Pedaqoji Kollec müəlliminin cəzası 1 il yüngülləşdi
Korrupsiya cinayətlərində ittiham olunan Şəki Pedaqoji Kollecinin şöbə müdirinin cəzası yüngülləşdirilib. Şəki Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun apelyasiya şikayəti üzrə məhkəmə belə bir qərar verib.
Prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Qərarda qeyd olunur ki, korrupsiya cinayətlərində ittiham olunan Nəriman Səmədovun cəzasından 1 il çıxılıb və barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
CM 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilən Nəriman Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən oğlunun həyat yoldaşı Vüsalə Aslanlının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılarkən məsələ doğru çıxıb.
Müəyyən edilib ki, Nəriman Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Nəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.