Muəllif:

Peşə borcunu yerinə yetirən jurnalistlərə cox ağır cəza istənilib

“Xəyal” TV jurnalistləri Vüqar Qonaqov və Zaur Quliyevə toplum üçün çox önəmli bilgiləri yaymalarına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə kimi çox ağır cinayət cəzasının istənilməsi qanunsuzdur. Çünki, ictimai məzmun daşıyan bilgiləri əldə etmək, hazırlamaq, topluma çatdırmaq elə medianın, jurnalistlərin əsas vəzifəsidir. Media Hüququ İnstitutu peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin buna görə cəzalandırılmasının yolverilməzliyini vurğulayır, V.Qonaqov və Z.Quliyevə istənilmiş cəzaları kəskin qınayır, deyə bu qurumdan AYNAya daxil olan bəyanatda qeyd edilir.

Xatırladılır ki, Qubada yayımlanan regional “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev 2012-ci ilin martında həbs olunublar. Hər iki jurnalist rayon İH başçısının Quba şəhərində iğtişaşalara səbəb olan çıxışını internet sosial şəbəkələrində yaymaqda təqsirləndirilirlər. Onlara qarşı ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyə (CM, Maddə 233) və vəzifə səlahiyyətlərini aşmağa (CM, Maddə 309) görə şübhəli ittihamlar irəli sürülüb. Fevralın 25-də dövlət ittihamçısı Xaçmaz Məhkəməsindən Vüqar Qonaqov və Zaur Quliyevin, habelə İH başçısının Quba sakinləri arasında narahatlıqla qarşılanan çıxışını sosial şəbəkələrdə paylaşan Muxtar Ələkbərovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Media Hüququ İnstitutu bir daha qeyd edir ki, jurnalistlərin ictimai önəmli bilgiləri, o cümlədən yüksək vəzifəli şəxslərin açıq toplantıda söylədidiklərini yayması, həmin bilgilərin hər hansı formada yayılmasında iştirakı qanun pozuntusu hesab edilə bilməz.

Media Hüququ İnstitutu VURĞULAYIR Kİ,

— Quba şəhərində baş vermiş iğtişaşlarla jurnalistlərin rayonun İH başçısının çıxışını yayması arasında real və ağlabatan səbəb əlaqəsi mövcud olmayıb. İstənilən inzibati ərazi vahidinin yüksək vəzifəli şəxsinin açıq toplantıda nə söylədidikləri ictimai önəmli bilgilərdir. Hər kəsin, xüsusilə də jurnalistlərin həmin bilgiləri bilmək, hazırlamaq, redaktə etmək, yaymaq haqqı var ki, V.Qonaqov və Zaur Quliyev ölkə qanunvericiliyində təsbit olunan bu hüquqlarından çıxış ediblər.
— Jurnalistlərin yaydıqları videogörüntülərin məzmununda da hüquq pozuntusu kimi qiymətləndirilə biləcək hər hansı təhrif, əlavə şərh və çağırışlara yol verilməyib. Yayilmiş video görüntülərin hakimiyyət rəsmisinin işindən narazı şəxsləri səfərbər etmək potensialına malik olmasının güman edilməsi, eləcə də hətta provokativ məzmunlu kimi qəbul edilməsi belə, həmin videomaterialın hazırlanması və yayılmasının qanunsuz olması nəticəsini çıxarmaq üçün əsas ola bilməz. Çünki, ifadə azadlığı təkçə xoş qarşılanan, yumşaq, ürəyəyatan, mədh edən ifadələri deyil, cəmiyyəti və ya onun bir hissəsini şoka salan, həyacanlandıran pozucu ifadələri də əhatə edir. Bunlar ifadə azadlığı hüququnun vazkeçilməz ünsürləridir.
— Qubada baş verən iğtişaşlar yanlış idarəetmənin, korrupsiyanın, insanların rəsmi qurumlara inamsızlığının nəticəsində ola bilərdi. Bütün bunların fonunda, iğtişaşlara görə məhz jurnalistərə çox ağır cəza istənilməsi ittiham tərəfinin ifadə, söz, düşüncə azadlığına münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. Öz peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı belə ağır cəzaların istənilməsi seçilmiş şəxslərin, məmurların davranışları, ümumiyyətlə, dövlət qurumlarında baş verənlər haqqında dürüst bilgiləri almaqdan, hazırlamaqdan, yaymaqdan çəkindirməyə yönəlib.

Media Hüququ İnstitutu bir daha peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin buna görə cəzalandırılmasının yolverilməzliyini, qanunsuzluğunu vurğulayır, peşə fəaliyyətinə görə həbsdə olan jurnalistlərin azad olunacağına ümid edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154