Həsənovun özünə qəsd etməsinin səbəbləri araşdırılır.
Bəlli olduğu kimi, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, CM 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, CM 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və CM 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları — polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Onların tutulması üçün müvafiq tədbirlər görülür.