Parlamentdə qalmaqal: İqbal Ağazadə salonu tərk etdi
Milli Məclisin dünənki plenar iclasında qalmaqal yaşandı. İclasın gündəliyi müzakirə olunarkən I vitse-spiker Ziyafət Əsgərovla deputat İqbal Ağazadə arasında mübahisə düşdü. İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişiklik və Mərkəzi Seçki Komissiyası ilə bağlı etiraz xarakterli çıxış edirdi. O, ölkədə seçki komissiyalarına etimadın az olduğunu vurğulayaraq təklif etdi ki, parlament seçkilərində ən azı 1 faiz səs toplayan siyasi partiyalar da seçki komissiyalarının formalaşdırılmasında iştirak etsin. İqbal Ağazadə müxalifətçilərin çıxışlarının telekanallarda verilməməsinə də toxundu. Ümid Partiyasının sədri sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişiklik edilməsini də vacib sayıb.
İqbal Ağazadə danışarkən mikrofonu söndürüldü. İclasa sədrlik edən Ziyafət Əsgərov ümumi razılıq əsasında çıxış üçün beş dəqiqə ayırıldığını xatırlatdı. Bununla razılşamayan İqbal Ağazadə isə mikrofonu söndürülsə də, çıxışına davam edirdi və mikrofonun yandırılmasını istədi. Ziyafət Əsgərov isə bu tələbi cavabsız qoydu. Vitse-spiker İqbal Ağazadəyə xatırlatdı ki, onun çıxışı üçün ayrılmış 5 dəqiqə bitdiyinə görə sözü yarıda kəsilib. İqbal Ağazadə isə çıxışının yarıda kəsilməsinə etiraz edərək, 5 dəqiqə yox, 10 dəqiqə danışmaq istədiyini bildirib.
Bunun əvəzində I vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Milli Məclisin qərarı ilə çıxış üçün 5 dəqiqə müəyyənləşib. Çıxışının kəsilməsindən qəzəblənən İqbal Ağazadə deyib ki, Daxili Nizamnaməyə görə, deputat 10 dəqiqə danışa bilər.
Mənim çıxış etmək imkanımı, xahiş edirəm, təmin edəsiniz». Lakin Ziyafət Əsgərov İqbal Ağazadənin bu sözünə əhəmiyyət verməyərək, bildirib ki, Məclisin qərarına hörmətlə yanaşmaq lazımdır. Bu isə İqbal Ağazadəni hiddətləndirdi. O, yüksək tonlu səslə «mənim hüquqlarımı niyə pozursunuz? Niyə məni məcbur edirsiniz ki, sizinlə başqa cür danışım. Mənim 5 dəqiqəlik hüququmu təmin edin» deyə bildirib.
Ziyafət Əsgərov yenə bu sözlərə məhəl qoymayaraq digər çıxışçı — Sabir Rüstəmxanlıya söz verib. Sabir Rüstəmxanlı çıxışını başlamaq istəyərkən İqbal Ağazadə yerindən yüksək tonlu səslə dedi ki, «Sabir bəy, siz Vətəndaş Həmrəyliyi Partiyasının sədrisiniz. Mən xahiş edirəm, tələb edin ki, mənim 5 dəqiqəlik hüququma hörmət edilsin. Mənim danışmağıma imkan yaradın».
Bundan sonra Ziyafət Əsgərov yenidən Sabir Rüstəmxanlıya üz tutaraq «Sabir müəllim, siz çıxışınızı davam edin» dedi.
Ancaq İqbal Ağazadə səs-küy salmaqda davam edirdi. Belədə Sabir Rüstəmxanlı Ziyafət Əsgərova xitabən «xahiş edirəm, bu mübahisəni bitirin, mən çıxışıma davam etmək istəyirəm», — dedi.
Ziyafət Əsgərov isə qeyd edib ki, Məclisin qərarı var: «Çıxışlar üçün 5 dəqiqə ayrılıb və siz çıxışınıza davam edin».
Bundan sonra mübahisə bir qədər də böyüdü. Son nəticədə İqbal Ağazadə əsəbi şəkildə iclas zalını tərk etməli oldu.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mövzunu davam etdirməli oldu. Bir sıra müxalifətçilərin seçki komissiyalarının yenidən təşkil edilməsi ilə bağlı tələblərini tənqid edən deputat buna ehtiyac olmadığını dedi. «Seçki komissiyalarının dəyişdirilməsinə, yenidən təşkil edilməsinə heç bir ehtiyac yoxdur. Əhali sizə səs vermir. Nə edək? Bunun üçün seçki komissiyalarını hər dəfə dəyişməyə lüzum yoxdur».
YAP-çı deputatın sözlərinə görə, Azərbaycanda normal seçki təcrübəsi mövcuddur. «Kim səs yığa bilmirsə, bu, seçki komissiyalarının günahı deyil».
O, eyni zamanda seçki təbliğatı üçün kampaniya müddətinin az olması ilə bağlı iradları qəbul olunmaz saydı.