Parlamenti internet portallarında təhqir və böhtan atanlara cəzanı sərtləşdirdi
Parlament internet portallarında təhqir və böhtan atanlara qarşı cəzaların sərtləşdirilməsini qəbul etdi. Bu günkü iclasda CM-yə təklif olunan dəyişikliklərə əsasən, internet portallarında da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək.
MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, CM-nin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq.
Bu qanun pozuntusuna görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Birinci vitse-spiker Ziyafət Əsgərov çıxışında deyib ki, Avropanın cəmi bir neçə ölkəsində Diffamasiya haqqında qanun var:
«Diffamasiya haqqında» qanun bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Elə yaxşı qanundursa, Avropa bizə nümunə göstərsin. Sadəcə bizə bunu təklif ediblər. Amma mənim fikrimcə, Azərbaycan cəmiyyəti buna hazır deyil».
Qüdrət Həsənquliyev isə internetdə böhtan və təhqirə görə məsuliyyətin artırılmasını anlaşılmaz adlandırıb:
«Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq diffamasiya ilə bağlı qanunu qəbul edə, CM-nin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik».
Spiker Oqtay Əsədov çıxışında deyib ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər xəbərdaredici xarakter daşıyır və bəzi insanları tərbiyyəyə səsləyir:
«Məcəllələrə dəyişikliklərin əsas məğzi internetdə yazı dərc edənləri mədəniyyətə çağırışdır».