Muəllif:

Payız interyerində seçki portreti

1-ci mənzərə
«Satdı gülzari-behişti iki buğdayə babam…»
(Mirzə Ələkbər Sabir)

Prezident bir-bir rayonları gəzir: lentlər kəsir; bura 2 milyon manat, ora 3 milyon manat, bölgələrin nüfuzuna görə pul paylayır. Seçki ərəfəsində prezident fondu ilə hakimiyyət namizədinin şəxsi fondu arasında fərq tamamilə itir.
İcra başçıları düşüncə içərisindədirlər, beyinlərində vurub-bölürlər: «Yarısı — mənim fonduma. O biri yarısının yarısı rayonun abadlaşdırma işlərinin, qalanı da seçicilərin. Çatmasa, iş adamları üstünü düzəldərlər». Bizim rayon yerlərində seçicilər də təxminən eyni tərzdə düşünürlər. Onlar üçün 10 manat ən məzmunlu plakatdan dəyərli kağız, ən alovlu nitqdən üstün arqumentdir.
Bakıda isə Mərkəzi Seçki Komissiyası namizədlərin yığdıqları imzaları ələk-vələk edir və onları bir-bir qeydiyyata alır. İş çoxdur 14 namizəd üst-üstə 700 minə qədər imza gətirib. MSK-nın sədri Məzahir Pənahov və komandası özünü xeyli toxtaq aparır. Hələlik ciddi narazılığa əsas yaratmır. Treninqlərin dairə seçki komissiyalarına nə verdiyini bilmirəm, amma MSK üzvləri dərslərini götürüblər.
2-ci mənzərə
«Bir işə min hümmətimiz var bizim! Bax, neçə cəmiyyətimiz var bizim!»
(Mirzə Ələkbər Sabir)

Bu fonda müxlifət düşərgəsindən alınan məlumatlar döyüş zonasından xəbərlər xülasəsini xatırladır:»filan lider filan partiya ilə atəşkəs elan etdi»; «filankəs beşmənkəsə hücuma keçdi»; «biri inciyib dəstəsini geri çəkdi»; «o biri ona tapşırılmış yüksəkliyə qayıtmağa razılıq verdi». Bəzisi başını aşağı salıb inadla işini görəni də davaya çəkmək üçün arabir bizini işə salır. Məncə, bizlənənlər arasında hələlik ən böyük dözümü AXCP sədri Əli Kərimli nümayiş etdirir.
Vahid namizəd Cəmil Həsənli indiki məqamda qızıl vaxtının əhəmiyyətli hissəsini onu az qala yekdilliklə irəli sürənləri tutub «ortaq məxrəcdə» saxlamağa sərf edir. Seçkilərdə qələbə qazanmaq Cəmil Həsənlinin, vahid namizəd olaraq, maksimum məqsədidir. Amma onun öz qarşısına minimum məqsəd də qoyduğu sezilir: müxalifətin reabilitasiyasına nail olmaq. Söhbət hakimiyyət qarşısında, ya Qərbin gözündə reabilitasiyadan deyil, müxalifətin ictimai həyatda fəallıq və nüfuz baxımından azı 10 il əvvəlki gücünün bərpasından, iqtidarın qorxu-hürkü bilmədən istədiyini etməsinə mane olmaq üçün ölkədə müəyyən siyasi tarazlığın yaradılmasından gedir. Bəlkə də, yanılıram? Amma mənə elə gəlir ki, tarixin ibrət dərslərini yaxşı mənimsəmiş Cəmil müəllim üçün bu, seçkilərdə qələbədən kiçik məqsəd deyil.
3-cü mənzərə
«Sən bu şəkl ilə bütün xəlqi oyatdın da deyək…»
(Mirzə Ələkbər Sabir)

Avqustun sonlarınadək bütün medianın diqqət mərkəzində olan Rüstəm İbrahimbəyov mövzusu sürətlə gündəmdən düşür. İstənilən halda, Mavr öz işini gördü. Onsuz nə Milli Şura, nə də vahid namizəd ideyası real görünərdi. Əlbəttə, Putini məcbur etmək olmaz ki, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyova da sinəsini Fransanın «Fəxri Legion» ordeni bəzəyən Depardyeyə göstərdiyi lətafətlə yanaşsın. «Depardyenin işi»ndə rus prezidenti Fransa liderinə acıq verirdi, «İbrahimbəyov məsələsi»ndə isə o, azərbaycanlı həmkarının yolunu keçmək istəmir. Amma İbrahimbəyov əvvəlcədən deyirdi ki, öz namizədliyi üçün çalışmır, heç bunu istəmir də, onunçün prinsip və ictimai məqsəd maraqlıdır. Bunların üstünə ki, Putin əl qoya bilməz! Bəs niyə Rüstəm müəllimin namizədliyi ilə bahəm, onun proseslərə içəridən təsir göstərmək üçün Bakıya gəlişi məsələsi də aktuallığını itirdi? Mən məsləhət verə bilmərəm, çünki nəticəsinə görə məsuliyyətin altında olmayacağam. Kənardan baxana asan gəlir, deyərlər. Amma bir şeyi bilirəm ki, medianın tez-tez başlıqlara çıxardığı həmin o «qırmızı xətt» təkcə hakimiyyət üçün deyil, hamı üçün var. Onu keçənlərin çox vaxt geriyə yolu kəsilir. Söz ikimənalı çıxdı, deyəsən. Mən onun birinci mənasını nəzərdə tuturam.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 300