Paskal Mönye: «Qara siyahı»da olanlar Azərbaycana gəlsinlər, onda…»
Çox maraqlı olardı ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin «qara siyahı»da olan həmin şəxslər Azərbaycana gəlsinlər, insanları görsünlər, Dağlıq Qarabağ münaqişəsinin reallığını dərk etsinlər və başa düşsünlər ki, bu, əhali üçün çox vacib, həssas bir mövzudur. Onda həmin insanlarda birtərəfli deyil, balanslaşdırılmış fikir yaranacaq. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında bildirib.
Səfir Paskal Mönye rəsmi Bakının Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı açıqladığı siyahıda Fransa vətəndaşlarının adlarının olmasına münasibət bildirərkən deyib: «Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün çox həssas məsələ olduğunu bilirəm».
O bildirib ki, Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır: «Bəzi siyasətçilər ölkəyə (Ermənistana-red.) dəvət olunurlar və sonra həmin ölkə onları Dağlıq Qarabağa aparır. Mənim şəxsi fikrim belədir ki, «qara siyahı» həmişə narazılığın siqnalı olur. Çünki bu insanlar istəmədən, bilmədən Azərbaycanın ərazi bütövlüyünü pozublar. Amma düşünürəm ki, ən yaxşı yol hər zaman mübadilələr olub».
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin «arzuolunmaz şəxslər» siyahısına 331 nəfərin adı daxil olunub.
Səfir deyib ki, Fransa Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına xüsusi hazırlıq görür və bununla bağlı istifadəyə veriləcək Olimpiya stadionunun açılışına Mişel Platininin də gələcəyi nəzərdə tutulub.
P.Mönye deyib ki, Azərbaycanda diplomat kimi fəaliyyət göstərdiyi müddətdə Bakının surətli inkişafının şahidi olub. Onun sözlərinə görə, bu gün paytaxt Bakı Tokionu xatırladır: «Avropa Olimpiya Oyunlarına Bakının uğurla ev sahibliyi edəcəyinə əminik. Azərbaycan çox ambisiyaları olan ölkədir. Eyni zamanda, Azərbaycan Xəzər bölgəsində stabilliyi qoruyub saxlayan bir ölkədir. Burada digər millətlərin nümayəndələri də yaşayır və ölkə böyük qonaqpərvərlik ənənələrinə malikdir».
Diplomat deyib ki, bu tədbirin təşkilində məqsəd təcrübə mübadiləsi aparmaqdır: «Azərbaycan Eurovision mahnı müsabiqəsində uğur qazandı. Amma bu sadəcə mahnı müsabiqəsi idi. Avropa Olimpiya Oyunları daha vacib bir tədbirdir».
P.Mönye deyib ki, əldə edilmiş nailiyyətlərlə bağlı həllini gözləyən bir sıra məsələlər də var və onların həlli vacibdir: «Dünən mən bir müddət tıxacda qaldım. Ona görə hesab edirəm ki, nəqliyyat və bir sıra digər məsəslələr var ki, onlarla bağlı razılığa gələ biləcəyimizə inanıram».