Pensiyanın həddi 165 manat, minimum əmək haqqı isə 247 manat olmalıdır
Artıq son aylar müxtəlif sosial qrupları əhatə edən artımlarla bağlı ölkə prezidenti sərəncamlar vermişdir. İqtisadçı Məhəmməd Talıblı bu artımların büdcənin mövcud imkanlarına nə qədər adekvat olub-olmaması ilə bağlı bəzi suallara cavab axtarıb.
Son artımlarla bağlı sərəncamın tələblərinə görə, ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olub. Buna qədər əmək haqqının minimal məbləği 93,5 manat təşkil edib. Bəzən minimum əməkhaqqının həddinin müəyyənləşməsi bəzi vətəndaşlarımız tərəfindən bütün təfərruatı ilə anlaşılmır. Əslində, minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, bu sərəncamın tələbindən sonra ölkədə işləyən hər bir vətəndaş üçün 105 manatdan aşağı əməkhaqqı vermək mövcud qanunvericiliyə ziddir. Amma elə ölkələrdə vardır ki, onlarda belə qanunverici norma yoxdur. Yəni, onlarda ümumiyyətlə vahid minimum anlayışına rast gəlmək olmur. Konkret olaraq belə yanaşmalar inkişaf etmiş Avropa ölkələrində tətbiq edilir. Bu sırada İsveçi, İsveçrəni, Almaniyanı, İrlandiyanı və nəhayət neft gəlirlərinin səmərəli istifadəçisi kimi tanınan Norveçi misal göstərmək olar.
Talıblı deyir ki, son artımlardan sonra ölkədəki minimum əməkhaqqının mövcud səviyyəsini başqa ölkələrlə müqayisədə ciddi nəticələr çıxarmağa əsas verə bilər. Bu müqayisəni 3 qrup ölkələr üzrə aparır. Orta Asiya ölkələri, Cənubi Qafqaz və Pribaltika respublikaları üzrə müqayisələrinə baxaq:”Ümumiliklə özümizlə possovet məkanındakı respublikaları və Şərqi Avropa ölkələri ilə müqayisəyə aparsaq, məlum olacaq ki, bizdə vəziyyət heç də dramatik deyildir. Yəni, bizdəki MƏH-in səviyyəsi Orta Asiya ölkələrindən demək olaraq ki, yaxşı mənada seçilir. Yalnız Türkmənistanda bu fərq bizə nisbətən yaxşıdır. Əgər son artımlardan sonra bizdə MƏH-nın məbləği 134 ABŞ dolları səviyyəsindədirsə, Türkmənistanda bu rəqəm 150 dollar arasındadır”.
İqtisadçının dediklərindən məlum olur ki, Cənubi Qafqaz ölkələri ilə də müqayisədə də vəziyyət bizdə nisbətən yaxşıdır. Gürcüstanda isə yaxşı bir nümunə ondan ibarətdir ki, orada MƏH dövlət və özəl sektorlar üzrə fərqləndirilir. “Mən düşünürəm ki, bu doğru yanaşmadır. Çünki, dünya təcrübəsi də göstərir ki, təkcə dövlət və özəl sektorlar üzrə deyil, eyni zamanda sektor daxilində də belə diferensasiya siyasətinə ehtiyac var. Yəni, dövlət qulluqçusu statusunda olanlarla olmayanlar, hüquq-mühafizə orqanlarında çalışanlarla, elmi-akademik çevrədə çalışanların MƏH-ı eyni olmamalıdır. Bizdə isə vahid və standart yanaşma hökm sürür. Hesab edirəm ki, minimum əmək haqqının müxtəlif sosial qruplar və sektorlar üzrə fərqləndirilməlidir”, — deyə o qeyd edir.
Bu artımları Pribaltika respublikaları ilə müqayisə etdikdə görürük ki, onlarda MƏH bizdən 3-4 dəfə çoxdur. Latviya və Litviyada MƏH ortalama 423 dollardırsa, Estoniyada bu rəqəm 420 dolların üzərindədir. Müqayisə üçün deyim ki, bu hədd Avropa Birliyi ölkələrinin bəzilər ilə oxşar durumda olmağı da açıq ifadə edir. Buna Polşa, Macarıstan, Xorvatiya, Rumuniya və s. kimi ölkələri misal göstərmək olar. Bolqarıstanda belə MƏH-nın səviyyəsi Pribaltika respublikalarından təxminnən 2 dəfədən azdır. Qardaş Türkiyədə isə MƏH 540 dollardır. Bu ölkələrdən azca yüksəkdir. Bu Pribaltika respublikalarının necə güclü sosial siyasətə malik olduqlarını göstərən amillərdəndir. Avropa Birliyi və Qərb ölkələrində isə MƏH-nın səviyyəsi isə 800 dollardan başalayaq 2000 dollara qədər yüksəlir. Əgər ABŞ-da bu hədd 1300 dollara yaxındırsa, adambaşına düşən ÜDM-in səviyyəsinə görə dünyada lider ölkə olan Lüksenburqda bu rəqəm 2000 dolların üzərindədir.
Bəs, bizdə MƏH nə qədər olmalı və ya onu necə hesablamaq olar kimi suallarda meydana çıxır. Əslində istər pensiya, istərsə MƏH-in həddinin müəyyənləşməsi ölkəmizin qoşulduğu Avropa Sosial Xartiyasının tələbləri ilə bağlıdır. Belə ki, ölkədə pensiya məbləğinin müəyyənləşməsi ölkədə orta aylıq əməkhaqqının 40 faizindən aşağı olmaması kimi göstərilir. MƏH isə ölkədə orta aylıq əməkhaqqının 60 faizindən aşağı olmaması kimi nisbətlə ölçülməlidir. M.Talıblı deyir ki, hər iki meyar üzrə hesablamalar aparsaq, məlum olacaq ki, ölkədə pensiyanın həddi 165 manat, minimum əmək haqqı isə 247 manat səviyyəsində olmalıdır. Bu Avropa Sosial Xartiyasının tələbidir.
Ölkədə MƏH-nın 10 faiz artımı əhalinin yaşamında hansı pozitiv dəyişikliyə səbəb ola bilər? Bu artım müxtəlif sosial qrupların rifah səviyyəsinə necə təsir göstərə bilər? Talıblı söyləyir ki, bu tipli suallar yeni artımlar fonunda çox eşitdiyimiz suallardandır:”Bildiyimiz kimi əhalinin bu artımlardan sonra bazarda mal və xidmətlərində qiymətləri artmağa başlayır. Bəzən belə olur ki, mövcud inflyasiya tempi həmin artımları üstələyir və ya ona bərabər olur. Çünki, həm ticarətdə, həm də idxal malları üzərində inhisarçılığın mövcud olduğu bir şəraitdə qiymətlərin inhisarçılar tərəfindən qaldırılması belə artımları bəzən əhəmiyyətsiz edir. Ona görə belə qiymət artımları çox zaman əhalinin rifah səviyyəsində özünü tam göstərmir. Eyni zamanda nəzərə alanda ki, ölkə əhalisinin 65-72 faizinin gəlirləri ərzaq məhsullarına sərf olunur, o zaman məlum olacaq ki, məlum artımlar vətəndaşlarımızın həyatında müsbət rol oynamasından danışmaq yerinə düşmür. Halbuki, yuxarıda adların çəkdiyimiz ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə orta aylıq əməkhaqqının 10-12 faizi ərzağa xərləyirlər. Yuxarıda haqqında danışdığımız Pribaltika respublikalarında isə orta aylıq əməkhaqqının 18 faizini bu sahəyə xərcləyir. Bu artımların büdcəyə neçə başa gəlməsi və büdcədən nə qədər vəsaitin xərclənməsidə ciddi məsələlərdəndir. Mövcud artımlar fonunda bu vəsaitin büdcəyə 800 mln. manatdan çox vəsait hesabına başa gələcəyi proqnozlaşdırılır. Bəzən belə yanaşmalarla da rastlaşırıq ki, yüksək sosial artımlar inflyasiyaya və makroiqtisadi tarazlığın pozulmasına səbəb olacağı üçün buna gedilmir. Amma bu fikirlə qətiyyən razı olmaq olmaz. Əvvəla, büdcə vasitəsilə böyük məbləğdə investisiya xərcləmələrinin müəyyən hissəsi sosial təyinatlı da olur. Yəni, əməyin ödənməsi kimi investisiya layihələrində də istiqamətə sərf olunur ki, bu da əldə olunan pul vəsaitlərinin bazara tökülməsi ilə nəticələnir. Bu isə özülüyündə inflyasiya fəallaşdıran amil kimi çıxış edir. İkincisi, əgər ölkədə inflyasiya riskləri doğran amillər olacaq deyə, gərək dünyanın heç bir ölkəsində sosial artımlarla bağlı siyasəti təşviq etməsin. Çünki, belə artımlar sonda inflyasiya təzyiqi yaradar və s. Əgər artımlar inflyasiyanı fəallaşdıran amil kimi çıxış edərsə, onda ölkənin monetar siyasətinə məsul qurumlar həmin prosesin tənzimlənməsi üçün müxtəlif pul-kredit alətlərindən istifadə edir. Ölkələrin məhz monetar orqanlarının effektivliyi makroiqtisadi tarazlığı qorunub-saxlanması üçün çətin vəziyyəti normal məcraya salmaqdan ibarət olmalıdır”.