Muəllif:

Pəncərədən baxanda görünən təhdid

O yaxınlaşanda biz nə edəcəyik? Bu qırsaqqız sual məni düşündürdüyü qədər qonşularımı da düşündürür. Altıncı mərtəbədəki mənzilimin pəncərəsindən hər baxanda bizim binanın pəncərələrinə bir az da yaxın gəlmiş növbəti və həyasız tikilinin (memar dilində — qurma) karkasları qanımızı qaraldır. Sanki hökumət yox imiş kimi doqquzmərtəbə dörd qonşu binanın sanitar yaşıllıq zolağının növbəti parçasını məhv edərək yapılan bu monstr artıq öz qara kölgəsini üzbəüz binanın ilk mərtəbələrinin pəncərələrinə sərib və deyilənə görə, onların sakinləri hakimiyyət instansiyalarına müraciəti mənasız sayıblar. Və Sabunçu rayon İcra hakimiyyətinin beş addımlığında — Surxay Cabbarov küçəsində onların dinc həyatını haqlamış bu güc yetməz fəlakətdən çıxış yolu görməyərək biryolluq köçüb getmək barədə düşünürlər.
İyirmi beş ildir bir binada yaşadığımız mühəndis qonşumun da köçüb getmək istədiyini eşitdim. Ürəyində problemi olan bu canlara dəyən adamın mənzili binanın o başındadır, demə, onu təhdid edən təhlükəyə daha dözə bilməyəcəyini anlayıb və vaxtkən başının çarəsini qılmaq istəyir…
Köçüb getmək çıxış yoludurmu? Məmur kastası səni harda olsan, haqlayacaq. Onlar hər yerdə var və funksiyaları camaata xidmət deyil, onların həyatlarını mümkün qədər, bacardıqca dözülməz etməkdir. Bəlkə ayaq saxlayıb bir onların — biz vergi ödəyicilərindən maaş alıb və bizim həyatımızı dözülməz edən bu subyektlərin bir gözünün içinə baxaq?
Nə tikdiklərini anlaya bilmirik, əvvəl «Qızlar» toyxanası idi, indi də, yəqin, toyxanadan, kafedən-zaddan olar. Bakıxanovda dörd yanımızda belə yerlər azmıdır! Bizi maraqlandıran onların çoxluğu-azlığı deyil, başqasının biznes işlərinə qarışmaq da bizlik deyil, necə deyərlər, öz hesablarıdır, özləri bilərlər. Lakin bizim (oxu: vətəndaşın) yaşadığımız binanın sanitar yaşıllıq zolağı icra hakimiyyətində, yaxud bələdiyyədə və ya başqasında oturan məmurun pul qazanması naminə qəsb ediləcəksə, bu artıq bizə (vətəndaşa) sataşmaqdır, onu adam yerinə qoymamaqdır, onun yaşayışını, sağlamlığını heçə saymaqdır, bütövlükdə cəmiyyətə hörmətsizlikdir. Bunun bir adı da vicdansızlıqdır, hüquqi rakursdan isə — elementar korrupsiyadır. Başqa adı varsa, siz deyin. Lazımi icazə olmadan hansı Tanrı bəndəsi daşı daş üstünə qoymağa cürət edə bilər?
Söylənənə görə, paytaxtın Sabunçu rayonunun bu səmtində torpağın 1 sotu 100 min manatdır. İcra hakimiyyətinin beş addımlığında baş verir bu əcaib hadisələr… Ərazinin əzəli şəhərsalma planına əsasən küçənin qırağı ilə uzanan bu sanitar yaşıllıq zolağı hissə-hissə satıldı. Bunu nə yolla «əsaslandırdıqlarını» bəlkə bir vaxt müstəntiqlər üzə çıxarmalı oldu — kim bilir. İndi isə söz açdığımız həmin başıbəlalı sanitar zolağın salamat qalmış hissələrinin — yəni bizim pəncərələrin açıldığı ensiz yaşıllıq zolağının başında qara buludlar oynaşır.
Qonşular görüblər ki, şübhəli subyektlər əllərində kəndir oğrun-oğrun, gözləri qaça-qaça nəsə ölçmə işləri aparırlar…
Maraqlı, sizə də tanış situasiyadır, deyilmi? Doğrudan da, günümüzü göy əskiyə bükəcək olan bu təhdidin dözülməz kölgəsi pəncərəmizin işığını kəsəndə biz nə edəcəyik? Özü də bu elə-belə təhdid deyil. Qarşımızda iştahı iti olan qorxmaz məmur kastasının pul uğrunda amansızlıqla çarpışmağı bacaran döyüşçüləri dayanıb.
Əgər onlar Bakıxanovda məşhur mədəniyyət sarayının ətrafındakı parkı hissə-hissə beş-altı toyxana arasında bölə bildilərsə…
Əgər Bakıxanov və 8-ci kilometr yaşayış massivləri arasında hələ 70-ci illərdə bir qayda olaraq bu rayondan deputat seçilən Heydər Əliyevin təşəbbüsü ilə salınmış və şəhərin bu səmtinin «ağ ciyərləri» funksiyasını yerinə yetirən meşə zolağının salamat qalmış hissəsinin ətrafına çəkilən hasarı təzəlikcə ordan-burdan uçurmağa girişiblərsə, deməli, nəsə var. Görünür, kimlərinsə gözü oralara düşüb. Bir on il olar oranı çox çətinliklə iştahı iti olanların dişindən qopara bilmişdilər. İndi aradan xeyli keçib.
Bizim binanın qarşısındakı ensiz yaşıllıq zolağına gəldikdə məsələ, deyəsən, ciddidən ciddidir.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217