Pentaqonun Azərbaycan planı
Avqustun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-a altı günlük səfərinin gedişində əldə olunan razılaşmalar yaxın perspektivdə Bakı və Vaşinqton arasında hərbi əməkdaşlıq konturlarının aydın olması baxımından önəmlidir. Bu səfər və onun gedişində əldə olunmuş razılaşmalar barədə dolğun məlumatın yoxluğuna baxmayaraq, ABŞ və Azərbaycan tərəflərinin yaydığı məlumatlar, eyni zamanda, bir sıra hərbi-siyasi mənbələrdən sızdırılan informasiyalar səfərin ümumi mənzərəsini yaratmağa imkan verir. İlkin qənaət bundan ibarətdir ki, əməkdaşlıq «ölü nöqtə»dən tərpənib və yaxın perspektivdə daha ciddi münasibətlər qurulmasına dair ehtimallar artıb. Hərbi mənbələr bildirir ki, Əbiyevin səfərinin detalları iyulda Bakıya gəlmiş ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkasın Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi ikitərəfli müdafiə məsləhətləşmələri zamanı hazırlanıb.
9 İLDƏ NƏ DƏYİŞDİ?
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, bu səfər Azərbaycan müdafiə nazirinin son illərdə ABŞ-a ilk səfəridir. Sonuncu dəfə Əbiyev 2004-cü ilin martında ABŞ-ın o zamankı müdafiə katibi Donald Ramsfeldin (Donald Rumsfeld) dəvəti əsasında ABŞ-da 6 günlük səfərdə olub. O zaman Azərbaycan — ABŞ hərbi əməkdaşlığının prioritetləri nisbətən fərqli idi. Təkcə 2004-cü ilin martında Pentaqondan Azərbaycana ən azı 5 heyət təşrif buyurmuşdu və danışıqlarda Azərbaycanın təhlükəsiziyinə dəstək, Xəzərdə enerji layihələrinin mühafizəsi, Azərbaycan Silahlı Qüvvələrində islahatlar, regional təhlükəsizlik və s. məsələlər müzakirə olunurdu. O zaman NATO Baltik ölkələrinin hesabına genişlənmiş və Rusiya bu durumdan yaman qıcıqlanmışdı. O zaman Azərbaycan mətbuatında ölkə ərazisində NATO hərbi bazasının yerləşdirilmə perspektivi və eyni zamanda, Azərbaycanın NATO-ya üzvlük məsələsi əsas müzakirə olunan məsələlərdən idi. O zaman Azərbaycanın Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığı demək olar dayanmışdı.
Lakin üstündən 9 il keçdikdən sonra Səfər Əbiyev başqa bir durumda ABŞ-a səfərə gedir. Bu durumu aşağıdakı məsələlər şərtləndirir:
— Rusiya və Gürcüstan arasında 2008-ci ilin avqust müharibəsi baş verdi və bundan sonra Moskvanın Qafqaza hərbi təsiri artdı;
— NATO-nun genişlənmə planları dayanıb;
— Azərbaycan hakimiyyəti NATO-ya və KTMT-yə qoşulmayacağını bəyan edir. Rəsmi Bakı «Qoşulmayanlar Hərəkatına» üzv olub;
— Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarına uyğun islahatlar dayandırılıb, Rusiya ilə hərbi-texniki əməkdaşlıq güclənib;
— ABŞ ilə hərbi-texniki əməkdaşlıq durğunluq dövründədir və s. Göründüyü kimi, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığın vəziyyəti 9 il öncəkindən fərqlidir və Əbiyevin səfərinin nəticəsi olacaq məsələlər ciddi müzakirə hədəfi olmaqda davam edir.
MÜZAKİRƏ MÖVZULARI: RƏSMİ MƏLUMATLAR
ABŞ Silahlı Qüvvələri mətbuat xidmətinin və Azərbaycan Müdafiə Nazirliyinin yaydıqları məlumatlarda Səfər Əbiyevin Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Çak Heygellə (Chuch Hagel) və ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla (Ray Mabus) görüşündə müzakirə olunan məsələlər barəsində müəyyən məlumatlar verilib. Azərbaycan MN bəyan edir ki, bu səfər Heygelin dəvəti ilə gerçəkləşdirilib. Azərbaycan tərəfinin yaydığı məlumata görə, tərəflər arasında aşağıdakı məsələlər müzakirə olunub:
— strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri (müdafiə sahəsində bir sıra proqramlar və hərbi-texniki əməkdaşlığın istiqamətləri;
— Xəzərin təhlükəsizliyi və hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan hərbi dəniz qüvvələrinin inkişafına ABŞ-ın gələcək dəstək imkanları;
— Beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirak, Azərbaycanın 2014-cü ildən sonra Əfqanıstandakı əməliyyatlara töhfə vermək planları;
— Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işlər (enerji, nəqliyyat, rabitə və digər regional layihələr);
— Azərbaycan torpaqlarının 20 illik işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi, ABŞ və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirməməsi, Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyi;
— 907-ci düzəlişin aradan qaldırılmamasının yaratdığı problemlər və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etməsi və s. Azərbaycan MN bildirir ki, Çak Heygel müdafiə nazirindən Azərbaycan prezidentinə salamlarını çatdırmasını xahiş edib. Səfər Əbiyev isə ABŞ müdafiə katibi Çak Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Ç.Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib. Qeyd edək ki, bu və, eyni zamanda, yuxarıda əksini tapan xeyli məsələlər (Qarabağ münaqişəsi, 907-ci düzəliş, qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət və s. ) barədə ABŞ tərəfinin yaydığı məlumatda informasiya yoxdur.
ABŞ Silahlı Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, tərəflər aşağıdakı məsələləri müzakirə ediblər:
— ABŞ — Azərbaycan strateji tərəfdaşlığının davam etdirilməsi;
— İSAF çərçivəsində Azərbaycanın lojistik dəstəyi,
— Şimali Atlantika Müqaviləsi Təşkilatı çərçivəsində uyarlılıq (interoperability), terrorizmə qarşı mübarizə, müdafiə transformasiyası və dəniz təhlükəsizliyi sahəsində birlikdə çalışmaların davam etdirilməsi;
— regional vəziyyət və eyni zamanda, regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsində Azərbaycanın rolu;
— İran prezidenti Həsən Ruhaninin bu yaxınlardakı inauqurasiya mərasimi və nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin mövcud narahatlığını aradan qaldırmaq üçün İranın təcili addımlar atmasının vacibliyi və s.
ABŞ tərəfinin yaydığı bəyanatda Heygelin Azərbaycanla strateji tərəfdaşlığın davam etməsini səbirsizliklə gözlədiyi barədə cümlə diqqəti çəkir. Qeyd edək ki, son 4-5 il ərzində Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq çox yavaşıyıb. 2005-2006-cı illərdə tərəflər arasında ciddi müzakirə formatına çevrilmiş Xəzərin təhlükəsizliyinə dair danışıqlar prosesi və eyni zamanda, Azərbaycanın hərbi-dəniz qüvvələrinin inkişafını nəzərdə tutan «İş Planı» kimi sənədlər üzrə iş əvvəlki qaydada getmir. Bu proseslərə Rusiyanın çox ciddi destruktiv təsiri oldu və 2008-ci ilin avqust müharibəsindən sonra Azərbaycan — ABŞ hərbi münasibətlərində ciddi durğunluq başladı. Yalnız 2011-ci ilin sonlarından etibarən ABŞ tərəfi Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək niyyətini ortaya qoydu. Lakin son illərdə qeyd edilən istiqamətdə ciddi irəliləyişlərə nail olunmayıb. ABŞ tərəfi bir vaxtlar Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda həyata keçirilən islahatların əsas dəstəkvericilərindən hesab olunurdu. Lakin bu gün Birləşmiş Ştatlar diqqəti daha çox Əfqanıstanın təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanın rolunun artırılmasına yönəldib.
Amma Əbiyevlə son görüşdə Pentaqon təmsilçilərinin diqqəti yenidən Azərbaycanda daxili hərbi islahatlara yönəltməsi xüsusi olaraq diqqət çəkir. Pentaqon rəsmiləri bildiriblər ki, Müdafiə Departamenti Cənubi Qafqazın digər dövlətləri kimi Azərbaycanla tərəfdaşlıq edərək müdafiə sahəsinin inkişafını gücləndirməyə çalışır. Bununla da Azərbaycanın geniş region anlamında təhlükəsizlik və sabitliyə daha yaxşı töhfə verməsinə nail olmaq istəyir. ABŞ-ın Azərbaycanın müdafiə və təhlükəsizlik institutlarının inkişafına dəstəyi təlim və mülki-hərbi münasibətlər üzrə məsləhət, peşəkar hərbi təhsil və fövqəladə halların idarə olunmasını özünə daxil edir. Eyni zamanda, qeyd edilib ki, Birləşmiş Ştatlar Azərbaycanda NATO uyarlı birləşmələrin inkişafına yardım göstərir. Buraya vaxtilə Kosovo və İraqda beynəlxalq hərbi əməliyyatlarda, hazırda isə Əfqanıstanda İSAF qüvvələri çərçivəsinddə fəaliyyət göstərən əsgərlərin daxil olduğu sülhməramlı tabur daxildir.
ABŞ tərəfinin məlumatında Azərbaycanın quru, hava tranziti imkanları qeyd olunub və bu baxından Bakının oynadığı vacib rola işarə edilib.
MASA ÜZƏRİNDƏKİ 6 MƏSƏLƏ VƏ SEÇKİLƏR
Səfərin gedişində və səfərdən sonra Azərbaycan mətbuatında yayılan bir sıra fikirlər diqqəti çəkdi. Misal üçün, «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Amerikadakı diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Səfər Əbiyevin ABŞ-a çağırılmasının əsas səbəblərindən biri Azərbaycanda seçki öncəsi dövrdə və seçkilər müddətində ölkədə yarana biləcək siyasi gərginliklərdə ordunun neytral mövqedə olmasını təmin edilməsidir. Rəsmi Vaşinqtonda inanırlar ki, Səfər Əbiyev bu dəfə ordunun neytral vəziyyətdə olmasını təmin edə biləcək.
«Doktrina» JHAM-ın məlumatına görə, Pentaqondakı görüşlərdə bu məsələlər müzakirə masasında olub:
1) ABŞ — Azərbaycan hərbi əməkdaşlığının durumu və perspektivləri, xüsusilə də ABŞ-ın Avropa komandanlığının (EUCOM) Azərbaycan Müdafiə Nazirliyi ilə əməkdaşlığının inkişaf perspektivləri;
2) Azərbaycan Silahlı Qüvvələrində islahatlar, hərbi-texniki və kadr təminatı, xüsusilə də Rusiya ilə son hərbi-texniki əməkdaşlığın yaratdığı narahatlıqlar;
3) Xəzərdəki enerji layihələrinin təhlükəsizliyinin təmin olunmasında ABŞ-ın Azərbaycana dəstəyinin davam etdirilməsi;
4) Qarabağ münaqişəsi və onun həlli perspektivləri;
5) Əfqanıstanda sabitliyi təmin edən beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) bu ölkəni tərk etməsindən sonra onların hərəkətini təmin edəcək tranzit ölkələrin, o cümlədən Azərbaycanın verə biləcəyi töhfələr;
6) Azərbaycanda seçki öncəsi dövrdə sabitlik problemlərinin həlli. Əldə edilən məlumatlara görə, Birləşmiş Ştatları narahat edən məsələlərdən biri də Azərbaycanın Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığının tədricən güclənməsidir. «Ordunun Aynası»nın ötən sayında qeyd etdiyimiz məlumatda bildirilirdi ki, Rusiya yaxın 5 il ərzində Azərbaycanla 3 sahədə — kadrların hazırlanması, silah-hərbi texnika satışı və müdafiə sənayesi sahəsində əməkdaşlığı kəskin gücləndirmək niyyətindədir. Maraqlıdır ki, Səfər Əbiyevin Birləşmiş Ştatlara səfərinin gedişi zamanı, ölkələr arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunan anlarda Bakıda Müdafiə sənayesi naziri Yavər Camalov RF Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnasovun başçılıq etdiyi heyəti qəbul edib və bu görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Müdafiə Sənayesi Nazirliyindəki mənbədən verilən məlumata görə, yaxın perspektivdə Azərbaycan və Rusiya tərəfləri arasında müdafiə sənayesi üzrə birgə layihələrə dair danışıqlar başlanacaq. Pentaqonda bu tip xəbərlərin narahatlıqla qarşılandığı verilən xəbərlər içərisindədir.
Xatırladaq ki, son illər ABŞ-Azərbaycan hərbi əməkdaşlığında durğunluq dövrü yaşanır. «Doktrina» JHAM ekspertləri güman edir ki, Əbiyevin səfərindən sonra tərəflər arasındakı hərbi əməkdaşlıqda aydın perspektivlər ortaya çıxacaq. Ekspertlərin fikrincə, reallıqda Əbiyev Qərbdə, xüsusiə də ABŞ-da islahatçı nazir kimi qəbul olunmur. Onun uzun müddət eyni vəzifədə olması, Silahlı Qüvvələrdə ciddi islahatlar apara bilməməsi, orduda korrupsiya və rüşvətxorluğun, generallar arasında ədavətin mövcudluğu, ölkənin hərbi-siyasi prioritetlərinin müəyyənləşmə prosesində iştirak etmədiyi və s. məsələlər Qərbdə Əbiyevə qarşı ciddi inamsızlıq yaradıb. Eyni zamanda, hesab edilir ki, Əbiyevin bu səfəri nəticəsində Pentaqonda Azərbaycanın müdafiə islahatlarının perspektivləri və ölkənin hərbi-siyasi-strateji prioritetləri barədə aydın təsəvvürlər yarana bilər.
Ekspertlərin sözlərinə görə, bu səfərin həm də seçkilərlə əlaqəli olmasına dair məlumat düşündürücüdür. Onların sözlərinə görə, Əbiyev hər bir seçkidən öncə, xüsusilə prezident seçkilərində ordunun hakim partiyanın namizədini dəstəkləyəcəyini bəyan edir ki, bu da Azərbaycan Konstitusiyasına zidd bəyanatdır və ölkədə siyasi sabitliyin pozulmasına işarə kimi qəbul olunur. «Mümkündür ki, Əbiyevin ABŞ səfərində bununla bağlı ona irad bildirilib. Amerikalı yüksək rütbəli hərbçiləri və diplomatları Azərbaycan ordusunda generallar arasındakı münaqişə də narahat edir. Sabitliyin qorunması üçün ordunun neytral vəziyyətdə olması vacibdir. Əbiyevin bu məsələdə özünü necə aparacağı yaxın vaxtlarda, yəqin ki seçkilərdən öncə bəlli olacaq», — deyə «Doktrina» JHAM ekspertləri bildirir.
PERSPEKTİVLƏR VƏ GÖZLƏNTİLƏR
Bir sıra ekspertlərin fikrincə, yaxın perspektiv üçün Azərbaycan və ABŞ arasında hərbi-texniki sahədə əməkdaşlığın güclənməsi inandırıcı görünmür. Çünki bu prosesə bir sıra məsələlər təsir edir. Birincisi, Rusiya və İran amilidir ki bu iki ölkə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın dərinləşməsinin əleyhinədirlər. Digər problem isə Azərbaycanın hərbi-siyasi hakimiyyətində təmsil olunanların davranışları ilə bağlıdır.
Amerikalı analitiklər «Turan» informasiya agentliyinin Vaşinqton müxbirinə bildiriblər ki, Əbiyevin səfəri ikitərəfli münasibətləri müzakirə etməyə və regionda hadisələrin mənzərəsi barədə məlumat almağa imkan verəcək. Vaşinqtonun fikrincə, Bakı ilə münasibətlər «elə də pis deyil», lakin onlar irəliləyə bilməz, çünki hələ ki, Azərbaycan demokratiyadan uzaqdır. Analitiklərdən biri belə deyib.
«Azərbaycan bizim dostlarımızın və müttəfiqlərimizin enerji təhlükəsizliyinin irəliləməsində mühüm rol oynayır, eləcə də, Əfqanıstanda beynəlxalq təhlükəsizlik missiyasına mühüm dəstəyi təmin edir. Lakin Azərbaycan hökumətinin son vaxtlardakı hərəkətlərinə ağılla baxmağın zamanı yetişib. Bu hərəkətlər prezident seçkiləri ərəfəsində narahatlıq doğurur. Bu, demokratiya normalarına və ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına aiddir», — deyə ABŞ dövlət katibinin müavininin köməkçisi Tomas Melia iyulun 16-da Dövlət Departamentində Azərbaycan üzrə dinləmələrdə bildirib. O qeyd edib ki, Amerikanın rəsmi şəxsləri bütün səviyyələrdə hökumət məmurları tərəfindən insan hüquqlarına və əsas azadlıqlara daha çox hörmətlə yanaşılmasının vacibliyini vurğulayırlar.
«Ehtiyatda və İstefada olan Zabitlər» ictimai birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirib ki, Əbiyevin gözlənilmədən ABŞ-a səfərə etməsi, bu səfərin ABŞ-ın müdafiə katibi cənab Çak Heygelin şəxsi dəvəti ilə baş tutması və bütün bunlarla yanaşı Pentaqonda onun şərəfinə fəxri qarovulun düzülməsi ilə təntənəli qarşılanma mərasiminin təşkil edilməsi onu xeyli dərəcədə təəcübləndirib:
«Təəccübümüzə səbəb doğuran əsaslar ondan ibarətdir ki, Müdafiə naziri vəzifəsini tutduğu 19 il ərzində «Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara külli miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikası Konstitusiyasının, qüvvədə olan digər qanunların tələblərinə zidd olan əmrlər imzalayıb. Səfər Əbiyev hərbçilərin xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini uzun illər ərzində icradan imtina edir, hətta Avropa İnsan Haqları Məhkəməsi tərəfindən məhkəmə qətnamələrinin icra edilməsinə dair çıxarılmış qərarlara açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, onların yerinə yetirilməsinə maneçilik törədir».
Y.Cəfərli hesab edir ki, demokratiyanın beşiyi sayılan, dünyanın hər yerində insan haqlarına və qanunların aliliyə hörmət tələb edən ABŞ kimi bir dövlətin müdafiə katibinin «qanunların aliliyini, insan haqlarını, söz və fikir azadlığını açıq-aşkar pozan Səfər Əbiyevi səfərə dəvət etməsi, hələ üstəlik onun şərəfinə təntənəli qarşılama mərasimi düzənləməsi anlaşılan hal deyil». O hesab edir ki, ABŞ kimi demokratik və hüququi dövlət tərəfindən öz ölkəsinin qanunlarına hörmətsizlik edən, tabeliyində olanların haqqını kəsən, vətəndaşların hüquqlarını kobud şəkildə pozan, ictimai rəylə hesablaşmaq istəməyən məmura qarşı adekvat münasibət sərgilənməlidir.
«ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən bu məsələyə aydınlıq gətirilməsini istəyirik», — deyə Y.Cəfərli bildirir.
Bütün problemlərə baxmayaraq ekspertlər düşünürlər ki, yaxın perspektivdə ABŞ — Azərbaycan hərbi-texniki münasibətlərində bir sıra proseslərin baş verməsi mümkün görünür:
— Hərbi-texniki sahədə əməkdaşlıq sənədinin imzalanması, Azərbaycanın müdafiə sənayesinin inkişafına birbaşa olmasa da dolayı dəstəyin gücləndirilməsi;
— Xəzərin təhlükəsizliyini, Azərbaycan hərbi-dəniz qüvvələrinin inkişafını nəzərdə tutan əməkdaşlıq planının razılaşdırılması;
— Əfqanıstandakı təhlükəsizlik qüvvələrinin hərəkətini nizamlayan ümumi planın hazırlanması çərçivəsində və eyni zamanda, 2014-cü ildən sonrakı Əfqanıstan mövzusunda Azərbaycanla əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi;
— Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlara dəstək, xüsusilə də hərbi təhsilin inkişafının diqqətdə saxlanılması;
— Regional təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın rolunun gücləndirilməsi, Azərbaycana olan regional təhdidlərin qarşısının alınması istiqamətində məsləhətləşmələrin keçirilməsi və s. Hərbi ekspertlərin fikrincə, indiki durumda ABŞ-ın Cənubi Qafqaz ölkələrinə ciddi hərbi-siyasi dəstək verməməsi bu bölgədə Rusiyanın təsirinin güclənməsinə gətirib çıxarır. «Doktrina» JHAM ekspertləri hesab edirlər ki, Birləşmiş Ştatlar və eyni zamanda, digər NATO ölkələri Cənubi Qafqaz ölkələrinin, xüsusiilə də Azərbaycanın silahlanması proqramında bu və ya digər şəkildə iştirak etməlidirlər. Ölkələrin münaqişə vəziyyətində olması səbəb gətirilərək onlara silah və hərbi texnika verməkdən imtina edilməsi əslində Rusiyanın mövqelərinin güclənməsinə, Cənubi Qafqaz ölkələrinin ordularının daha çox Rusiya mənşəli silah və hərbi texnika ilə təmin olunmasına səbəb olur. Bu isə həmin ölkələrin Avroatlantik inteqrasiyasına əngəl olan əsas maneələrdən biridir.