Muəllif:

Pioner düşərgələri indiki zamana uyğunlaşdırılacaq

Milli Məclisin Sosial siyasət komitəsi 2013-cü ilin yaz sessiyasının qanunvericilik planına 2 qanun layihəsini təqdim etməyi nəzərdə tutur. «Trend»in məlumatına görə, bu barədə MM Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
O qeyd edib ki, bunlar Azərbaycan Prezidentinin imzası ilə Parlamentə göndərilmiş «Uşaqların icbari dispanserizasiyası haqqında» qanun layihəsi və hazırda komitə tərəfindən üzərində işlənilən «Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında» qanunvericilik aktıdır.
Rəcəbli deyib ki, bu qanun layihəsi ilə bir növ SSRİ dövründə mövcud olan pioner düşərgələrinin müasir dövrə uyğunlaşdırılmış formada bərpası nəzərdə tutulur. «Bununla yanaşı, komitədə bir sıra qanun layihələri üzərində işlər aparılır. Onları, çox güman, bu sessiya ərzində qanunvericilik işləri planına daxil etmək mümkün olmayacaq. Həmin sənədlər «Gənc ailələrin sosial müdafiəsi haqqında», «Sosial sifariş haqqında», «Sosial ipoteka haqqında» və «Reproduktiv sağlamlığın təmin edilməsi haqqında» qanun layihələridir», — komitə sədri deyib.
O bildirib ki, həmçinin komitə 3 qanunvericilik aktına dəyişikliklər məsələsini qanunvericilik işləri planına təqdim etməyi nəzərdə tutur. Bunlar «Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında» qanuna dəyişikliklərdir ki, burada da həmin kateqoriyadan olan uşaqların pulsuz təhsil alması məsələsi əks olunur. «Digər sənəd Ailə Məcəlləsinə dəyişikliklə bağlıdır. Burada da nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi məsələsidir. Üçüncü sənəd isə «Əhalinin sağlamlığının qorunması haqqında» qanuna dəyişikliklə bağlıdır, burada ərzağın digər maddələr hesabına zənginləşdirilməsi məsələsi öz əksini tapır», — Rəcəbli deyib.
Uşaqlar ildə bir dəfə icbari müayinədən keçəcəklər
Sosial siyasət komitəsinin iclasında müzakirə olunan yeni «Uşaqların icbari dispanserizasiyası haqqında» qanunda isə qeyd olunub ki, uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq. Bu, onların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq. Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmət göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156