Pedaqoji kadrların sayı tələbatı 2 dəfə üstələyir
Müəllim hazırlığı məqsədilə tətbiq edilən model tamamilə dəyişməlidir. MM Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin sözlərinə görə, ölkəmizdə müəllim hazırlığı ilə bağlı tətbiq edilən model bitkin deyil. Buna görə də bu iş köklü şəkildə yenidən qurulmalıdır:
«Təhsil sistemində psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması və tətbiqi də zəruridir. Təhsil Nazirliyi yanında yeni metodik mərkəz yaradılmalı, pedoqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir».
B.Əliyev deyib ki, ölkədə yeni nəsil universitetlər yaradılmalı, onların tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planları ləğv edilməli, tələbə qəbulu dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda, müəllimin nüfuzunu artırmaq üçün müəllimə dövlət qulluqçusuna bərabər status verilməsi təmin olunmalıdır.
Onu da qeyd edək ki, hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Ali təhsil müəsisələrində hazırlanan pedaqoji kadrların sayı onlara olan real tələbatı təxminən 2 dəfə üstələyir. Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı da təsdiqləyib.
Nazirin sözlərinə görə, sistemin nə qədər qeyri-səmərəli çalışdığını aydın görmək olur: «İmtahan prosesi nəticəsində müəllimlərin biliklərinə əsaslanaraq orta məktəblərdəki vakansiyaların doldurulmasında çətinlik çəkirik. Ona görə də mən bu vəziyyəti dözülməz hesab edirəm. Pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqətin ayrılması, bu sahədə nəticələri davamlı olaraq aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayırıq».
Nazirlikdə hesab edirlər ki, təhsildə olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir. Məsələ ondadır ki, son 20 ildə hər il məktəblərə çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsil verənlər gəlib. Onların arasında hətta saxta diplomlarla işləyənlərə də rast gəlinir.
Cabbarov hesab edir ki, müəllim ixtisası üzrə ən aşağı balla qəbul olunma imkanı çox aşağı bilik səviyyəli insanların bu ixtisasa axınını stimullaşdırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin fikrincə isə müasir dövrdə təhsildə qiymətləndirmə metodları fərqlidir, ancaq pedaqoji institutlarda bu sahədə tədris aparılmır. Pedaqoji institutlarda müasir qiymətləndirmə kursları yaradılmalıdır. TQDK sədri deyib ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın əsas məqsədi biliklərə əsaslanan cəmiyyət qurmaqdır:
«Müəllim zamanın nəbzini tutmaq üçün daim üzərində çalışmalıdır. Bu sahədə isə müəllimlərin üzərinə böyük iş düşür».