Piano üzərində dolaşan Kabus
İstanbul
20 il əvvəl, soyuq bir dekabr günü, Moskvada ezamiyyətdə ikən dostlarım mənə unudulmaz bir axşam yaşatdılar. Vaxtilə aspiranturada bir oxuduğum rəfiqəm məni teatra dəvət etdi. Bacısı ilk dəfə səhnəyə çıxacaqdı, dəstəkləmək üçün dəvəti qəbul etdim. Sovetlər yeni dağılmış, Rusiya siyasi-iqtisadi kataklizmlər içindəydi. Buna rəğmən Lenin Komsomolu adına Avtomobil Zavodunun (AZLK) Mədəniyyət Sarayında anşlaq idi.
Foyedə Salvador Dalinin (1904-1989) «Qismi qarabasma və ya fortepiano üzərində Leninin 6 portreti» əsərinin reproduksiyası asılmışdı. Əsli Parisdəki Pompidu mərkəzində sərgilənən bu tablo dünya proletariatının «lideri» Leninin gerçək üzünü ortaya çıxardan ilk bədii sənət əsərlərindəndir. 1931-ci ildə çəkdiyi bu rəsm əsərinin yaranması haqda Dali belə yazır:»Qürubun alacaqaranlığında pianonun mavi klaviaturasını, onun perspektivində isə fosforlaşaraq uzaqlaşan Leninin sifətini əhatə edən 6 sarı dairə gördüm». Bu tablodan sonra Moskva Salvador Dalini «qara siyahıya» salmış, «sürrealizm» Stalin tərəfindən «zərərli cərəyan» adlandırılmışdı…
***
«Çəkdiyim saatların əriyərək axması önəmli deyil. Əsas olan onların zamanı doğru göstərməsidir». Salvador Dalinin «əriyən» saatları dəqiq göstərdilər zamanı. Çünki zaman onun zamanı, XX əsr onun əsri idi. Haqqında bu qədər miflər yaradılmış başqa bir sənətkar tapmaq çətindir. 85 illik həyatında Dali bənzərsiz əsərlər yaratdı. Rəngli görünüşü, xarizması, nağıl kimi həyatı ilə sürəkli ön planda qaldı. İçində fərqli «Dalilər» var idi — inqilabçı, konformist, irqçi-milliyyətçi, monarxist. Daliyə dahi, anarxist, manyak, antileninçi kimi ləqəblər qoysalar da, özü ən çox «dahi» adlandırılmaqdan xoşlanırdı. «İstedadlı insan hər şeydə istedadlıdır» — bu məşhur deyim sanki onun üçün deyilmişdi. Rəssam, qrafik, heykəltəraş, dizayner, yazar, şair, ssenarist — «on barmağında on mərifət» var idi Dalinin. O, «Dahinin gündəliyi», «Dali Dali haqda», «S.Dalinin gizli həyatı» kimi kitabları ilə də yaşadığı əsrə damğasını vurmuşdu.
«Pikasso ispandır, mən də! Pikasso dahidir, mən də! Pikasso kommunistdir, mən yox!» P.Pikasso, F.Q.Lorka, L.Bunyuel, A.Breton, P.Elyuar Salvador Dalinin gənclik dostlarıdır. Başda şair Andre Breton olmaqla onların çoxu sürrealizm axınının öncülləri və yaradıcıları idilər. Freydin psixoanaliz nəzəriyyəsindən ilham alan bu istedadlı gənclər gerçəkliklə yuxunun sinteziylə yeni avanqard cərəyan yaratdılar. Radikal sola meyilli idilər və getdikcə kommunizm utopiyasını mənimsəməyə başlayırdılar. Dali artıq onlarla bərabər hərəkət edə bilməzdi və «Mən sürrealist deyiləm, mən sürrealizməm» deyərək, 1934-də qrupdan ayrıldı. Zatən «Qismi qarabasma və ya fortepiano üzərində Leninin 6 portreti» tablosu ilə siyasi baxışını açıq bir şəkildə ortaya qoymuşdu…
***
İlk dəfə idi ki, «rəsm əsərinin tamaşası»nı seyr edirdim. Tamaşada notaların yerini tutmuş qarışqalarla klaviatura üzərindəki Leninlər canlanaraq buffonadaya başlayırlar. «Dünya proletariatının banisi» Lenin — İnqilabın Lideri, Lenin — İnqilabın Bələdçisi kimi 6 çeşidli obrazda zühur edir, Şopenin sonatası «Sobaçiy vals»a, Betxovenin ölümsüz «Appassionatası» isə «Sem sorok»a keçir. «Lenin s nami» şüarı ilə böyümüş tamaşaçı tərəddüd edir — gülsünmü, ağlasınmı. Səhnədəki fantasmoqorik balaqan bir partiya işçisinin görə biləcəyi ən dəhşətli yuxuya bənzəyir. Cilddən-cildə girən Leninlər, onun tanış jestləri, alasəy, rabitəsiz dialoqlar, bu dəhşətli vakxanaliya tamaşaçının canına qorxu, ümidsizlik salırdı. Halbuki Leninin 55 cildlik seçilmiş əsərlər cəfəngiyatı bu bədbəxtlərə röya kimi bir gələcək vəd etmişdi.
Amma hər şey yaxşı bitir. Şopenin musiqisi Leninizmin murdar mirasını, onun bütün «kirini, pasağını» yuyub təmizləyir. Lakin salondakı tamaşaçı rahatlamır, bu terapi onu zərrə qədər də olsa, arındıra bilmirdi. Çünki ruslar başda olmaqla bütün sovet xalqlarının cəlladı, kütləvi terrorun Baş Sifarişçisi olan Lenin ideyaları, əməlləri ilə hələ də bizimlədir.
***
O mistik axşamın davamında rəfiqəmin bacısı bizi bir neçə gənc aktyor dostu ilə premyeranı qeyd etmək üçün evlərinə dəvət etdilər. Xatirə olaraq da mənə Viktor Pelevinin 1990-da nəşr edilən «Zombiləşdirmə. Müqayisəli antropologiya təcrübəsi» adlı kitabını hədiyyə etdilər. «Kommunizm — pizdır maksımardış pıj» şüarını da Pelevinin o kitabından götürmüşəm. Tərcüməsinə o vaxt, nə də bu gün inanmadığım Leninin sözləri idi — «Kommunizm — bəşəriyyətin xoş gələcəyidir».
***
Dalini Dali olduğu üçün sevirəm. Dalini həm də dəli olduğu üçün sevirəm. Baxmayaraq ki, «Mənimlə dəli arasındakı fərq ondadır ki, mən dəli deyiləm», deyirdi. Amma ən çox kommunizmə inanmadığı, Moskvadan qorxmadığı, Leninə meydan oxuduğu, Sovetlərə od qoyduğu üçün sevirəm…
Axşamın irəliləyən saatlarında ev sahibəsi bizə kiçicik piano ziyafəti verdi. Piano üzərində bir kabus dolaşırdı. Zəhrimaraqalmış yenə bizimlə idi…
[email protected]