Muəllif:

«Pərviz İsgəndərli işi»: Kimdir müqəssir? Əsgərlərmi? Yoxsa zabitlər?

Böyük rezonans doğurmuş əsgər ölümlərindən daha biri — «Pərviz İsgəndərli işi» üzrə istintaq bitmişdir. Yanvarın 29-da Tərtərdə məhkəmə başlanır. Bu iş üzrə 4 əsgər Vüsal İsgəndərli, Şahin Xudiyev, Sabir Musayev və Vidadi Mustafayev təqsirləndirilir. Onlara qarşı CM 182.2.1, 182.2.2, 182.2.3 və 323.3 maddələri ilə ittiham irəli sürülüb və hazırda həbsdə saxlanırlar.
Bəlli olduğu kimi, əsgər Pərviz İsgəndərli ötən iyulun 14-də N saylı hərbi hissədə döyüş növbəsində olarkən özünü öldürmüşdür (ağacdan özünü şnurla asıb). İstintaq materiallarında bu işin təfsilatına işıq salınır. Onu ölüm həddinə gətirmiş xüsusatlar incələnir, şahidlər və təqsirləndirilən şəxslər, zərərçəkmiş əsgərlər dindirilir. Və adıçəkilən bu dörd əsgər — təqsirlənən şəxs qismində müttəhimlər kürsüsünə göndərilir.
Lakin, bu məsələnin başqa bir tərəfinin üstündən keçilir. Belə ki, bu materiallara istinadən, bu hərbi hissədə aşkar bir şəkildə «dedovşina» mövcud olmuşdur və bu təzahür ənənə şəklini alıbmış. O dərəcədə qabarıq imiş ki… Onu görən olmayıb! Bəlli olur ki, köhnə ordu leksikonundan bizə tanış olan «ded», molodoy», rusca ana söyüşü, «bizim prizıv», «dembel», «suka» və s. kimi ifadələr milli Silahlı Qüvvələr mühitində də leksikonda öz yaşarılığını qorumaqdadır. Hətta kriminal leksikona, həbsxana həyatına aid ifadələr də bu mühitə yad deyilmiş.
Bütün bu baş verənlər, Pərviz İsgəndərlinin faciəsi köhnə sovet ordu sisteminin fəsadı olan bu təzahürdən qaynaqlanmışdır. Hərbi hissənin rəhbərliyi bu təzahürdən a) ya bixəbər imişlər (bu daha pis), b) ya da xəbərdar imişlər, lakin ölçü götürməyblər (ya da ölçü götürmək iqtidarında deyilmişlər) — bu da pis haldır.
Bu fəsad öz təzahürünü nədə tapırmış? İstintaq materiallarını vərəqlədikcə, ifadələrdən bunun əyani təsvirini görə bilirik. Yəni: qolugüclü özündən fiziki cəhətdən zəif əsgəri döyə, «sındıra» bilir, onun əmlakını tələb edib ala bilir, vermək istəmədikdə döyə bilir. Zorakılığa məruz qalan, alçaldılan, təhqir olunan əsgər gedib komandanlığa şikayət etmək istəmir. Bu 19-20 yaşlı gəncləri anlamaq olur — axı, bu halda həmin zorakılar ona «suka», «satqın», «xəbərçi» damğası vuracaqlar. Əsgər dərdini içində çəkir, çəkə bilmədikdə gücü gedib özünü asmağa çatır.
Pərviz İsgəndərli də dəfələrlə zorakılığa məruz qalıb, bu hərbi hissədə «zorakıların başçısı» kimi tanınan Vüsal İsgəndərli hərbi xidmətə gedənədək və hərbi hissənin idman zalında qaydasız döyüşlə məşğul olurmuş. Lakin öz qüvvəsini idman arenasında deyil, qaydasız döyüş təcrübəsi olmayan, ondan fiziki cəhətdən zəif olan öz xidmət yoldaşlarının üzərində sınayır, hər addımbaşı onlara sataşırmış. Bu isə artıq insanda daxili tərbiyə məsələsidir.
Bütün bu kimi hallarda, Pərviz İsgəndərlinin və onun kimi digər qurbanların faciəsinə görə konkret hərbi hissənin komandanlığı birmənalı olaraq məsuliyyət daşımalıdır. Cinayət məsuliyyəti və ya mənəvi məsuliyyət — bunu müəyyənləşdirmək bizlik deyil. Lakin görürük ki, bu son epizodda onlardan heç kəs istintaq tərəfindən məsuliyyətə cəlb edilməyib. Onlar kölgədə, pərdəarxasında qalır.
Belə görünür ki, bu hərbi hissənin psixoloji mühitinə, əsgərlər arasındakı münasibətlərə nəzarət yerli-dibli yox imiş. Bu hökmü bu kimi cinayətlərin baş verdiyi digər hərbi hissələr haqqında da vermək olar. Axı, hər hansı hərbi hissədə xidmətin bu aspektini nəzarətdə saxlamaq, əsgərlər arasında sağlam qarşılıqlı münasibətlərin bərqərar olmasını təmin etmək onların bilavasitə vəzifəsinə daxildir.
Onların hərbi hissədə işləri bu dərəcədə yarıtmaz qurduqlarının nəticəsidir ki, bu mənfur təzahürün qurbanları, alçalmaya məruz qalmalarından dolayı, bu gün və ömürləri boyu mənəvi əzab çəkəcək, bu psixoloji travma onları heç vaxt tərk etməyəcəkdir. Bu təzahürün nəticəsidir ki, bir əsgər — sakit və qanacaqlı bir gənc olan Pərviz İsgəndərli özündən qolugüclülər tərəfindən vaxtaşırı olaraq alçaldılmağa və döyülmələrə məruz qaldığından intihara əl atıb. Onun həyatını qaytarmaq mümkün olmayacaq, ailəsi isə hər onu andıqca kədər və hüznə boğulacaqdır. Bunun nəticəsidir ki, 4 sağlam və qüvvətli əsgər: Vüsal İsgəndərli, Şahin Xudiyev, Sabir Musayev və Vidadi Mustafayev istintaqın gedişində ağır ittihamla üzləşib və həpbi məhkəmənin onların barəsində nə kimi hökm çıxaracağı təsəvvürə gətirilə bilər. Bu əsgərlər də əslində — sözügedən fəsadın qurbanlarıdır, zərərçəkmişlərdir. Onlar həm özləri, həm də hər birinin ailəsi də mənəvi və maddi əzablar çəkəcəklər. Onlar hər bir valideyn kimi övladlarını ordu sıralarına vətənə xidmətə göndərmişdilər, əvəzində cinayətkar və qatil damğası ilə geri alacaqlar. Ağırdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 752